Yaradıcı adamlar, daha dəqiq desəm, yazıçı və şairlər özünəməxsusluqları və qeyri-adi vərdişləri, inancları, düşüncələri ilə digər insanlardan, deyək ki, mühasiblərdən, mühəndislərdən, müəllimlərdən fərqlənirlər. Bu vərdişlər digərlərinə nə qədər qəribə görünsə də, onlar üçün çox adi, gündəlik həyat tərzlərinə çevrilmiş işlər idi. Bildiyimiz kimi, yazıçılıq sənəti insandan böyük həcmdə enerji alır və balansı itirməmək, ayaqda qalmağı bacarmaq üçün onlar inandıqları, illər boyu sınaqdan keçirdikləri vasitələrdən istifadə ediblər (edirlər). Aqata Kristi deyirdi ki, vərdiş elə bir şeydir ki, sən onu artıq özündə hiss etmirsən. O, sənin bir hissənə çevrilir.
Bacıdan keçən vərdiş
Virciniya Vulf yazı ilə hər səhər cəmi iki saat yarım, özü də ayaq üstə məşğul olardı. O düşünürdü ki, belə olduğu halda yazdığına həm yaxından, həm də lazım gələndə bir qədər aralıdan baxa bilmək imkanı əldə edir. Bu qəribə vərdiş ona rəssam bacısı Vanessadan keçmişdi. Bacısı ayaq üstə dayanıb çəkdiyindən, o da ayaq üstə yazmaq qərarına gəlmişdi.
Radikal üsul
Frans Kafka yaradıcı işə başlamaq üçün çox radikal üsula əl atırdı. O, müxtəlif işlərlə özünü dəhşətli dərəcədə yorurdu. Və axşam saat 11-də yazıya başlayır, səhər saat 6-ya kimi işləyirdi. Bu da onun yaradıcı vərdişi idi.
Yazmağa başlayanda soyunmaq
Böyük fransız yazıçı, dramaturq, şair, publisist Viktor Hüqonun vərdişi isə o biri yazıçılardan tamamilə fərqlənirdi. Belə ki, o, yazmağa başlayanda soyunur, geyimsiz işləyirdi. Soyuq havalarda belə geyinmir, uzaqbaşı, üstünə qalın ədyal atırdı. “Paris Notr-Dam kilsəsi” romanını 1830-cu ilin yayında yazmağa başlayan müəllif, əsərin üzərində işləyərkən xidmətçiyə bütün geyimlərini gizlətmək üçün tapşırıq vermişdi. Bunun həm də başqa səbəbi vardı. Geyimi olmadığı təqdirdə, evdən bayıra da çıxa bilmirdi. Və bu, sanki onu evdə qalıb, yazı yazmağa məcbur edirdi. O, özü ilə ancaq kağız və mürəkkəb götürüb bir otağa çəkilmişdi. Yazıçı inanırdı ki, bu cür vərdişlə daha çox və daha yaxşı yaza bilər. Və əsər doğrudan da, tam vaxtında – 1931-ci ilin fevralında hazır idi.
Rənglərə bağlılıq
“Üç muşketyor”, “Qraf Monte Kristo” əsərlərinin müəllifi, fransız yazıçısı Aleksandr Dümanın isə rənglərlə bağlı qəribə vərdişi vardı. O, sanki rənglərlə yazı işlərini kodlaşdırırdı. Və bu işə çox prinsipial yanaşırdı. Məsələn, bədii əsərlər yazmaq üçün mavi rəngli kağızlardan istifadə edirdi. Poeziya nümunələrindən ötrü isə sarı rənglilərini götürürdü. Çəhrayı rəngli kağızları da masasının üstündən əskik olmurdu. Onlarla da məqalələrini və elmi ədəbiyyatla bağlı yazılarını yazırdı.
Kartoçka təcrübəsi
Rus əsilli ABŞ yazıçısı, “Ərməğan”, “Lolita”, “Çağrı” və sairə kimi romanları dünyaya bəxş etmiş Vladimir Nabokovun da maraqlı yazı vərdişi vardı. O əsərlərini ensiz kartoçkalarda yazardı. Hər kartoçka bir səhnəni özündə cəmləşdirirdi. Bu da ona əsəri bitirəndən sonra istədiyi səhnənin yerini rahatca dəyişmək imkanı verirdi. Bundan başqa, Nabokov çarpayısının yanında əlavə kartoçkalar da saxlayırdı. Gecə yarı qəflətən ağlına gələn fikirləri ora qeyd edirdi ki, yadından çıxmasın.
İçkinin gətirdiyi rahatlıq
Amerikalı yazıçı Vilyam Folkner isə əsərlərini yaradan zaman viski içməyi sevirdi. Bu vərdiş onda Amerika yazıçısı Şervud Andersonla görüşdən sonra yaranmışdı. Yeni Orleanda yaşayan zaman birlikdə tez-tez müxtəlif içki məclislərində olurdular. Bundan sonra Folkner yazı vaxtı mütləq spiritli içkidən istifadə edirdi. Bu, ona sanki xüsusi bir rahatlıq gətirirdi.
Onurğaya xeyri olan vərdiş
Amerikalı yazıçı və jurnalist Ernest Heminquey gündə, vur-tut, cəmi 500 söz yazırdı. O biri yazıçılardan fərqli olaraq, yazı masasının arxasına səhər tezdən – haradasa saat 05.30 və ya 06:00-dan, hələ isti tam düşməmiş keçərdi. O, əvvəl əlyazmanı yazırdı, yazdığını bəyənərdisə, dərhal makinada yığardı. Maraqlı bir fakt odur ki, Heminquey oturaraq yox, ayaq üstə yazmağa vərdiş etmişdi. Bu cür qeyri-adi tərzdə, onunla yanaşı, Çarlz Dikkens, Vriciniya Vulf, Filipp Rot da yazırdı. Bu yazı tərzi həm də sağlamlıq üçün önəmli idi. Daha dəqiq desəm, onurğa sütununa xeyri olduğu da sübut olunub.
Uzağı yaxşı görmürsənsə…
İrland yazıçısı Ceyms Coysun qarnı üstə uzanıb yazmaq kimi fərqli vərdişi vardı. Yazmazdan əvvəl mütləq şəkildə ağ köynək geyinərdi. Və yazılarını mavi rəngli, qalın uclu karandaşla yazırdı. Bu vərdiş, əslində daha çox, onun uzağı yaxşı görməməyi ilə əlaqəli idi. Qalın karandaşla isə hərflər iri həcmli göründüyünə görə yazırdı.
Dəlicəsinə aşiqlik
İngilis yazıçısı Ceyn Ostin yaratdığı personajlara dəlicəsinə aşiq idi. Onlara o qədər bağlı idi ki, kitabı bitirəndən sonra da, həmin personajların sonrakı həyatını təsvir edirdi. Hətta bunu detallı şəkildə yaxınlarına danışırdı.
Fasilə və idman
Amerikalı yazıçı və musiqiçi “Rəqəmsal qala”, “Mələklər və iblislər” “Yalan nöqtəsi” , “Da Vinçi şifrəsi”, “İtirilmiş simvol”, “Cəhənnəm” kimi məşhur əsərlərin müəllifi Den Braun yaradıcı krizisdən baş-ayaq dayanmaqla çıxırdı. Dediyinə görə, bu cür terapiya ona fikirlərini yeniləməyə kömək edirdi. Bundan başqa, stolunun üstündən sevimli qum saatı da əskik olmazdı. Bir saat yazı ilə məşğul olandan sonra mütləq fasilə verər, idman edərdi. Den Braun inanardı ki, bu cür fasilə və idman ona yeni ideyalar gətirir.
Xanım Aydın