aile

YATAĞIMIZDAKI QATİL: onu necə tanıyaq? – PSİXİATR YAZIR

Baxış sayı: 550

Son zamanlar ölkəmizdə qadınlara qarşı artan aqressiya və şiddət artıq bir-iki ailənin problemi kimi deyil, ümumiyyətlə bütün cəmiyyətin ciddi problemi kimi qiymətləndirilməlidir.

“Gencaile.az” oxucularını həkim-psixiatr Orxan Fərəclinin bu mövzuya toxunan çox maraqlı məqaləsi ilə tanış edir. Onu da nəzərinizə çatdıraq ki, məqalə bir neçə il bundan əvvəl yazılıb…

“Arvadını tüfənglə qətlə yetirdi”, “Hamilə arvadını döyərək öldürdü”, “Həyat yoldaşının başını kəsdi”… tipli xəbərlər son aylarda saytlarda, sosial şəbəkələrdə və televiziyalarda tez-tez qarşımıza çıxır.

Hər ay azı 1 analoji motivli cinayətin olması 10 milyon əhalisi olan bir ölkə üçün təbil çalınacaq rəqəmdir. Bəs bu cür cinayətlərin artmasının səbəbi nədir? Niyə kişilər arasında həyat yoldaşlarına qarşı bu qədər aqressiya, şiddət yaranıb?

aile davasi

Kişilərdə aqressiv davranışın səbəbi…

Kişi yaradılışı, tarixi təkamülü etibarı ilə aqressivliyə, fiziki gücə meylli olub. Bunun ibtidai cəmiyyətlərin idarəetmə formalarından tutmuş, bioloji olaraq qanındakı androgenlərin çox olmasına qədər müxtəlif səbəbləri var. Ancaq bunlar kişilərin xislətindəki  aqressivliyin onların özündən asılı olmayan tərəfləridir. İçdən gələn bu aqressiv rəftar əksər hallarda qadınlara yönəldiyi üçün müxtəlif mədəniyyətlər müxtəlif üsullarla bunu aradan qaldırmağa çalışıblar. Bu, bəzi yerlərdə dini əxlaqla, bəzi yerlərdə icma, ağsaqqal nəsihəti ilə, bəzi yerlərdə yüksək təhsil verməklə özünü göstərib.

Haqqında danışdığımız aqressiv davranış son illərdə özünün bizim cəmiyyət üçün alışdığımız “şillə, təpik” formatından “güllə, bıçaq” kimi daha qəddar formalarına keçib. Bunun 2 əsas – sosial və psixoloji tərəfi var.

Sosial baxış bucağından baxdıqda bu cinayəti törədən kişilər qadına şəxsi əmlak gözündə baxır, onların başqa heç bir fəaliyyətinə, hətta doğma valideynlərilə əlaqələrinə belə, imkan vermirlər. Məsələni daha da qəlizləşdirən qısqanclıq faktorudur.

AILE

Cinayətlərin əsas motivi namus və mental qaydalara olan ifrat sədaqətdir. Son illərdə artan qadın xəyanətləri öz növbəsində daha qəddar üsullarla törədilmiş cinayətlərə gətirib çıxardır. Mətbuatda oxuduğumuz, xəbərlərdə gördüyümüz qədərilə bu cinayətlərin böyük əksəriyyəti heç də hər zaman adi kişi qısqanclığı deyil, içində həqiqət payı olan gizli yazışmalar və görüşmələri ehtiva edən real xəyanət faktlarıdır. Qadın xəyanətlərinin səbəbləri isə psixoloji olmaqdan daha çox sosial məcraya yönəldiyi üçün bununla bağlı ölkədəki ailə, qadın institutlarının tədqiqatına ciddi ehtiyac var.

Məsələnin psixoloji yönü daha çox açıqlama tələb edir. Dar bir çərçivədə aparılan tədqiqat zaman müəyyənləşib ki, məişət zəminində öz həyat yoldaşlarını qətlə yetirən kişilərin böyük əksəriyyətinin uşaq vaxtı anaları ilə problemləri olub. Kişi beyni daim həllini tapmayan problemlər, uşaqlıq travmaları ilə doludur. Onlar həmişə öz analarını atalarına “qısqanıblar”, analarının yalnız özlərinə aid olmasını istəyiblər və bu, mümkün olmayıb. Məşhur psixoterapevt Ziqmund Freyd bunu “Edip kompleksi” adlandırırdı. Bu baxımdan, kişi həyatındakı qadının ancaq özünə məxsus olmasını istəyir, paylaşa bilmir. Diqqət etsəniz, görərsiniz ki, bir qrup cinayətlər, hətta ərlər arvad boşandıqdan sonra da baş verir. Çünki kişi ayrılmış olsa belə, yenə də o qadının özünə məxsus olduğunu sanır, onu başqa kişiylə paylaşmaq istəmir, hətta bunun düşüncəsi belə, onu aqressiv addımlar atmağa, şiddət göstərməyə sövq edir.

Psixoloji səbəblər içərisində qadına qarşı yönəlmiş cinayətlərdə cinayət törədən şəxsin fərdi xasiyyət keyfiyyətlərinin rolu hədsizdir. Şəxsiyyət tiplərinin beynəlxalq təsnifatında antisosial şəxsiyyət tipləri cinayətə daha çox meylli şəxslər kimi qiymətləndirilirlər. Bu şəxslər cəmiyyətin bütün yazılan və yazılmayan qanunlarına əks gedirlər, özlərindən zəifi əzirlər, dəfələrlə and içsə də, söz versə də, təkrar eyni hərəkətləri edir, həbsi üçün zəmin hazırlayan yerlərdə olurlar. Bu tiplər daim sədaqətsizlik, ona olunan hörmətsizlik barəsində düşünürlər.

Ərləri tərəfindən aqressiv rəftara məruz qalan qadınlar bunu mütləq ailə böyükləri ilə müzakirəyə çıxarsınlar. Məsələ daha böyük fəsadlar vermədən mütləq şəkildə müdaxilə lazımdır. Çünki ilk mərhələdə söyüş, təhqirlə başlayan aqressiv rəftar sonradan fiziki aqressiyaya keçir. Bu isə öz növbəsində illər və ya aylar sonra cinayət və digər qanlı hadisələri qaçılmaz edir.

Aqressiv olan kişilər isə mütləq bir mütəxəssisdən yardım almalıdır. İlk dönəmlərdə bu, adi xasiyyət problemi olsa da, sonradan depressiya və nevrotik pozuntular ortaya çıxacaq. Ortada sizi özünüzdən çıxaracaq bir səbəb olsa belə, nəsə etməzdən əvvəl dəfələrlə bunu düşünün, kişilər.

aile

Sonda isə həm qadınlarda, həm də kişilərdə ilkin təəssürat yarada biləcək bir testi sizə təqdim edirik.

Əgər bu suallardan ən azı ikisinə “hə” cavabı verirsinizsə, həyat yoldaşınızın konfliktli (aqressiv) olma ehtimalı çox yüksəkdir.

1. Sizinlə ailə üzvləri, dostlarınız, uşaqlarınızın önündə alçaldıcı zarafatlar edirmi?

2. Spirtli içki qəbulundan sonra sizə qarşı aqressiv olurmu?

3. Sizə və ya övladınıza nə vaxtsa səbəbsiz vurdumu?

4. Onu əsəbiləşdirməmək üçün hər şeyə razısınızmı?

5. O, evdə olmayanda özünüzü daha rahat, xoşbəxt hiss edirsinizmi?

6. Qolunuzdakı, sifətinizdəki göyərmə izlərini qohumlarınızdan gizlətmək ehtiyacı olubmu?

7. Tez-tez “Məni əsəbləşdirmə” deyə qışqırırmı?

8. Heç bir səbəb olmadan tez-tez evdə problem yaradırmı?

9. Əsəbiləşəndə qapıları çırpıb, şüşə sındırıb və ya əşya tulladığı oldumu?

10. Maddi olaraq sizi özündən asılı vəziyyətdə saxlamağa çalışırmı?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir