Nermine Abbasova

Xolesterolu təbii üsullarla azaltmaq mümkündürmü?

Baxış sayı: 428

Xolesterol səviyyəsinin təbii üsullarla azaldılması, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün vacib bir yanaşmadır. Əksər hallarda, yüksək xolesterol səviyyələri səhv qidalanma, fiziki hərəkətsizlik və sağlam həyat tərzinin olmaması nəticəsində yaranır. Buna görə, bu vəziyyəti tənzimləmək üçün bəzi təbii üsullardan istifadə edilə bilər. Bu üsullar haqda məlumat verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova təbii müalicə üçün aşağıdakıları sıraladı:

 

Qidalanma: Təbii üsulların başında balanslı və düzgün qidalanma gəlir. Doymuş yağlardan (ət, qızartma yeməklər, hazır qidalar) və trans yağlardan (bəzi marqarinlər və çərəzlər) qaçmaq lazımdır. Əvəzində, yüksək lifli qidalar (yulaf, paxlalılar, tərəvəzlər) və bitki mənşəli yağlar (zeytun yağı, avokado) daha faydalıdır. Bu cür qidalar xolesterolun qan dövranında azalməsinə kömək edir.

Omeqa-3 yağ turşuları: Omeqa-3 yağ turşuları (balıq, qoz, çia toxumu, kətan toxumu) xolesterol səviyyəsini azaldan və ürək sağlamlığını dəstəkləyən mühüm qida maddələridir. Bu yağ turşuları iltihabın azaldılması və damarların sağlam qalması üçün faydalıdır.

Fiziki aktivlik: Müntəzəm fiziki fəaliyyət (yürüyüş, qaçış, üzgüçülük, velosiped sürmə) xolesterol səviyyəsini tənzimləməyə kömək edir. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyət tövsiyə edilir. Bu, “yaxşı” HDL xolesterolunun artmasına və “pis” LDL xolesterolunun azalmasına səbəb ola bilər.

Bitki əlavələri: Bəzi bitkilər və otlar da xolesterolun tənzimlənməsində kömək edir. Məsələn, sarımsaq xolesterol səviyyəsini aşağı salmağa kömək edən təbii bir vasitədir. Həmçinin, çörek otu, zəncəfil və yaşıl çay da bu sahədə müsbət təsir göstərir.

Stressin idarə edilməsi: Stressin davamlı olması, xolesterolun artmasına və ümumi ürək-damar sağlamlığının pisləşməsinə səbəb ola bilər. Yoga, meditasiya, nəfəs məşqləri və digər rahatlama metodları stressin azaldılmasına və xolesterolun tənzimlənməsinə kömək edə bilər.

Siqaret və spirt istifadəsi: Siqaret çəkmək və spirtli içkilərin həddindən artıq istehlakı xolesterol səviyyələrini artıran və ürək xəstəliklərinə səbəb olan amillərdir. Bu vərdişlərdən çəkinmək, ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir