İki gün öncə ölkə mediasının gündəminə yeni bir itkin xəbəri çıxdı. Belə ki, Bakıda 14 yaşlı oğlanın itkin düşdüyü məlum oldu.
Xatırladaq ki, Xətai rayonu ərazisində 2009-cu il təvəllüdlü Qurbanov Elşən Elşad oğlu yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Uşaqlar təhlükəli mühitə düşə bilər
Evdən qaçan yeniyetmələrin əksəriyyəti ailədaxili təzyiqdən və zorakılıqdan bu addımı atdığını deyir. Lakin araşdırmalar onu göstərir ki, əsasən, rayonlardan qaçıb Bakıya gələn yeniyetmələrin evdən qaçmasına səbəb paytaxtda həyatın daha cəzbedici və mühitin sərbəst olmasına inanmalarıdır. Evdən qaçan yeniyetmələrin əksəriyyəti aktiv sosial şəbəkə istifadəçiləri olur.
Evdən qaçan yeniyetmənin kimliyi müəyyən olunandan, tapılıb ailəsinə təhvil veriləndən sonra Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra hakimiyyətlərinə tapşırıqlar verilir, komitənin regionlarda olan mərkəzlərinin psixoloqları həmin ailələrlə işləyir. Əsas məsələ onların cəmiyyətə reinteqrasiyasıdır və reabilitasiya keçilməsi, əsasən də, psixoloji dəstək göstərilməsidir. Əgər hüquqi dəstək varsa, komitə bu sahədə də kömək göstərir. Doğrudur, mərkəzi qurum olaraq bu barədə idarəetməni AQUPDK təşkil edir, amma yerlərdə İcra Hakimiyyətləri də bu istiqamətdə işləməlidir. Yerli icra və təhsil orqanları kontakt şəkildə iş apararaq daha yaxşı nəticə əldə edə bilərlər.
Yeniyetmələrin evdən qaçmasına, adətən, zorakılığın səbəb olmasını demək olar. Fiziki, mənəvi və ya iqtisadi asılılıq zəminində yaranan zorakılıq yeniyetməni evdən uzaqlaşdıran başlıca səbəbdir. Ailə böyükləri arasında baş verən zorakılığa şahid olan yeniyetmə bu səbəbdən evdən qaça bilər, amma uşaqların internetin, virtual dostların və çevrənin, habelə real çevrəsinin təsiri altına düşməsi faktı da var. Yanlış xəbərlərin təsirinə düşən yeniyetmələr var, hətta özünü öldürmə hədinə çatdırma halları da baş verir, bunu nəzərə alaraq internet təhlükəsizliyi ilə əlaqədar işlər də aparılır.
Yeniyetmələrin bəzilərinin ona uyğun olmayan mühitə, dini sektalara düşməsi və oradan təsirlənməsi halları da olur. Elə sektalar olur ki, yeniyetmə onun əhatəsinə düşür və ailəsindən uzaqlaşır, bu çevrə yeniyetmələrin beynini, düşüncəsini dəyişir, təhsildən uzaqlaşdırır. Məktəblərdə ciddi iş aparılmalıdır. Təhsil uşaqlara zorakılığın normal bir şey olmamasını tədris etməlidir, ailələrdə iş aparılmalıdır.
Evdən qaçan uşaqlar arasında 13-15 yaşlı yeniyetmələr üstünlük təşkil edir. Onların hər biri fərqli səbəbdən evdən qaçır – kimisi evdəkilərlə yola gedə bilmir, kimisi ailə təzyiqini əsas gətirir, bəziləri də sırf azadlıq axtaranlardır. Səbəbi hər nə olur-olsun, yetkinlik yaşına çatmayan şəxslərin evdən getmələri təhlükəlidir. Ev ən etibarlı sığınacaqdır.
Uşaqlar evdən qaçmağa məcbur qalır?
Bir çox yeniyetmə ailədaxili münaqişələrdən uzaq qalmaq üçün evdən qaçmağa üstünlük verirlər. Evdən qaçmaq yeniyetmə üçün ciddi travma riski yaratmaqla yanaşı, valideynlərin də narahatlığına səbəb olur. Yeniyetməlikdə evdən qaçmağın səbəblərini ümumiləşdirdikdə, təxminən belə bir mənzərə yaranır:
– Həyəcan və macəra yaşamaq istəyi,
– Ailədə zorakılığa məruz qalma,
– Onlayn çevrəsinin, filmlər, kompüter oyunlarının təsiri
– Ailənin uşağa maddi və mənəvi dəstək göstərməməsi;
– Evdən qaçan bir dostunun hərəkətini təkrarlamaq istəyi və ya buna məcbur edilməsi.
Təcrübə göstərir ki, evdən qaçan uşaqlar çox vaxt yaşadıqları macəranı maraqlı, həyəcanlı günlər kimi ifadə edir. Onlar evdən kənarda onları gözləyən təhlükə barədə çox az düşünürlər. Təəssüf ki, bu təhlükəni hiss edəndə, geri dönməyə çalışanda başlarına bədbəxt hadisələr də gələ bilir.
Ümumiyyətlə, pandemiyadan sonrakı dövrdə Azərbaycan ailələrində tarix boyu görünməmiş gərginlik müşahidə edilir: Bizim ailələrdə heç vaxt belə gərginlik olmayıb, hətta ağır müharibə illərində, aclıq illərində belə indiki kimi problemlər olmayıb. Ailədaxili intizam anlayışı məhv olub, dünyada azadlıq və demokratiya haqqında danışa-danışa ailələri parçalayan cürbəcür institutlar peyda olub. Bu istiqamətdə KİV-in və cəmiyyətin rolu da danılmazdır. Media ailə məsələsinə həssas yanaşmır, ailə sirləri anlayışı yoxdur, uşaqların həssaslığı, yeniyetmələrin dəyişkən psixoloji vəziyyətləri nəzərə alınmır.
Belə davam edərsə, ailəsindən qaçan uşaqların sayı artacaq, başqasına fiziki zorakılıq tətbiq edən yeniyetmələr çoxalacaq, ailə intizamı, bütövlüyü məsələsi keçmişə göndəriləcək. Ailələrin sosial-psoxoloji vəziyyəti barədə ciddi sosial araşdırmalar edilməli, problemlə birbaşa peşəkarlar işləməlidir. Bunun üçün xüsusi komissiyalar yaradıla bilər, komissiyalar icra hakimiyyətlərinin strukturunda fəaliyyət göstərə bilər, onlar ailələr ilə işləyə bilərlər. Bununla bağlı metodika hazırlanmalıdır, iş mexanizmi qurulmalıdır. Bu vəsaiti isə konkret olaraq ölkənin sosial-psixoloji durumuna uyğun formada peşəkarlar hazırlanmalıdır.
Lalə Mehralı