Ali Sunal

“Şaban”ın aktyor oğlu:”Mənim üçün ən böyük üstünlük və uğur Kamal Sunalın kölgəsində olmaqdır”.

Baxış sayı: 1. 210

Türkiyənin “Miliyyət” qəzetindən Tülay Demir məşhur aktyor Ali Sunal ilə görüşüb. 4 oktyabrda tamaşaçılara təqdim olunacaq “Hareket sekiz” filmindən danışan aktyor, müsahibəsində şəxsi həyatından da bəhs edib. Qeyd edib ki, yeni filmdə simit satıcısı obrazını canlandırıb. Məşhur aktyor çəkiliş meydançasında yerli vətəndaşların onu tanımadığını, həqiqətən bir satıcı rolunun öhdəsindən peşəkarcasına gəldiyini iddia edərək, insanların, canlandırdığı obraza inanıb simit aldığını da dilə gətirib.

 

– Əli bəy, bu aralar həyatınızda bir neçə hadisə ard-arda yaşanır.  Bir ay əvvəl ata oldunuz. Gələn ay yeni filminiz kinoteatrlarda nümayiş olunacaq, layihə rəhbəri olduğunuz “Güldür, güldür show” yeni mövsümə başladı. Söhbətə hardan başlayaq?

– Əslində bunların hamısı gözəl hisslərdir və mən xoşbəxt insanam.

 

– O zaman belə başlayaq. Nəyə görə, müsahibə üçün Fənərbaxçanı seçdiniz? Qızınıza daha yaxın bir məkan olduğu üçün?

– Mümkün olduğu qədər qızıma yaxın olmaq istəyirəm. Bir köməkçimiz var, o da bu gün icazə alıb. Qızmı anası ilə çox da baş-başa buraxmaq istəmirəm.

– Niyə?

– Bilmirəm inanarsınız, yoxsa yox, hesab edirəm ki, yoldaşıma bir köməyim toxunur.

 

– Kömək deyəndə nəyi nəzərdə tutursunuz?

– Misal üçün, o, mənə “bunu götür, pampersi gətir, bunu et” deyir və beləliklə, mən də ona kömək etmiş oluram. Bir də sizin qeyd etdiyiniz kimi, bu aralar çox məşğulam. Vaxtımı başqa işlərə sərf etməməyə çalışıram ki, qızımı çox görüm.

 

– İlk dəfədir atalıq həyəcanı  yaşayırsınız. Ata olmaq necə bir duyğudur?

– Çox gözəl duyğudur. O doğuldu, yoxsa bizmi dünyaya gəldik, bunu tam dəqiq bilmirəm. Onsuz da mən ata olmağı çox istəyirdim, hətta bu missiyanı yerinə yetirmək üçün gecikmişdim.

 

– Qızınızı ilk gördüyünüz anı necə xatırlayırsınız?

– Doğum anında həyat yoldaşımın yanında idim. Çox qəribə idi, insan fərqli hisslər yaşayır. Sanki bir film göstərirlər və sən də oturub filmə baxırsan, möcüzə kimi. Bu sevgi inanılmazdır.

– Həmin an “İnstagram” səhifənizdə sevincinizi paylaşmışdınız. Orada atanız Kamal Sunalı xatırlamanız insanlara təsir etmişdi.

– Kemal Sunalın atam olması bir yana, mən onun pərəstişkarıyam. Bir dəfə qızım Narinə baxanda yoldaşıma dedim ki, bu qız Kemal Sunalın nəvəsidir. O məşhur insanın nəvəsi hazırda bizim qucağımızdadır.

 

– Ata olmaq sizə çox yaraşır.

– Təşəkkür edirəm. Hazırda onun yuxuya getməsi, qazının çıxarılması dönəmində olsaq da, mən ata olaraq iməkləmək ərəfəsindəyəm.

 

– Müşahidələrimə əsasən deyə bilərəm ki, sənətdə uğur qazanan  valideynlərin övladları bu sahədə o qədər də uğurlu olmurlar. Bəlkə də onlarla eyni işi görməyə məcbur olduqları halda, eyni bacarığa sahib olmadığı üçün uğur qazanmırlar. Ancaq siz istisnalıq təşkil edirsiniz.

– Əslində, mən bu müşahidələri heç də doğru hesab etmirəm. Çünki biz bu hadisəyə 3-5 uğurlu adamın övladından baxaraq yanaşırıq. Vəziyyəti, sadəcə, göz önündə olan insanlarla dəyərləndiririk. Onlar uğurlu olmadıqda, ortaya belə bir görüntü çıxır.

 

– Yenə də Kamal Sunal kimi dahi bir sənətkarın adının kölgəsində qala bilərdiniz.

– Mən uğurlu aktyorammı? Qarşıma qoyduğum hədəflərə, gəldiyim zirvəyə baxanda, mənə görə uğurluyam, həyatımı öz istədiyim kimi yaşayıram, ən azından, belə bir üstünlüyüm var. Amma təbii ki, qarşıma Kemal Sunalı qoysanız, o zaman özümə “Uğurluyammı?” sualını versəm, təbii ki, “onun qədər deyiləm” cavabını alacaqsınız.

– Atanızın getdiyi yol və cığırla getmədiniz.

– “Onun kölgəsində qalmamaq üçün öz yolunu bəlirlədim və başqa bir karyera qurdum” kimi sərt ifadə işlətmək istəmirəm. Mənim üçün ən böyük üstünlük və uğur Kemal Sunalın kölgəsində olmaqdır. Çünki çinarın altına girəndə sərinləyərsiniz və o sizi qoruyur, sərinləşdirir. Atamın yolunu davam etdirmək də onun kimi bir şeydir. Mən qoca bir çinarın kölgəsindəyəm.

 

– Amma hər gün yeni layihələrdə rol aldınız və o kölgə ilə kifayətlənmədiniz.

– Bəli, mənim maraq dairələrim, hədəflərim tamam başqa idi. Bir komediya proqrammı hazırladıq, orada insanlara fərqli tamaşalar göstərdik.

 

– “Güldür, güldür show” öz sahəsində bir ilk idi.

– Gördüyüm işin bir orijinallığı olmalıdır. Yoxsa mənim gördüyüm bu iş lazımsız olardı. Atamdan öyrəndiyim bir şey var, o da səmimiyyətdir. Tamaşaçı ilə aramızda çox səmimi bir elektrik var.

 

– Proqramı izləyərkən çox gülürəm.

– Buna çox məmnunam, mən də çox gülürəm. Atamı itirdikdən sonra onun filmlərini izləyə bilmirdim. Üstəlik, bu zamana qədər ən çox güldüyüm şey Kemal Sunalın filmləri idi. O filmləri izləyə bilmədiyim üçün gülmürdüm. Həmin boşluğu bu layihə ilə doldurmağa çalışıram.

 

– Gələk yeni filminizə. Uzun bir fasilədən sonra “Hareket sekiz” ilə tamaşaçılarla görüşdünüz.

– İşlərimin çoxluğundan, film çəkilişləri hər zaman ikinci planda qalıb. Ancaq əslində filmdə rol almaq mənim üçün böyük zövqdür. Ona görə də, böyük bir aclıqla film çəkməyə davam edirəm və edəcəyəm də.

 

– Filmin çəkilişləri necə keçdi?

– Çəkiliş prosesində o qədər güldük ki, o ara filmi necə çəkdiyimizin belə fərqinə varmadım. Allah bu layihəni mənə gətirən insanlardan razı olsun. Ömrümə ömür qatdılar.

– Film nədən bəhs edir?

– Filmdə bir mənfi qəhrəman var və o, dünyanı lərzəyə gətirən bir işi araşdırır. O işin qarşısını almaq üçün bir-birindən bacarıqsız, şansız 3 polis seçilir. O üç adama “dünyanı xilas etmək” işi tapşırılır.

 

– Bəs siz filmdə necə bir xarakteri canlandırırsınız?

– Mən orada Bünyaminəm. Dünyanı xilas edəcək qrupun lideriyəm. Bünyamin bədbəxt, heç vaxt işini, sevgisini, evlilik həyatını yoluna qoya bilməyən, həyatın içində mənasız həyat tərzi keçirən bir adamdır. Filmin özü çox maraqlı və gülməli komediyadır.  Bizim film olduğuna görə demirəm, çox örnək bir filmdir. Bu layihəyə çox inanaraq başladıq və gözlədiyimizdən də maraqlı çıxdı. Tamaşaçı bu filmin ikinci hissəsini mütləq istəyəcək.

 

– Filmin çəkilişləri şəhərin ən qaynar nöqtəsi olan Qalata qalası ətrafında  baş tutdu və insanların sıx yerləşdiyi bu ərazidə film çəkməyin yəqin ki, çətinlik törədən tərəfləri də olub.

– Uzun müddətdir ki, belə bir şey etmirdim. Biz məlum səbəblərdən studiyalarda çalışırıq. İşimiz səhnə ilə bağlıdır. Çəkiliş üçün Qalata qalasının çevrəsinin seçilməsi də maraqlıdır. Həqiqətən də çox qaynar bir nöqtədir. Mənim obrazım orada gizli polis olaraq simit satıcısı kimi çalışmaq idi.

 

– Sizi tanıyıb yanınıza gələnlər oldumu?

– Əksinə, insanlar anlamadılar ki, burada film çəkilir və sizə deyim ki, orada xeyli simit satdım. Xalalar, bibilər məndən simit istədilər və alıb getdilər. Heç kim demədi ki, bu insan aktyordur və biz bunu haradasa görmüşük. Açığı, onların yerində olsam, mən də demərəm. Ac olanda qarşına kim çıxırsa çıxsın, satıcısının kim olmasının heç bir önəmi yoxdur.

 

– Əslində məsələ heç də aclıq deyil. Sizin simit sata biləcəyiniz heç kimin ağlına gəlməyib.

–  Bir insan çox ac olanda ona simiti kimin satdığını heç bir önəmi yoxdur. Qeyd edim ki, çəkiliş prosesi zamanı da xeyli simit satdım. O simit arabasının sahibindən gərək gəlirin müəyyən hissəsini alaydım. Burdan ona səslənirəm, satdığım simitlərin pulunu geri qaytar (gülür).

 

– Çəkilişin aqibəti necə oldu?

– İnsanların sıx toplaşdığı o ərazidə çəkilişləri tamamladıq və sonradan izlədikdə çox bəyəndim. Bizim çəkdiyimiz bölümlərdə daim hərəkət var, aktyor qaçır, şəhəri 4 fırlanır. Bax o səhnələrdə İstanbulun 7 təpə üzərində olduğunu yaxından görmüş oluruq. Çəkilişdən sonra baxıram ki, xeyli qaçmışıq və ciddi şəkildə idman etmişik.

 

– Çoxmu əziyyət çəkdiniz?

– Şalvarıma qədər su olmuşdum. Zarafat bir yana, həqiqətən çox yorucu idi. Heç bir aktyor dostuma İstanbulda qaçıb-qovalama səhnəsi tövsiyə etmirəm. Keçi kimi idik. Bir yuxarı, bir aşağı qaçırdıq. Öndə qaçan insan akrobat idi, onun heç nə vecinə deyildi, düz divarlara, dağa-daşa dırmaşırdı. Bizim arxada nələr yaşadığımızı isə heç kim bilmirdi.

 

– Yer aldığınız hər bir layihədə üzümüzü güldürürsünüz. Bəs siz kimlərə gülürsünüz?

– “Güldür, güldür show” komandasına. Hazırda mənim favorim onlardır. Bu komanda Türkiyənin güldürmə mövzusunda ən yaxşı kollektividir. Komanda artıq maşın kimi işləyir, insanları güldürməsə, əl çəkmir.

 

– Şou zamanı arada “Bir də belə oynayın baxaq” deyə müdaxilələr edirsiniz.

– Bir-birimizi yaxşı tanıdığımız üçün arada belə zarafatlar edirik.

 

– Ancaq tamaşaçı elə qəbul edir ki, bu, öncədən hazırlanmış ssenaridir.

– Aktyorlar həqiqətən sonu düşünmədən hərəkət edirlər. Günahı, savabı ilə oynayırlar. Tamaşaçı da bunu çox sevir, sahib çıxır. Artıq biz 10-cu mövsümdür ki, tamaşaçının görüşünə gəlirik.

 

Tərcümə etdi: Xəyalə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir