ixtisas secimi

Valideynlərin ali məktəb basqısı

Baxış sayı: 504

Bir müddət əvvəl Ali məktəblərə imtahan günləri başa çatdı. Hamı səbirsizliklə nəticələri gözləyir. Təbii ki, topladığı ballardan məmnun olanlar da var, narazı qalanlar da. Bu gün abituriyentlərdən yox, onların valideynlərindən danışacam.Hər kəs övladı üçün işıqlı yol arzulayır, bunun üçün əlindən gələni edir. Lakin çox zaman hətta əlindən gəlməyəni də edən, özünün hədsiz istəkləri ilə övladını bezdirən, yoran, psixoloji təsir altına salan valideynlər var. Valideynlər uşaqlarını motivasiya etdiklərini düşünüb hər dəfə yaxşı oxumalarının vacibliyi, imtahanın önəmi haqda danışırlar. Qatılacaqları imtahanların onların həyatında nə qədər önəmli olduğunu , gələcəkdə uğurlu fərd ola bilmələri üçün mütləq bu imtahanı qazanmalarının vacibliyini dönə-dönə xatırlayırlar.

Lakin unudurlar ki, imtahan nəticəsinin uğursuz olduğu halda bu kimi təsirlər abituriyentdə psixoloji zədələr yaradır.

İş ondadır ki, bizim valideynlərimiz imtahan ərəfəsində yarışa girirlər. Müxtəlif Vatsap qruplarında kimin övladının hansı balı toplaması barədə yayılan məlumatlarla bir – birləri ilə yarışırlar. Öz balaları ilə kifayətlənməyib, başqalarının da nəticələrini müzakirə edir, kimlərinsə utanmasına, sıxılamasına səbəb olurlar. İki qohumum bu imtahanlarda aşağı bal toplayıb. Olsun. Uşaq nəyə gücü yetib, onu da edib. Bu hələ son deyil, qarşıda növbəti imtahanlar var, bu il olmadı, başqa zaman olar. Oxumaq üçün o qədər şərait yaradılıb ki, saymaqla bitməz. Önəmli olan tələbənin gələcəkdə əmək bazarında özünə iş tapmasıdır. Mütləq şəkildə diplom alması yox. Qayıdım az bal toplayan o uşaqlara. Uzaq rayondan bəlkə ona yaxın qohum zəng edir, onların hansı nəticə verdiyini soruşur. Ayrı vaxt o uşalqarın ata- analarına heç salam da vermirlər. Bu nəyin marağıdır belə. Deyirəm özlərindən niyə soruşmursunuz? Deyirlər ki, bizdən gizlədirlər. Gizlədirlərsə, deməli, zəhlələrini tökmüsünüz artıq. Hansı şəhərdə, hansı kənddəsə bir uşağın ali təhsil alıb-almaması sizi nə üçün bu qədər maraqlandırır. İnandırım ki, bu təhsilə olan maraq deyil, bu sadəcə, qanımıza işləmiş başqasının işinə burun soxmaq həvəsidir, o qədər! Niyə hansısa valideyn uşağı az bal toplayıb deyə xəcalətli iş görmüş kimi qaçıb ətrafındakılardan gizlənməlidir?

Bu aralar ixtisas seçimi və kodlaşdırma ilə məşğul olan müəllimlərin başı bərk qarışıb. Dünən danışdığım bir təhsil eksperti bildirdi ki, elə valdieyn var ki, çox az bal toplamış övladının məktəbə düşməyəcəyini dedikdən sonra başqa bir ekspertə gedib, 30 min manat ödəyib ki, “elə et ki, düşsün harasa. Təki diplom olsun”. Eyni qaydada 15 min ödəyən başqa bir valideynin var olmasını da qeyd etdi. Valideynlər uşaqlarını Türkiyənin ali məktəblərinə qoymağa ehtiyat edirlər. Səbəb sadədir. Ora girmək asan, oxumaq çətindir. Bilik və bacarıqla, yalnız öz gücünə bu məktəbləri bitirmək olar. “Papanın gül balası” üçün belə məktəblər yaramır.

Amma “papa” da düşünmür ki, övladını bütün çətinliklərdən qoruya-qoruya, özünü onun yolunda sipər edə-edə uşağı gücləndirmək əvəzinə zəif salır, həyatla mübarizəyə çılpaq buraxır. Bir gün ata olmasa, necə olacaq? Ali təhsil hədəf deyil, hədəfə aparan yollardan biridir. Bu diplom sevgimiz, “filankəsin balası filan universitetdə oxuyur” ədasında başqalarına “hava atmaq” istəyimiz də artıq son 30 ildə mentalitetimizin ayrılmazına çevrilib. Bəlkə gözəl əl qabiliyyəti önə çıxıb gələcəkdə ailəsini dolandıracaq nə qədər peşə adamları var ki, onları “niyə oxumadın, universitetə girmədinsə həyatını zay etdin” kimi yanaşmalarla incik salırıq. Halbuki bir balıqdan ceyran kimi qaçmağı, ceyrandan da balıq kimi üzməyi tələb edən bizlər yanlışdayıq.

 

İlhamə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir