suni qidalar

Uşaq qidalarının satışının nəzarətə götürülməsi nə dərəcədə realdır?

Baxış sayı: 1. 867
1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib. O, qeyd edib ki, bölgələrdə bu göstərici daha yüksəkdir. N.Quliyev bildirib ki, oktyabrın 1-ci həftəsi ərzində ana südü ilə qidalanma həftəsi keçiriləcək. Məqsəd ana südünü təbliğ etməkdir: “Ötən əsrin sonlarında ana südü ilə qidalanma fəlakətli həddə çatdığından, bununla bağlı maarifləndirmə işlərinə başlanıb. Bu gün istifadə olunan süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir”.
Bəs görəsən belə bir dəyişikliyin edilməsi nə dərəcədə realdır? Ümumiyyətlə, təklifin reallaşması effektli ola bilərmi?
“Xətai” klinikasının həkim-pediatrı Kənan Qarayev bildirdi k, təklifin reallaşdırılması əlaqədar qurumlardan asılıdır: “Hər bir uşağın doğulduğu gündən ana südü yeməsi çox vacibdir. Bunu bütün dünya həkimləri və eləcə də  yerli həkimlər tövsiyə edir. Ümumilikdə, bunun reallaşması bizim üçün  çox müsbət məqam olardı. Çünki belə bir vacib məsələnin  nəzarət altına alınması çox vacibdir. Hazırda ana südü ilə qidalanma ilə bağlı müəyyən problemlər var. Bəzən analar çətinlik çəkdiyinə, qorxduğuna, yaxud da müəyyən səbəblərdən süni qidalara üstünlük verir. Bəzən həkimlər də bilərəkdən  süni qidaları tövsiyə edirlər. Ona görə də ana südü ilə qidalanmanı aşılamaq üçün belə bir qanunun qəbul edilməsi çox yaxşı haldır. Uşaqlara süni qidaların yalnız nəzarət altında verilməsi lazımdır. Həmçinin ölkəyə daxil olan süni uşaq qidalarının keyfiyyət tərkibini öyrəndikdən, yəni hansı ölkədən, hansı şəraitdə gətirilməsi kimi məqamları mütləq nəzərə alaraq, uşağa vermək lazımdır. Yeni doğulan hər bir uşağa ana südünün verilməsi ilk növbədə təbii immunitet üçün çox vacibdir. Bu, onların gələcəkdəki inkişafına birbaşa təsir edir. Süni uşaq qidaları ilə qidalanan uşaqlarda gələcəkdə müxtəlif sağlamlıq problemlərinin  yaranması ehtimalı daha çoxdur. Uşaq qidaları həkimlərin tövsiyə etdiyi bir qida olduğu üçün apteklərdə satışı daha məqsədəuyğundur. Çünki apteklərdə bu qidalar nəzarət altında və müəyyən edilmiş temperatur altında saxlanılır. Ona görə də belə qidaların super-marketdə satışının məqsədəuyğun olmadığını düşünürəm. Süni qidaların həkim resepti əsasında alınması çox yaxşı hal olar.  Amma ana südünün təbliği  təkcə inzibati qaydada aparıla bilməz. Sanksiyaların sərtləşdirilməsi ilə yanaşı, maarifləndirmə işlərinin aparılması da mütləqdir. Hətta deyərdim ki, maarifləndirmə qanunvericilikdən öndə olmalıdır. Bu iş ikitərəfli şəkildə aparılarsa, tez bir zamanda  daha yaxşı nəticə əldə etmək olar. Çünki bəzən maarifləndirmə işi aparılsa da, qanunun olmaması müəyyən boşluqlar yaradır. Ona görə də düşünürəm ki, bu iş iki istiqamətdə həll edilməlidir”.
Tibb üzrə ekspert, həkim Adil Qeybulla deyir ki, uşaq qidaları pediatr və mütəxəssislərin rəyi əsasında verilməlidir: “Hətta uşağın ana südündən süni qidaya keçidi də onlar tərəfindən müəyyən edilməlidir. Əgər belə bir qanun qəbul edilərsə,  çox yaxşı olar. Ümumiyyətlə, Azərbaycanda satışda olan süni uşaq qidalarının keyfiyyət parametrləri tam qənaətbəxş deyil. Yaxşı olar ki, dünyada tanınan və sınaqdan keçirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən süni uşaq qidalarından istifadə edilsin. Elə qidalar var ki, üçüncü dərəcəli ölkələrdə istehsal olunur və onların keyfiyyətinə heç bir zəmanət verilmir. Bu genofonda bağlı olan bir məsələ olduğu üçün keyfiyyətli qidalardan istifadə çox vacibdir. Qidaların reseptlə satışına gəlincə isə deyə bilərəm ki,  nəinki uşaq qidalarını, hətta bütün dərmanlar ancaq həkim resepti əsasında satılmalıdır. Bu, dünya təcrübəsində də  belədir. Bizdə dərmanların hər birini reseptsiz almaq mümkündür ki, bu da yaxşı hal deyil. Ümumiyyətlə, uşaq qidalarının marketlərdə satışının əleyhinəyəm. Düşünürəm ki, apteklər iki kateqoriyada olmalıdır. Birinci qrup sırf dərman satışı ilə məşğul olmalıdır. Digəri isə dərmanlarla yanaşı, tibbə yaxın olan kosmetik vasitələr, və o cümlədən uşaq qidalarının satışını həyata keçirməlidir. Uşaq qidalarının ərzaq kimi harada gəldi satışı qətiyyən düzgün deyil. Qanun olduqdan sonra süni qida vasitələrinin satışı və onların ümumiyyətlə, istehsalından tutmuş bütün dövriyyəsi tənzimlənəcək. Bu, çox ciddi məsələdir. Dünya ölkələrində bu məsələ necə tənzimlənirsə, Azərbaycan qanunvericiliyi də ona uyğunlaşdırılmalıdır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir