valideyn

Uşaqlarla davranışda etdiyimiz səhvlər

Baxış sayı: 467

Qadın deyərkən gözümüz önünə ilk olaraq analar gəlir. Uşağın tərbiyəsində, gələcək üçün istiqamətlənməsində anaların xidmətinin böyüklüyü əlbəttə danışmaqla bitən deyil. . Ömrünün sonunadək övladının üzərində nəzarətçi olan, onunla körpə kimi rəftar edən analarımızın bu duyğusu,sevgisi ölçüyəgəlməzdir. Amma bəzən onlar qayğılarını,uşaq üçün narahatlıqlarını elə təqdim edirlər ki, bu,uşağın yaddaşında sevgi yox, zədə kimi qalır. Bununla bağlı Azərbaycan Dillər Universitetinin müəllimi Kəmalə Yusifovanın gündəlik həyatdan qeydə aldığı maraqlı məqamları təqdim etmək istərdik. Öz həyatından da nümunələr gətirən Kəmalə xanımın səmimi qeydlərində əminik ki, çoxları özünü görə bilər. Onun uşaqlıq xatirələrini oxuyarkən bir daha övladlarımızla münasibətdə necə həssas, anlayışla davranmalı olduğumuzu düşünməli oluruq.

İllər keçir,biz böyüklərin əhəmiyyət vermədiyi kiçik davranışlar uşaqların xatirəsində böyük iz buraxır, özünəqapanmaya,xəyal qırıqlığına və s. səbəb olur.

Kəmalə xanımın bir az yumor qataraq qələmə aldığı bu kiçik epizodlar əslində üzərində düşünməli olduğumuz vacib məsələlərdən biridir.

 

Mebel dükanı

Niyə bizim ailələrdə bütün hadisələrdə günah uşaqda olur?

ABŞ-da yaşayan tanışım danışıb: ABŞ-da bir ailə mebel dükanında mebellərə baxır. Nəzarətsiz qalan azyaşlı uşaq paltar dolabının içinə girir və qapı bağlanır. Üstündə açar olmadığına görə ehtiyat açar gətirilənə kimi 5-10 dəqiqə çəkir və bu müddətdə uşaq içəridə ağlayır. Sonradan ailə həmin dükanın sahibindən böyük məbləğdə təzminat alır. Səbəb o olur ki, səhlənkarlıq nəticəsində dolabın üstündə açar olmayıb və uşaq bir neçə dəqiqə ərzində psixoloji zədə alıbdır.

İndi o hadisə bizdə olsaydı, ana uşağı döymüşdü, dükan sahibi isə dolabı xarab etdiyi üçün ailədən əlavə ödəniş tələb etmişdi.

 

Cəza

Azərbaycan analarının uşaqlarına qarşı özünə məxsus cəzaları olur.

Bir gün parkda gəzirdim. Birdən 4-5 yaşlı uşaq yıxıldı və ağlamağa başladı. Ana uşağı sakitləşdirmək əvəzinə başladı vurmağa:

– Korsan? Ayağının altına niyə baxmırsan?

 

Qəza

Bir dəfə xalamoğlu maşınla bir  uşağı yüngülcə vurmuşdu. “Vurmuşdu” deyəndə, məhəllə içi olduğuna görə sürət çox aşağı idi. Demək olar ki, maşın yox, maşının “küləyi” uşağı yıxmışdı.

Tələsik uşağa baxdıq, şükür heç nə olmamışdı. Amma xalamoğlu uşağı qucağına alıb onların evlərinə gətirdi ki, anası ilə bərabər həkimə aparsın. Ana qapını açan kimi ağlayan uşağa bir şillə:

– Yenə nə hoqqa etmisən?

Vurulmayan kəmər

Bir dəfə  maşında oğlumla bərabər gəlirdim. Qəfil maşının əyləci tutmadı. Başqa yol axtarmaq əvəzinə oğluma qışqırdım:

– Adamlığın yoxdur, niyə kəməri vurmamısan?

 

Qol saatı

İlk ağlamağınız yadınızdadır?Mənim yadımdadır.

Mən bir az “gözü sulu”adamam. Hər şeyə ağlayanam, amma ağlım kəsəni ilk ağlamağımı unutmuram.

Uşaqlığım sovet dövründə olduğu üçün bəzi şeylərə həsrət idim. Məsələn, qol saatı istəyirdim və tapılmırdı. Nəhayət Moskvada olanda anam qırmızı kəmərli qol saatı aldı. Məndən xoşbəxti yox idi, yatanda da qolumdan çıxartmazdım.

Bir gün rəfiqəm qonaq getdiyi üçün saatı istədi və mən də verdim. Neçə gün keçmişdi, amma rəfiqəm saatı qaytarmırdı:

-Kəmalə, saatı itirmişəm.

Rəfiqəmin bu sözü ilə bütün dünyam qaraldı. Canım elə yandı, elə yandı…O saatı neçə aylar sonra tapıb almışdım.

Rəfiqəmdən ayrılıb hönkür-hönkür ağladım. 30 ildən çox zaman keçib, amma 4 yanvar o hadisə ilə yadımda qalıbdır.

 

Gül açan divarlar

Uşaqların yanında böyüklər bir az ehtiyatlı danışmalıdır.

Bir dəfə anamla əmimin xanımı mənimlə əmimqızını evdə tək qoyub harasa getmişdilər. Biz də bekarçılıqdan özümüzə iş axtarırdıq və tapdıq.

Başladıq evi təmizləməyə və sonda böyüklərdən eşitdiyimizi etdik .“Ev elə təmiz idi ki, divarlar gül açmışdı” deyimini yerinə yetirmək üçün işimizin sonunda həyətdən gül yığıb yapışqanla divara yapışdırdıq, yəni təmizlikdən divar gül açıbdır.

Sonra başladıq analarımızı həsrətlə gözləməyə.

Və “Afərin qızlarımıza” sözünün yerınə “Bıııy, sizi yanasınız, divarı nə günə qoymusunuz?” eşitdik (insafla deyim, o vaxtın son “dəbli” divar boyasını yapışqanla xarab etmişdik).

 

Xəzinə

Uşaq vaxtı əmimqızı ilə etmədiyimiz “oyun”qalmamışdı.

Uşaqlığımızın ən maraqlı filmlərindən birinə – “Kapitan Qrantın uşaqları”na baxdıqdan sonra həyətə düşüb palçıqla oynayırdıq. Birdən qazdığımız torpaqda əlim nəyəsə dəydi-“Xəzinə tapmışdıq” (filmin təsirində idik).

Həyacanla qutunu açdıq-dəmirdən siqaret qabı idi.

Həyətdə uşaqlara yaydıq ki, xəzinə tapmışıq, içi də dolu qızıl.

Axşam səsə qapıya çıxdıq. Analarımız qonşu qadına and-aman edirdilər ki, uşaqların uydurmasıdır…

Qonşu deyirdi ki, neçə gun əvvəl qızıl itirmişəm,tapdıqları elə onlardır.Əmimqızı dedi:

-Siz qızıllarınızı təsvir edin, biz tapılmağında kömək edək.

Bizim yalanımız kimi, qonşu da yalan deyirmiş.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir