Son illərdə 3–12 yaş arası uşaqlarda aqressiv davranışların artması valideynlərin və mütəxəssislərin ən çox üzləşdiyi problemlərdəndir. Uşaq vurur, qışqırır, əşyaları atır, dişləyir və ya özünə zərər verir – bu davranışlar çox zaman tərbiyə problemi deyil, uşağın daxili emosional ehtiyacının siqnalıdır. Aqressiya öz-özünə yaranmır, arxasında mütləq bir səbəb və ifadə edilməmiş duyğu olur.
Bu məqalədə aqressiyanın səbəbləri, əsas əlamətləri və valideynlərin tətbiq edə biləcəyi effektiv yanaşmalar izah edəcəyəm.
Aqressiya nədir?
Aqressiya – uşağın yaşına və vəziyyətə uyğun olmayan, zərər yönümlü və ya sərt reaksiyalarla özünü ifadə etməsidir. Əksər hallarda uşaq emosiyasını sözlə ifadə edə bilmədiyi üçün davranışla göstərir.
✔ ️Uşaqlarda aqressiya artımının əsas səbəbləri
Emosional ifadə bacarığının zəifliyi:
3–7 yaş arası uşaqlar hisslərini tam izah etməkdə çətinlik çəkdiyi üçün vurur, qışqırır, atmaq kimi davranışlar göstərir.Emosiyanın sözlə deyilməsi öyrədilmədikcə, aqressiya artır.
✔️ Sərhəd və qaydaların ardıcıl olmaması:
Uşaq bir gün icazə verilən davranışın, başqa gün qadağan olunduğunu görürsə, bu qeyri-sabitlik onda reaksiya yaradır. Qaydaların ardıcıl tətbiq edilməməsi aqressiyanı gücləndirir.
✔️Ekran və şiddət yönümlü məzmun
Planşet və telefonda:
-sürətli kadr dəyişikliyi
-zorakılıq səhnələri
-yüksək səs və rənglər
uşağın sinir sistemini həddindən artıq stimullaşdırır və aqressiv davranışa yol açır.
✓Diqqət ehtiyacı:
Bəzən uşaq nəzərdə tutulmayan davranışla diqqət çəkməyə çalışır. Valideyn yalnız uşaq vuranda reaksiya verirsə, uşaq bunu valideynin diqqətini çəkmək üçün silah kimi istifadə edir.
✓ Ailə daxilində gərginlik
Evdə tez-tez mübahisə, qışqırıq və ya emosional gərginlik varsa, uşaq bunu davranışla əks etdirir. Uşaqlar ən çox gördüklərini təkrarlayır.
Valideynlərin aqressiya qarşısında nə etməməsi lazımdır?
✔️ Qışqırmaq və cəza vermək
Cəza aqressiyanı məhv etmir, əksinə, daha çox aqressiya yaradır.
✔️Sən pis uşaqsan etiketləməsi
Şəxslik deyil, davranış hədəf olmalıdır.
✔️ Şiddətlə cavab vermək
Uşaq zorakılığı öyrənilmış model kimi qəbul edir.
✔️Hissini görməzdən gəlmək
“Bunda nə var ki?” kimi ifadələr aqressiyanı artırır.

Aqressiyanı azaltmaq üçün effektiv yanaşmalar:
Hissləri adlandırma
Uşağın yerinə emosiyanı ifadə edin:
“Hazırda çox əsəbləşmisən.”
“Səni duyuram, sən narahatsan.”
✓Qayda və sərhədlərin ardıcıllığı
“Vurmaq olmaz.”
“Atmaq olmaz, amma əvəzində deyə bilərsən ki, əsəbiləşmisən.”
✓Eyni qayda hər gün eyni şəkildə tətbiq edilməlidir.
Alternativ sakitləşmək yolları:
plastilin sıxmaq,
-yumşaq top atmaq,
-kağız cırmaq,
-yastığa vurmaq,
-dərin nəfəs oyunu
kimi fəaliyyətlər kömək edir.
✔️Ekran istifadəsinə nəzarət
Şiddət olan oyun və videolardan tam uzaq tutmaq.
✔️Müsbət modelləmə
Valideyn sakit danışırsa, uşaq da onu təkrarlayır. Uşaqlar “eşitdiklərini deyil, gördüklərini öyrənirlər”.
✔️Müsbət gücləndirmə
Uşaq sakit davrandıqda dərhal tərif etmək davranışı gücləndirir:
“Səbr etdiyin üçün səndən çox razıyam.”
Əgər aqressiya çox güclüdürsə…
Aşağıdakı vəziyyətlərdə mütəxəssisə müraciət vacibdir:
6 aydan çox davam edirsə,
özünə dəfələrlə zərər verirsə,
məktəb və ailə həyatını pozursa.
Psixoloq Nuranə Şərifova
“StartSmile academy”nin təsisçi direktoru












































































































































































