yemeye ne var

Toyuq qutabı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 614

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə toyuq qutabının hazırlanma qaydasından danışacağıq.

 

Tərkibi:

Toyuq əti: 400 qram

Quru soğan: 2 baş

Nar: 40 qram və ya lavaşana: 20 qram

Buğda unu: təqribən 440 qram

Yaq: 100 qram

Duz

Qara istiot

Sumaq

Darçın

 

Hazırlanması:

Toyuq qutabı hazırlamaq üçün əvvəlcə un ələnir. Unu ələməklə həm unun içərisindəki yad cisimləri təmizlənir, həm də un hava alaraq xəmirin və qutabın daha yaxşı olmasına şərait yaradılır.

Unu ələdikdən sonra su və duz qarışdırılır və xəmir yoğrulur. Xəmir biraz bərk olmalıdır. Yumşaq olmamalıdır. Bərk xəmir yoğrulduqdan sonra kiçik kündələrə ayrılır. Bu kiçik kündələrdən oxlov vasitəsi ilə yuxa yayılır. Yayılan yuxanın qalınlığı təqribən 1 millimetr ölçüsündə olur.

Yuxa yayılıb hazır olduqdan sonra hazır yuxamız yumru formada kəsilir. Səliqəli və asan kəsmək üçün yuxanın üzərinə bir boşqab qoyulur və bıçak vasitəsi ilə kəsilir. Bu şəkildə səliqəli və tam yumru yuxa əldə edilir.

Toyuq qutabi

Toyuq qutabı içliyin hazırlanması:

Qutab bişirərkən əsasən toyuğun bud hissəsindən istifadə olunur. Bunun səbəbi, bud ətinin daha yağlı olmasıdır.

Toyuq əti sümükdən təmizlənir. Bundan sonra təmizlənən toyuq əti tikələri ət çəkən maşından keçirdilərək qiymə hazırlanır. Bundan sonra soğan da ət çəkən maşından keçirilir. Çəkilmiş soğanla qiymə bir birinə yaxşıca qarışdırılır.

Hazırlanan bu toyuq budu əti qiyməsinin içərisinə nar dənələri və ya lavaşana əlavə edilir və onlar da qarışdırılır.

Toyuq qutabı hazırlanarkən əvvəlcə dairəvi formada kəsdiyimiz yuxa səliqə ilə masanın üzərinə sərilir. Toyuq ətindən hazırladığımız içlik yuxanın bir kənarından yarısına qədər səliqə və bərabərşəkilli olacaq şəkildə yayılır. Yuxanın boş hissəsi içlik olan hissənin üzərinə gələcək şəkildə qatlanır.

Kənarları bükülərək bir – birinə yapışdırılır. Aypara formasında qutab bişməyə hazırdır artıq.

İstəyə görə tavada qaynar isidilmiş yağda bişirilir və ya sacda yağsız olaraq bişirilir.

Qutab hazır olduqdan sonra süfrəyə isti – isti verilir. Bişən qutablar çox yüngül formada yağlanır və üzərinə sumaq səpilərək üst- üstə düzülür.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir