siqaret

Tütünün uşaq və yeniyetmə orqanizminə necə təsir edir?

Baxış sayı: 618

Siqaret çəkilməsi uşaq və yeniyetmə orqanizminə olduqca mənfi təsir göstərir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Gülnar Qasımzadə bu barədə məlumat verərək deyib: “Siqaretlə tanışlıq erkən yaşlardan başlayır və daha çox sosial, psixoloji və genetik amillərlə bağlıdır. Ailədə siqaret çəkən valideyn görən uşaq onu həyatın ayrılmaz bir hissəsi kimi qəbul edir. Təəssüflər olsun ki, uşaqlar 5 yaşa çatanda artıq siqaretin nə olduğunu anlayırlar. Onların bilmədikləri bir şey varsa, o da siqaretin necə çəkilməsidir. Əlverişli şərait yarananda onlar siqareti onu necə çəkməyi də sınaqdan keçirirlər. Valideyn uşağın yaşadığı evdə, onun qarşısında siqaret çəkirsə, verdiyi məsləhət və tövsiyənin də heç bir əhəmiyyəti olmayacaq. Yəni məsləhət verməkdən, çəkindirməkdənsə şəxsi nümunə olmaq daha yaxşı və təsirlidir. Məsələn, uşağı məktəbə aparan valideyn yolda və yaxud övladının dərsdən çıxmasını gözləyərkən siqaret çəkirsə, məktəbyaşlı uşaqların onun bu hərəkətini izləməsinin özü də tütünçəkməyə təşviq, onların beyninə impuls ötürülməsi deməkdir. Ona görə də həmişə həkim-pediatrlara tövsiyə edirik ki, uşaqlardan əvvəl valideynləri məlumatlandırmaq lazımdır. Bəzən valideynlər övladının yanında siqaret çəkmədiyini, çöldə-bayırda çəkdiyini və onun bu hərəkətini uşağın görmədiyini deyirlər. Lakin əslində məsələ uşağın siqaret çəkildiyini görüb-görməməsində deyil, onun sağlamlığındadır”.

Həkim-metodist daha sonra bildirib: “Sağlam qidalanma sağlam orqanizm deməkdir. Bu, hüceyrələrə, genetikaya, DNT quruluşuna təsir edir. Gen nəsildən-nəslə ötürülən şeydir. Əgər gen strukturu zərərli təsirlərə məruz qalan hüceyrələr əsasında qurulursa, onda demək olar ki, siqaret çəkmək və yaxud başqa bir zərərli vərdiş genetik olaraq ötürülür. Lakin biz bunu gözlə görmürük. Uşaq və ya yeniyetmə bir gün siqaretlə tanış olanda onun siqaretdən asılı hala düşməsi tezləşir, çünki onun genində bu var. Doğrudur, bu asılılığın genetik olaraq ötürülməsi tam təsdiq olunmasa da, onun genetik olaraq davam etməsi mümkündür. Ümumiyyətlə, uşaqlar elə varlıqdır ki, böyüklərdə nə görürsə, onu təkrarlamağa çalışır. Valideynin siqaret çəkdiyini görən uşaq ona daha tez meyil göstərir.

Siqaretin tərkibində 4 mindən çox kimyəvi maddə var və karbon monooksid, paladium, amonyak və s. ayrı-ayrılıqda orqanizmə zərərdir. Təsəvvür edin ki, həmin zərərli maddələr hamısı eyni anda yanır və həmin tüstü ilə insan nəfəs alır. Bunun necə ziyanlı olduğunu ifadə etməyin özü çətindir. Siqaret ağız boşluğuna daxil olur, qətran maddəsi diş və diş ətinə yapışır, mina qatını zədələyir, ağızda pis qoxu və mikrobların yaranmasına səbəb olur. Siqaret tüstüsü ilə nəfəs alanda isə burundakı sinirlər zədələnir, qoxubilmə zəifləməyə başlayır. Tüstü ağciyərlərə daxil olanda bronxit, emfizema, xroniki obstruktiv ağciyər xəstəlikləri kimi problemlər yaradır və həmin hava alviollara daxil olur. Alviollar ağciyərlərlə qan arasında qaz mübadiləsində iştirak edən hissəciklərdir. Alviollardan qana oksigen getmək əvəzinə karbon monooksid daxil olur və nəticədə qan zəhərlənir. Nəzərə alsaq ki, uşaqların beyin və daxili orqanları inkişaf dövründən keçir, oksigen çatışmazlığı, nəfəs darlığı kimi problemlər yaradır. İstər aktiv, istərsə də passiv siqaret çəkməyə məruz qalan uşaqların xəstəxanada şikayətləri daha çox ağciyərlər və onlarda yaranan infeksiya ilə əlaqədar olur. Tütün infeksion və qeyri-infeksion xəstəliklərin yaranmasında iştirak edir, şəkərli diabet, ürək-damar və digər xəstəliklərin yaranmasına aparıb çıxarır”.

Həkim-metodist siqaretin orqanizmə zərərli təsiri haqqında söhbətini belə yekunlaşdırıb: “Tütündən imtina edilməsinin yaşı və zamanı yoxdur. Hər kəs tütündən istənilən yaşda imtina edə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir