rena

Uşaqlarda məktəb qorxusu

Baxış sayı: 1. 239

Məktəb qorxusu nədir?

Məktəbə başlayan bəzi uşaqlarda müxtəlif səbəblərdən davranış pozuntuları və nevrotik reaksiyalar görülə bilər. Uşaqların qorxuları məktəb yaşlarında özünü göstərən emosional və fiziki pozğunluqlarla müşayiət olunan real və xəyali təhlükələrlə əlaqəli təcrübə və narahatlıqlardır. Ağır hallarda bu cür şərtlər uşağın inkişaf etməsinə və tam bir həyat sürməsinə mane olur. Uşaq məktəbə getməmək üçün, müəllimdən, digər uşaqlardan və dərslərdən qorxduğunu deyir. Məktəbə getdiyi zaman uşaqlarda, qorxu və təşviş anında ürək bulanma, titrəmə, qarın, baş ağrıları, tez-tez nəfəs alma, şiddətli ürək döyüntüsü hallarına rast gəlinir.

Məktəb qorxusunun yaranma tarixinə nəzər yetirsək, bir çox anlayışlara rast gələrik. Məktəb qorxusu ilk dəfə 1913 – cü ildə Karl Qustav Yung tərəfindən “Nevrotik rədd etmə” termini olaraq adlandırılmışdır. Ancaq Broadwin bu mövzunu qorxu və qayğıdan qaynaqlanan məktəb davamsızlığı olaraq qələmə alan ilk yazar olmuşdur. 1941- ci ildə Johnson və dostları “Məktəb fobiası” terminini istifadə etmişdir. Sonra isə, İngiltərədə “Məktəbi rədd etmə” termini istifadə olunmağa başlanmışdır.

Məktəb qorxusu emosional pozuntuların ilkin əlaməti olaraq dəyərləndirilə bilər. Bu mövzu ilə bağlı  araşdırmalara baxıldıqda görərik ki, qayğı pozuntusu yaşayan uşaqların əksərriyətində məktəb qorxusunun olduğu görülür.

 

Uşaqlarda məktəb qorxusunun səbəbləri

Məktəb qorxusunun ən vacib səbəbi ana ilə uşaq arasında olan bağlanmanın sağlam şəkildə olmamasıdır. Bu bağlanmanın nə qədər sağlam olduğu uşaqla ana arasında ilk ciddi ayrılıq sayılan məktəbə başlama zamanı görülür.

Uşağın anaya olan bağlılığının ən vacib səbəbi ehtiyaclarının qarşılanmasıdır. Ananın, uşaqlarının ehtiyaclarının qarşılaya bilmə dərəcəsi, uşağın gələcəkdə bir şəxsiyyət kimi sərgiləyəcəyi davranışlara çox böyük təsiri var. Sigmund Freuda görə psixoseksual dönəmlərdən ilki olan oral dövrdə (0-3 yaş) uşağın süd əmmə və digər təməl ehtiyaclarının ana tərəfindən həddindən artıq az və ya çox qarşılanması yemə pozuntuları və zərərli maddə alüdəçiliyinə səbəb ola bilər. Uşaq qorxduğu zaman, ananın onun qorxusunu azalda bilməsi, anaya olan bağlanmanın bir digər səbəbi sayılır. Piaget, 2-7 yaş aralığında,  uşaqların ətrafda baş verən hadisələrə verəcəkləri reaksiyaların formalaşdığını irəli sürür. Qorxu, qaçma, ehtiyat davranışları elə bu dövrdə öyrənilir. Ən çox görülən qorxu isə ayrılma qorxusudur. Bunun yaranmasında səbəb isə ana ola bilər. Ana uşağın özündən ayrılıb məktəbə başlamasını istəməz. Bunu bir çox hallarda uşağa hiss etdirər və öyrədər. Tez-tez uşağa o, məktəbdə olduğu müddətdə onu gözləyəcəyini, onun üçün çox darıxacağını, əslində birlikdə necə gözəl vaxt keçirdiklərini dediyi zaman və bu kimi ifadələri davamlı söylədiyi zaman uşaq məktəbə getməyi, anasını tək qoyaraq ona xəyanət edirmiş kimi görər və məktəbə getmək istəməz. Bu vəziyyətdə isə uşaqda ayrılma qayğısı yarana bilər və bu qayğının uzunmüddətli halını isə məktəb qorxusu adlandırırıq. Bir nüansıda bilməliyik ki, məktəb qorxusu məktəbin məktəbin ilk günü yox, hər hansı bir zaman dilimində də ortaya çıxa bilər. Daha çox 5-7 və 12-14 yaş aralıqlarında görülür.

Ailənin üzvləri bir-birindən asılı və bir-birinə çox bağlıdırsa və ya çox vaxt hansısa birinin başına pis bir şey gələcəyindən qorxursa məktəb qorxusunun yaranma ehtimalı daha çoxdur. Ananın və ya evdə ən yaxın olduqlarından birinin xəstələnməsi, evdən uzaq qalması, bacı və ya qardaşın doğumu zamanı ananın qayğısının və diqqətinin bölünməsi, valideynlərin boşanması, valideynlər arasında olan davalar, məktəb qorxusunun səbəbləri ola bilər.

 

Məktəb qorxusu olan uşaqların xüsusiyyətləri

Adətən məktəb qorxusu olan uşaqlar ağıllı, sözə qulaq asan, həddindən artıq ailəyə bağlı olan, hər davranışında ailəsi tərəfindən təsdiqlənməyi gözləyən uşaqlar olurlar. Yəni məktəb qorxusu olan uşaqların həyatında yaranan hər hansı narahatedici vəziyyət, onların gözündə kriz olaraq görülə bilər.

 

Məktəb qorxusu olan uşaqlarda yaranan əlamətlər:

  • Baş və qarın ağrısı
  • Ürəkbulanma və qusma
  • Titrəmə
  • Aqressiya
  • Səbəbsiz ağlamalar
  • Məktəb məsuliyyətindən qaçmaq
  • Yuxu pozuntusu
  • İştahsızlıq

Məktəb qorxusu ilə birlikdə obsessif kompulsif pozuntu, depressiya, diqqət əksikliyi, hiperaktivlik, qayğı pozuntuları görülə bilər.

 

Uşaqlarda məktəb qorxusunu necə aradan qaldırmaq olar?

Qeyd etmək lazımdır ki, məktəb qorxusu ilk olaraq  Melanie Klein və Anna Freud tərəfindən psixoterapiya ilə müalicə edilmişdir.

Öncəliklə, uşaq məktəbə getmə zamanı gəldiyində valideynlər öz qayğılarını idarə etməlidirlər. Əgər ana, ata məktəbdə uşağın narahat olacağına dair qayğı yaşayarsa bu, uşağın duyğu, düşüncə və davranışlarına təsir edə bilər. Qorxunu yaradacaq davranışlardan uzaq duraraq, adi bir günmüş kimi davranmaq lazımdır. Uşağı məktəbə göndərən zaman nə qədər israrcı və inadkar olsa da bu mövzuda qərarlı və tutarlı davranmaq lazımdır. Uşaqla onun qorxusunun nə olduğunu və bunun səbəblərini danışmaq olmaz. Bu halda qorxunun uşaqda, onun önəmli olduğu düşüncəsini yaradır. Valideynlərin diqqət etməli olduğu bir məqam da var ki, evdəki problemləri həll etməlidirlər. Bu çox önəmlidir. Çünki, uşaq öncəliklə, sakit və güvənverici bir evə ehtiyac duyar. Başqa bir məqam isə, uşaq məktəbə asılı olduğu valideynlə getməməlidir.

Uşağın ailədən kənar insanlarla yaxın münasibətinin olması da önəmlidir. Buna görə də uşağın öz yaşıdları ilə münasibət qura bilməsi üçün şərait yaradılmalıdır. Uşaqda yaranan davranış dəyişikliyini ayırd etməyə çalışmaq lazımdır. Məsələn, əvvəllər heç altını islatmayan Aydın artıq altını islatmağa başlayıb. Anası bunun səbəbini araşdırıb və bunun məktəbdəki tualetlə bağlı olduğunu öyrənir. Daha sonra isə Aydının sinif yoldaşlarının məktəbdəki tualet haqqında qorxunc şeylər danışmış olduğunu bilir və Aydının bu qorxu səbəbi ilə məktəbə geetmək istəmədiyi qənaətinə gəlir.

Məktəbdə müəllim ilə birlikdə çalışmaq daha tez nəticə verə bilər. Müəllim və uşaq arasındakı münasibət çox vacibdir. Bu münasibətin keyfiyyəti uşağın məktəbə, sinif yoldaşlarına, dərsləri qavramağına, uğuruna və inkişafına təsir edir. Müəllimin rəftarı uşağın məktəbi sevməsi, özünü güvəndə hiss etməsi yönümdə olarsa, problem daha tez həll oluna bilər.

Məktəb qorxusu olan uşaqlarda, bu qorxunun qaynağının sadəcə məktəb olmadığını qeyd etmək lazımdır. Müəllim bunu dərindən anlamalı, ailə, psixoloq və digər mütəxəssislər ilə birlikdə çalışmalıdır.

 

Psixoloq-pedaqoq Rəna Şirinova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir