Uşaqlarda qusma və ishal çox yayılmış problemlərdəndir. Xüsusən məktəbəqədər yaşda olan uşaqların həzm sistemi hələ tam inkişaf etmədiyindən, onlar tez-tez bu vəziyyətlə üzləşirlər. Əksər hallarda səbəb mədə-bağırsaq infeksiyalarıdır, lakin bəzi hallarda daha ciddi xəstəliklərin ilk əlaməti də ola bilər.
Qusma nədir və niyə baş verir?
Qusma – mədənin tərkibinin reflektor şəkildə ağızdan xaric olunmasıdır. Bu, uşağın bədəninin qoruyucu reaksiyasıdır və müxtəlif səbəblərlə yaranır:
İnfeksion səbəblər: Rotavirus, adenovirus, salmonella, şigella kimi bakteriya və viruslar.
Qida səbəbləri: Çirkli və ya keyfiyyətsiz qida, həddindən artıq yemək, allergik reaksiyalar.
Mərkəzi sinir sistemi pozğunluqları: Kəllədaxili təzyiqin artması, beyin travmaları.
Digər səbəblər: Zəhərlənmələr, dərmanların yan təsiri, qulaq və boğaz xəstəlikləri (məs., orta qulaq iltihabı).
İshal nədir və niyə yaranır?
İshal – bağırsaq hərəkətlərinin sürətlənməsi və nəcis konsistensiyasının durulaşmasıdır. Uşaqlarda tez-tez rast gəlinir və səbəbləri belə ola bilər:
Virus mənşəli: Rotavirus, norovirus və s. – xüsusilə uşaq bağçalarında tez yayılır.
Bakterial: Salmonella, şigella, E.coli.
Parazitar: Giardiya, helmintlər.
Qida səbəbləri: Süd zülalına allergiya, laktaza çatışmazlığı, yeni yeməyə adaptasiya.
Stress və psixosomatik faktorlar: Xüsusilə məktəb yaşlı uşaqlarda görülə bilər.
Qusma və ishalın təhlükəsi nədən ibarətdir?
Ən böyük risk – *susuzlaşma (dehidratasiya)*dır. Uşaqların bədənində maye ehtiyatı az olduğundan, itki qısa müddətdə həyati təhlükə yarada bilər.
Susuzlaşmanın əlamətləri:
Dərinin solğunluğu, quruluğu
Gözlərin çökməsi
Ağız və dildə quruluq
Sidiyin azalması, 6–8 saat sidiyə çıxmama
Səssizlik, halsızlıq, ya da əksinə – əsəbilik
Şiddətli hallarda – huşun itməsi
Dərhal həkimə müraciət edin.
Müalicə prinsipləri
1) Maye itkisini bərpa etmək
Ən vacib addım rehidratasiya (itirilmiş su və elektrolitlərin bərpası)dır.
Xəfif hallarda – ev şəraitində “oral rehidratasiya məhlulları” (ORS).1litr qaynanmış suya 1çay qaşığı duz,4çay qaşığı şəkər əlavə edib hazırlaya bilərsiniz.
Orta və ağır hallarda – damar daxili məhlullar.
2) Qidalanma
Qusma azaldıqdan sonra uşağa yüngül qidalar: düyü suyu, banan, alma püresi, qatıq.
Süd və yağlı yeməklərdən müvəqqəti uzaq durmaq.
3) Dərman vasitələri
İnfeksion mənşəli hallarda antibiotik yalnız həkim məsləhəti ilə təyin olunur.
Qusma əleyhinə dərmanlar yalnız ciddi hallarda hekim təyin etməlidir.
Probiyotiklər bağırsaq florasının bərpası üçün faydalıdır.
4) İzləmək
Uşağın hər saatda vəziyyəti dəyərləndirilməlidir.
Qızdırma,nəfəs alması, sidik miqdarı, qusma və ishalın sayı qeyd edilməlidir.
Nə vaxt həkimə müraciət etməli?
6 aydan kiçik uşaqlarda hər cür qusma və ishal halı.
38.5°C-dən yuxarı qızdırma ilə müşahidə olunursa.
Qanda və ya nəcisdə qan qarışıq hallarda.
Uşaq heç maye qəbul edə bilmirsə.
Susuzlaşma əlamətləri varsa.
Profilaktika yolları
Əllərin tez-tez yuyulması
Qidaların yaxşı bişirilməsi
Təhlükəsiz su istifadəsi
Uşaq bağçalarında və məktəblərdə gigiyena qaydalarına riayət
Rotavirus peyvəndi
Nəticə: Uşaqlarda qusma və ishal çox vaxt virus və bakterial infeksiyalarla bağlıdır. Əksər hallarda yüngül keçir, lakin susuzlaşma riski səbəbindən valideyn diqqətli olmalı və vaxtında həkimə müraciət etməlidir. Doğru maye bərpası və düzgün qidalanma müalicənin əsasını təşkil edir.
Pediatr Atlaz Möhsümova
(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)
Heqiqətən cok cətin veziyyətlərdə olur, usagım bir neçe defe qusma və ishal səbəbi ile cok narahat oldu. Bu yazida yazılan susuzlasma elametleri cok vacibdir. Biz de evvel bu elametleri gormemisdik ve cox gec muraciet etdik. Həkime vaxiında getmek cox onemlidir.
Bu mövzuya aid çox şey öyrəndim. Uşağımın qida allergiyası var, ona görə də hər zaman diqqətli olmalıyıq. Qusma və ishalın səbəblərini başa düşdüm, amma əlbəttə ki, evdə də diqqətli olmaq lazımdı
Evdə qaydalara uygun rehidratasiya mehlulu hazırlamagi artiq oyrendim. Tesekkurler Atlaz xanim
Həkim, uşağımın qusması və ishalı çox tez-tez olur, xüsusən də qida dəyişəndə. Bu yazı çox faydalıdır, amma sualım var: Uşağımın bu qədər tez-tez belə problemlərlə üzləşməsi normaldırmı? Bəlkə xüsusi bir test və ya müayinə etməliyik?