usaq

Yemək yeməyən uşaqlar QORXUNC xəstəlik daşıyıcısı ola bilər – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 665

“Gencaile.az” Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmovanın  uşaqlarda anoreksiya xəstəliyi haqqında məqaləsini təqdim edir.
Analar uşaq dünyaya gəldiyi andan onların yeməyinə və gigiyenik normalarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə uşağı zorla yedirirlər. Körpəsinə sevgisini onu çox yedizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişib, yeməkdən qaçan uşaq və əziyyət verən ana obrazına çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırır, heç biri təsir etməsə, ən sonda yerə uzadaraq yeməyi zorla ağzına qoymağa cəhd edir.

Amma bu, heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik-psixoloji problemin başlanğıcı ola bilər.

Anoreksiya əsasən uşağın 14-15 yaşlarında müşahidə olunsa da, artıq son illər bu xəstəlik hətta körpələrdə də təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcburetmədən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıqla yeyərkən ağız passiv şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə, orqanik patalogiya-yuxusuzluq və halsızlıq müşahidə olunmur.

Yemək zamanı ana başda olmaqla, ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə – nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə, ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə, yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır.

Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də, bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin, əsasən anaların narahatlığı daha çox artır.

Uşaqlarda bu, əsasən 6-cı aydan sonra müşahidə olunmağa başlayır. Uşaqlara zorla yedizdirməyə səbəb ikinci hallarda infeksiya, peyvənd, dişçıxarma və s. olur.

Körpənin 2 yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə, bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə paralel həkim müayinəsi olmalı, ehtiyac duyularsa, farmakoterapiyadan da istifadə edilməlidir. Bu problemin səbəbi valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli:

 

1. Uşaq verilən yeməkdən imtina edərsə, məcbur etmədən digər yeməyə keçilməlidir.

2. Yemək az miqdarla başlanmalıdır.

3. İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.

4. Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.

5. Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.

6. Heç bir halda zorla yedizdirilməməlidir.

7. Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır.
Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınız əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə, bu, terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analarla müalicə bəzən mənfi təsir göstərə bilir. Qayğılı ana tez panikaya qapılır. Hər deyiləni yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanın yenidən yaranması üçün şərait yaradır.

Sonda isə, əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana-atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınızı qoruyun. Problem nə qədər uzun müddət davam edərsə, bu, bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaq.