gelin-toya-hazirliq

Təzə gəlinin xoşbəxtliyi…

Baxış sayı: 1. 399

İllər əvvəl tələbə yoldaşımın dediyi sözlər hələ də yadımdadır: “Rusetdən gəlib, əzrayıl kimi kəndin ən gözəl qızlarını alıb, bədbəxt edirlər”.

Vüqar əbəs yerə demirdi. Qəzəbində də haqlı idi. Rusiyaya pul qazanmağa gedən gənclər həyatlarını da orda qurur, rusla evlənir, ailə sahibi olurdular. Bir də xəbər tuturduq ki, filankəsin ikinci oğlu dünyaya gəlib. Hətta bəziləri evə arvad-uşağının fotosunu da göndərirdi. Bir-ikisinin rəsmini mən də görmüşəm. Beləcə xəbər bütün kəndə yayılır, hamı da bilirdi ki, Həsənin oğlunun Moskvada ailəsi var.

Qəribə də olsa, rusla evli olan oğlanlar rayonda hələ də subay sayılırdı. Ailəli olduğunu bilə-bilə anası yenə də oğluna qız axtarır, elçi gedir, toy tədarükü görürdü. “Rusdan arvad olmaz”, – deyib, nə Nataşanı gəlin qəbul edir, nə də ondan olan uşaqları nəvə sayırdı. Hələ bir minnət də qoyurdu ki, oğlum rusu arvad gözündə görmür ha, “prapiska” üçün evlənib. Hamı da bu səbəbi normal qəbul edir, kimsə “Ruset oğlanı”na gözün üstə qaşın var demirdi. Niyə də desin? Onlar kasıb ailələr üçün varlı kürəkən namizədləri idi. Kənddə yaşayan Kərim ha edib, bir inək alanadək, Moskvadan Vahidin göndərdiyi pula atası ona ikimərtəbəli ev tikirdi. Demək olar ki, rayonda ən yaraşıqlı evlər oğlu Rusetdə işləyən ailələrə məxsus idi. Qərib eldən gələn pul, qır-qızıl qızların da gözünü örtür, bəyin evli olub-olmamağı çoxunu maraqlandırmırdı. Rusiyada rəsmi nikahda olan bəylər bizimkilərlə evlənəndə ancaq dini kəbin kəsdirirdi. Qaynata kürəkənin Tanyaya “zanit” olduğunu bildiyi üçün “zaqs” tələb etmir, toyla kifayətlənirdi.

Təzə gəlinin xoşbəxtliyi isə ən çox üç ay çəkirdi. Əksəri bir ay sonra arvadını kənddə qoyub, yenidən Rusiyaya qayıdır, bayramdan bayrama gəlirdi. Yarıdul gəlinlərin həyatı ərin yolunu gözləməklə keçirdi.

Yazımın əvvəlində Vüqarın da dediyi kimi 16-17 yaşlı ən gözəl qızlar beləcə bədbəxt olur, xoşbəxtliyin nə olduğunu bilmədən qaynata evində qocalırdı.

Elə tələbə yoldaşımın da sevdiyi qızı bir rusetli əlindən almışdı. Vüqar ali təhsilini başa vurandan sonra Leyla ilə evlənmək istəyirdi. Hətta elçi də göndərmişdi. Sevgilisinin atası “Oğlun hələ oxusun, sonrasına baxarıq” cavabı ilə Vüqarın anasını yola salıb, Moskva bazarında meyvə-tərəvəz satan digər namizədə qızı nişanlamışdı. Dördüncü kursda oxuyanda Vüqardan Leyla barədə soruşdum. Dedi, əri toydan getdiyidir, iki ildir gəlmir.

Leyla ilə eyni aqibəti yaşayan yüzlərlə gəlin var. Ən dəhşətlisi də odur ki, nəticənin belə olacağını bilə-bilə yenə də qızlarını Rusetdə yaşayan bəylərə ərə verirlər. Demirəm ki, bu qəbildən olan bütün nikahlar uğursuzdur. Toydan sonra ailəsini özü ilə Rusiyaya aparan, yaxşı ər və ata olan, xoşbəxt ailə quran kişilər də var. Bunun üçün valideynlər elçi düşən namizədi ciddi araşdırmalı, zəruri şərtlər irəli sürməli, dövlət nikahı tələb etməlidir. Hər qapını döyənə gözüyumulu qız verəndə, axırı da Leyla kimi olur.

İstisnalar olsa da, rusetliyə ərə gedən qadınların çoxunun taleyi yazdığım kimidir. Hətta qat-qat çətin ömür sürənləri də var. Məsələn, qonşum Nuridənin anası kimi. Firuzə xala indi də başına gələnləri danışanda göz yaşına boğulur, “Övladlarımı görmədiyim 15 ili mən yaşamadım, hər dəqiqəsində yanıb kül oldum”, – deyir. Tahir əmi bir anaya edilə biləcək ən ağır işgəncəni arvadına yaşadıb: 7 yaşlı qızını və 5 yaşlı oğlunu Firuzə xalanın bağrından qoparıb, özü ilə Rusiyaya aparıb. Nuridənin atasını qınamağa tələsməyin, bir azdan öyrənəcəksiniz ki, əslində o, özü də “camaat nə deyər” düşüncəsinin qurbanı olub.

Tahir orta məktəbi bitirən kimi əmisinə qoşulub, Moskvaya gedir. Çalışqan və ticarəti yaxşı bacardığı üçün cəmi bir neçə ilə özünə mağaza açır. Ardınca kafe, restoran və başqa obyektlər satın alır. Beləcə, imkanlı bir iş adamına çevrilir. Dəfələrlə anası kəndə gəlib evlənməyini istəsə də, geri qayıtmayacağını, həyatına Rusiyada davam edəcəyini bildirir. Belə də edir. Yelena adlı rus xanımla ailə qurur. Rəsmi nikahla evləndiyini, bir oğlu doğulduğunu xəbər verəndə valideynləri şiddətlə qarşı çıxır, rusu boşamağını tələb edir. Yelenaya böyük sevgi ilə bağlı olan Tahir anasının ürəyini yumşaltmaq üçün arvadını və oğlunu da götürüb, kəndə gəlir. Nə qədər çalışsa da, anası nə gəlini, nə də nəvəni qəbul edir. Kor-peşman Rusiyaya qayıdan Tahir bir daha Vətənə dönməyəcəyini deyir. Oğlunu tamam itirməkdən qorxan ana yalnız bir şərtlə Yelenanı qəbul edəcəyini söyləyir:

“Arvadın əvvəl-axır səni atacaq. İndi cavansan, qocalmağın da var. Ruslarda ərə qulluq etmək yoxdur. Yaxşısı budur, gələcəyin üçün bir qız da kənddən al, burda bizim yanımızda qalsın. Nə vaxt rayona qayıtsan, bil ki, kənddə arvad-uşağın var”.

Tahiri o qədər cana yığırlar ki, axırda anası ilə razılaşır. Rusetdə evli olduğunu Firuzənin ailəsindən gizlədib, toy edirlər. Bir həftə keçməmiş təzə bəy çantasını yığıb, Moskvaya uçur. Ərini pul qazanmağa yola salan Firuzə 9 ay sonra ilk övladını – Nuridəni qucağına alır. Tahir bir də 2 il sonra rayona qayıdır. Bayramı keçirəndən sonra yenə Yelenanın yanına dönür. İkinci övladına hamilə qalan gəlin oğlu Səmədi dünyaya gətirir.

Nuridə birinci sinfə gedəndə nənəsi oğlunu məcbur edir ki, bir neçə günlük də olsa, kəndə dönüb, ailəsinə baş çəksin. Gəlib övladlarını görəndə sonra Tahir onlardan ayrılmaq istəmir. Firuzəyə deyir ki, mən uşaqlarımın kənddə deyil, şəhərdə yaşamağını, yaxşı şəraitdə böyüməyini istəyirəm: “Palçıqlı kənddə qalıb kim olacaqlar? Nə qız oxuyacaq, nə də oğlan. Mən onlara yaxşı təhsil verə bilərəm. Moskvada qalsalar, gələcəkləri də parlaq olar”.

Firuzə nə qədər ağlayıb, yalvar-yaxar etsə də, əri dediyindən dönmür. Əvvəl oğlunu, bir il sonra isə qızını aparır. Nuridə danışır ki, anam hər axşam qardaşımın paltarlarını qoxulayıb ağlayırdı.

Moskvada Nuridə və qardaşına Yelena baxır.

– Allah var, yalan deyə bilmərəm. Yelena mama bizə pis baxmırdı. Yeməyimizi verir, pal-paltarımızı yuyur, qulluğumuzda dayanırdı. Amma bunu sevgidən yox, atamdan çəkindiyi üçün edirdi. Bizi bir dəfə də öpüb qucaqlamaz, nəvaziş göstərməzdi. Təminatlı, amma ana sevgisi görmədən böyüdüm. Kənddən çıxanda 8 yaşım vardı. İlk günlər anam üçün hədsiz darıxsam da, yavaş-yavaş yeni ailəmə öyrənməyə başladım. Yadımdadır, bir də 11 yaşımda atam bizi kəndə apardı. Anamın qabağımıza yüyürməyi hələ də gözümün önündədir. İkimizi də qucaqlayıb, hönkür-hönkür ağladı. Sonra saçımızdan tutmuş ayaqlarımızadək öpməyə başladı.

Amma bu görüş qısa çəkir. Cəmi 2 həftə sonra Tahir yenə də uşaqları özü ilə Rusiyaya aparır.

– Anam bizə kənddən “pasılka” göndərirdi. Mer-meyvə, bir də özünün toxuduğu paltarlar olurdu. Bizi görmədiyi üçün hördüyü geyimlər əynimizə ya böyük, ya da balaca gəlirdi. Qardaşımla məni öz anamdan soyutmuşdular. Artıq kənd üçün darıxmırdıq. Mən orta və ali məktəbi Moskvada bitirdim. Hərdən düşünürəm ki, kənddə qalsaydım, yəqin ki, oxumaz, 15 yaşım olan kimi məni də ərə verərdilər.

Uzun illər övlad həsrəti ilə yanan Firuzə elə qayınatasının evində qocalır. Nuridənin 23 yaşı olanda atası yol qəzasına düşür. Vəziyyəti ağır olduğu üçün rayona qayıtmaq, öz torpağında ölmək istəyir. Tahir son nəfəsində Firuzədən ona halallıq verməyini xahiş edir:

“Uşaqlara yaxşı gələcək vermək istədim, amma sənə çox zülm edim. Məni bağışla! Kaş kənddə evlənib, səni bədbəxt eləməzdim”.

Əri öləndən sonra Yelena Nuridə və qardaşına baxmaq istəmir, onları kəndə geri göndərir. Anaları ilə qovuşan uşaqlar uzun müddət rayonda qalmır. Qardaşı yenidən Rusiyaya qayıdır, Nuridə isə ailə qurub, Bakıya köçür.

– Atası qızımı bir günlük rayona apardı. Səhərədək uşaq üçün darıxıb ağladım. Yalnız o an anamın bizim üçün nələr çəkdiyini anladım. Səhər açılan kimi zəng edib, “Mən bir gün qızımla ayrılığa dözə bilmirəm, sən 15 il bala həsrətinə necə dayandın?” – soruşdum. Ağlayaraq, “Siz gedən gündən mən yaşamadım”, – dedi.

Firuzə xala hələ də kənddə yaşayır. Yenə də təkdir, iki övladı da yanında deyil. Nuridə dəfələrlə anasının Bakıya köçməyini istəsə də, o, gəlmir. Sanki alışdığı yalnızlıqdan kənara çıxmaq istəmir. Bəzən insan öz dərdinə o qədər qarışır ki, elə dərdlə də sovrulub yoxa çıxır. Bəxtsiz gəlinlərin yaşamadan bitən ömürləri kimi…

 

Könül Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir