“Yaş böhranları” psixi funksiyaların davranış modellerinin, köhnə artıq ömrünü yaşamış münasibətlərin dağılması və yenilərinin formalaşmasının sürətlə inkişaf etdiyi bir dövrdür. Sabit dövrdə hiss olunmayan, yavaş-yavaş baş verən dəyişiklik, böhran dövründə uşağın şəxsiyyətində sıçrayışa bənzər dəyişikliklərlə, sınmalarla əvəz olunur. Təkcə ayrı-ayrı hisslər deyil, o bütövlüklə dəyişir.Böhran dövründə uşaqda nə baş verdiyini anlamaq çox vacibdir. Yaxınlarının onu başa düşməsi və dəstəyi böhranların daha sakit keçməsinə kömək edir.
1 yaşın böhranı – bu böhran körpəlikdən erkən uşaqlığa keçid mərhələsidir. Uşaq aktiv olaraq iməkləməyə, yeriməyə, ətraf aləmi öyrənməyə başlayır. Nəzərə alınmalıdır ki, bu dövrdə uşağın hər istəyinin həyata keçməməsi,öz valideynlərindən və digərlərindən tez-tez “olmaz” kəlməsini eşitməsi güclü emosional reaksiyanın, etirazın yaranmasına səbəb ola bilər. Böhran dövrlərində belə neqativ halların qarşısının alınması üçün həmin müddətdə valideynin vəzifəsi uşağa biraz müstəqillik vermək,daha səbrli olmaq,ən əsası isə dözüm nümayiş etdirməkdən ,bugün nəyə isə “olar” deyib,icazə verdiyinə sabah “olmaz” deyib ,qadağa qoymaq kimi halları aradan qaldırmaqdan ibarət olmalıdır. Əsas yenilik uşaq “nitqi”, başqa sözlə, avtonom nitqdir. Həmin nitq öz səslənməsi, mənası ilə böyüklərin nitqindən fərqlənir və çox vaxt uşaqla birlikdə yaşayanlar üçün aydın olur.
3 yaşın böhranı – uşağın həyatının ən çətin və dönüş anı hesab olunur.Bu isə uşağın yaş müstəqilliyi və aktivliyi ilə bağlıdır.Bu dövrdə də hər şey valideynin səbrindən və tez uyğunlaşmasından asılıdır. Əgər uşaqla münasibət qurmaq mümkün olmursa , onun təşəbbüsü böyüklərin rəğbətini qazanmırsa, tələb etdiyi müstəqilliyə nail ola bilmirsə, bu zaman böhran göstərciləri meydana çıxır.Neqativizm – böyüklərin onlardan istədiklərini etmirlər.İnadkarlıq – bu uşaq nəyi isə həddən artıq çox istəyir demək deyil, sadəcə olaraq, o , böyük adamın onun fikri ilə hesablaşmasını istəyir.Höcətlik – bu, erkən uşaqlıqda qurulmuş bütün münasibətlər sisteminə, ailədə qəbul olunmuş tərbiyə normalarına qarşı yönəlib.Uşağın müstəqil davranmağı öyrənməsi, əşyalarla manipulyasiya etməyi bacarması, həmçinin nitqə yiyələnərək aktiv danışmağa başlaması və ona deyilənləri başa düşməsi 3 yaş böhranının nəticəsidir.
Bu yaş dövründə böyüklərin dəstəyi çox vacibdir. Uşaqların bu dövrdə tənqidə kəskin reaksiya verdiklərini nəzərə alaraq onları nailiyyətlərinə görə tərifləmək, həmçinin nöqsanlarını çox yumşaq şəkildə nəzərlərinə çatdırmaq lazımdır.