Fidan Rzayeva

Uşaqlarda təlimə marağın formalaşması və psixoloji xüsusiyyətləri

Baxış sayı: 943

Aşağı sinif şagirdlərində təlimə marağın zəif şəkildə təzahür etməsi pedaqoji psixologiyada tez-tez rast gəlinən hallardandır. Bu vəziyyət bir sıra psixoloji və sosial amillərlə yanaşı, uşağın yaş xüsusiyyətlərindən də qaynaqlanır.

D.B. Elkoninin yaş dövrləri nəzəriyyəsinə əsasən, uşaqlığın məktəbəqədər dövrü 3–7 yaş aralığını əhatə edir və bu mərhələdə aparici fəaliyyət — yəni uşağın inkişafını müəyyən edən əsas fəaliyyət növü — oyundur. Bu yaşda uşağın maraq dünyası, təfəkkürü və emosional inkişafı məhz oyun fəaliyyəti vasitəsilə formalaşır. Bu səbəbdən, məktəbə yeni başlayan uşaq üçün təlim fəaliyyəti hələ mənaca tam anlaşılan və daxili motivasiyaya söykənən bir proses deyil.

Məktəbə yeni başlayan, yəni kiçik məktəb yaşı dövrünə (7–11 yaş) daxil olan uşaqlar isə artıq təlim fəaliyyətini əsas inkişafverici fəaliyyət kimi mənimsəməyə başlayırlar. Lakin bu keçid mərhələsində — yəni oyun fəaliyyətindən təlim fəaliyyətinə keçid zamanı — bir çox uşaq adaptasiya çətinlikləri yaşayır.

Uşaq bu mərhələdə təlimin mahiyyətini dərk etmir, müəllim və valideynin təkidini bəzən öz azadlığının məhdudlaşdırılması kimi qəbul edir. Nəticədə, təlim fəaliyyəti uşağın şüurunda “oyun azadlığını əlindən alan bir fəaliyyət” kimi formalaşa bilər. Belə hallarda uşaq təlimə marağını itirir, bəzən isə tədris prosesinə qarşı mənfi emosional münasibət — aqressiya və ya laqeydlik — göstərir.

Bu halın qarşısını almaq üçün uşağın psixoloji inkişaf səviyyəsinə uyğun yanaşma tətbiq edilməlidir. Məktəbəqədər yaş dövründə aparıcı fəaliyyətin oyun olması səbəbindən, uşağın təlimə marağı hələ tam formalaşmayıb. Uşaq oyun fəaliyyətindən təlim fəaliyyətinə birbaşa keçid zamanı adaptasiya çətinliyi yaşayır və təlim prosesini bəzən maneə kimi qəbul edə bilər. Kiçik məktəb yaşı dövründə (7–11 yaş) isə aparıcı fəaliyyət artıq təlim hesab olunur, lakin uşaqlar üçün təlimə adaptasiya mərhələsi diqqət və emosional dəstək tələb edir.

Bu mərhələdə uşağın təlim fəaliyyətinə münasibətində empatiya və həsas yanaşma vacibdir. Müəllim və valideyn uşağın emosional vəziyyətini nəzərə almalı, onu təlim prosesinə məcbur etmədən, onun maraq və ehtiyaclarına uyğun dəstək göstərməlidir. Belə yanaşma uşağın təlimə marağını və özünə inamını artırır.

fidan R

Təlimə marağın artırılması üçün tövsiyələr

1) Cəzalandırmamaq və motivasiyaedici yanaşma tətbiq etmək

Uşağın zəif nəticə göstərdiyi hallarda cəza əvəzinə onu növbəti dəfə daha yaxşı nəticə əldə etməyə təşviq etmək lazımdır. Bu, daxili motivasiyanın formalaşmasına şərait yaradır.

2) Düzgün gün rejimi və planlaşdırma

Dərs və oyun fəaliyyətləri balanslaşdırılmalıdır. Gün ərzində təlimə müəyyən, lakin çox uzadılmamış vaxt ayrılması məqsədəuyğundur.

3) Oyun fəaliyyətindən uzaqlaşdırmamaq

Uşaq üçün oyun yalnız əyləncə deyil, həm də öyrənmə vasitəsidir. A.N. Leontyevin fəaliyyətnəzəriyyəsinə görə, oyun uşağın psixoloji inkişafında mühüm vasitədir və təlim prosesində oyun elementlərindən istifadə motivasiyanı artırır.

4) Valideyn tərəfindən maraq oyandırmaq

Valideyn uşağın maraq dairəsini nəzərə alaraq, mövzunu uşağın diqqətini çəkəcək və marağını oyandıracaq formada izah etməlidir. Bu yanaşma uşağın dərs fəaliyyətində daha aktiv iştirak etməsini təmin edir.

5) Birgə fəaliyyət və emosional əlaqə yaratmaq

Valideyn uşaqla yalnız təlim zamanı deyil, oyun zamanı da birgə iştirak etməli, bu yolla onunla emosional bağ qurmalıdır. Empatiya və dəstək uşağın təlim fəaliyyətinə daha pozitiv münasibət formalaşdırır.

Beləliklə, uşaqların təlimə marağı onların yaş xüsusiyyətləri və aparıcı fəaliyyət növü ilə sıx bağlıdır. Məktəbəqədər yaş dövründə aparıcı fəaliyyətin oyun olması uşaqların təlim fəaliyyətinə adaptasiyasını mərhələli edir, kiçik məktəb yaşında isə aparıcı fəaliyyətin təlim olması uşaqların öyrənməyə marağını artırmaq üçün əlavə dəstək və empatiya tələb edir.

Nəticə olaraq, təlim prosesi uşağın yaş xüsusiyyətlərinə uyğun təşkil olunmalı, oyun və təlim fəaliyyətləri arasında balans qorunmalı və valideyn-müəllim dəstəyi davamlı olmalıdır ki, uşaq təlimi zövqlü və faydalı bir fəaliyyət kimi qəbul etsin.

 

Fidan Rzayeva

20 nömrəli məktəb-liseyin psixoloqu 




7 şərh “Uşaqlarda təlimə marağın formalaşması və psixoloji xüsusiyyətləri

  1. Elnur Zamanov

    Məncə, məktəbə başlamaq hələ uşaqlar üçün böyük dəyişiklikdir və oyunla bağlı bağlarını kəsə bilməyimiz düzgün deyil. Oyunla təlimi birləşdirmək daha düzgün olar. Amma bu keçid dövründə necə daha düzgün yanaşma tətbiq etmək olar? Bu barədə daha çox məsləhət olsa, çox yaxşı olar.

    Cavabla
  2. Səidə Abbasova

    Məqalə çox faydalıdır! Məncə, uşaqlara cəza verməmək vacibdir, amma bu, hər halda uşağın təlimə marağını artırmağa necə təsir edir? Uşaqların içində bu cür motivasiya formalaşırmı? Yəni, onları hər zaman yaxşı nəticə göstərməyə təşviq etmək daha doğru olarmı?

    Cavabla
  3. Mirhüseyn Səlimov

    Bu yazı çox yaxşı izah edir ki, uşaqlar məktəbə başlarkən oyunun onlar üçün nə qədər əhəmiyyətli olduğu hələ də qalır. Həqiqətən də, oyunla təlimin birləşməsi lazım olduğunu düşünürəm. Amma dərsdə oyun elementlərini necə daha yaxşı istifadə edə bilərik? Bu mövzuda daha konkret nümunələr olsa, yaxşı olar.

    Cavabla
  4. Şəfəq Dəmirova

    Məqalə çox maraqlı oldu. Mənim fikrimcə, uşaqların təlimə marağı əvvəlcə doğru şəkildə formalaşmalı, sonra isə onlar təlim prosesini özlərinə aid hiss etməlidir. Validəynlərin oyun zamanı da uşaqları dəstəkləməsi çox vacibdir.

    Cavabla
  5. Nurlan Namazov

    Əgər uşağa tədris prosesini sevdirmək istəyiriksə, oyun ilə dərs arasında balansı necə qura bilərik? Bunu yazıda bir az daha açıqlasaq yaxşı olardı.

    Cavabla
  6. Valide Mehdiyeva

    Cox yaxsl yazidir. Valideynlerinm maariflenmesi ucun bele yazilarin co olmasi lazimdir. Tesekkur edirem.

    Cavabla

Deniz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir