Son vaxtlar sosial şəbəkədə, işdə, ailə-dost məclislərində tez-tez eşitdiyim bir ifadə var: “Gənclər nə istəyir?”
Açığı, bu məsələ Azərbaycan Respublikası qanunlarına görə, gəncliyinin bitməsinə 1 il qalmış bir gənc kimi məni də düşündürür.
Bəli, axı biz nə istəyirik?
Deyəsən, sevilmək və təqdir edilmək… Elə buna görədir ki, gənclərin çoxu məşhurluğa can atır. Əlbəttə, məşhur olmaq pis bir şey deyil. Amma necə məşhur olmaq? Əsas məsələ budur! Bu gün gənclərin çoxu məşhur olmaq istəyir, bəziləri hətta bunu bacarıb da. Amma hansı yol ilə? Hansısa elmi nailiyyət, idmanla, şahmatla yox, Tik-Tok çəkərək… Yəqin ki, Tik-Tok-un nə olduğunu hazırda bilməyən yoxdur. Amma yenə də bəlkə bir nəfər bilməyən olar deyə Tik-Tok platorması haqda qısa məlumat da verim.
Tik-Tok istifadəçilərə video çəkmək, mahnı oxumaq, canlı yayım açmaq və sair kimi bir neçə funksiya ilə xidmət göstərir. Bəs, bu platformanın dünyada bu qədər məşhur olmasının səbəbi nədir? Səbəb çox sadədir: bu platforma insanları məşhur edir! Endi Uorhol necə demişdi? “Bir gün hər kəs 15 dəqiqəliyinə də olsa məşhur olacaq”. Gənclər də sanki bu sözün ucundan tutaraq, məşhurluğun, bir sözlə Tik-Tok-un və bayağılığın ardınca getdilər…
Bu gün adıkeçən platformada hər cür qeyri-etik hərəkətə rast gəlmək olur. Mahnı oxuyan kim, rəqs edən kim, atası ilə anası evdə dalaşanda videoya çəkən kim, narkotik maddə təbliğ edən kim, hələ övladını guya “zarafata” satışa çıxaranlar kim. Gənclərin isə böyük qismi bu platformada məşhur olmağa çalışır. Səbəb nədir bəs? Daha çox sevilmək? Daha varlı olmaq? Yoxsa rahat yoldan pul qazanmaq?
Çox yox, 2-3 gün əvvəl Nihat Mütəllimov adlı blogger Tik-Tok-dakı 15 dəqiqəlik canlı yayımında 7 min dollar qazanıb. Təbii ki, özünü təkminləşdirməmiş gənc bu xəbəri eşidəndə sevincdən uçur və düşünür “Necə edim ki, mən də onun kimi olum?” Bu gün iki dəfə makyaj edib paylaşan qız, video çəkib dombalaq aşan oğlan yüzlərlə, minlərlə manat pul qazanır… Bunu görən başqa gənc də fikirləşir ki, neynirəm oxumağı, universitetə girməyi, iş axtarmağı, sonra illərlə az məvacibə səhərdən axşama kimi işləməyi? Ondansa gedim dombalaq aşım, canlı yayım açıb həm məşhurlaşım, həm hamı məni sevsin, həm də belə rahat üsulla pul qazanım.
Əslində, uşaqları bu mənasız və əziyyətsiz həyat istəyindən qurtarmaq mümkündür. İndi bu yazını oxuyan valideynin “Necə?” dediyini hiss edirəm.
Övladları bu kimi həvəslərdən təkcə dövlət və ya məktəb, universitet çəkindirməli deyil. Gələcəyimizin yaxşı olmağı üçün gənclərə dəyər verməliyik. Bahalı telefonlar, planşetlər, pleysteyşnlər almadan əvvəl onlarla danışılmalı, əsl sevgi göstərməlidir. Çünki bahalı hədiyyələr əsl sevgi deyil.
Biz gənclər isə sadəcə və sadəcə əsl sevgi istəyirik!
Dilarə Zamanova