pul

Yeni ilin ilk müjdəsi

Baxış sayı: 670

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, 2023-cü ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq. Beləliklə, minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Yeni sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Nəticədə minimum aylıq pensiyanın məbləği 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Digər sektorlarda da əməkhaqlarının artmasına zəmin yaradan addım

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, Prezident İlham Əliyevin imzaladığı bu sərəncam 2023-cü ildə yeni sosial paketin tətbiqinə başlanılması kimi xarakterizə olunmalıdır. Deputatın sözlərinə görə, dövlət başçısının imzaladığı sərəncamdan irəli gələn tədbirlər 800 min vətəndaşımızın sosial təminatının gücləndirilməsinə imkan verəcək: “Nəzərə alaq ki, minimum əməkhaqqının artırılması 700 min, minimum pensiya məbləğinin artması isə 100 min vətəndaşımızı əhatə edəcək. Minimum əməkhaqqının artması digər sektorlarda əməkhaqlarının artmasına zəmin yaradır. Minimum əməkhaqqı artdıqca, dövlət və özəl sektorda mərhələli şəkildə əməkhaqlarında artımlar müşahidə olunur. Bütövlükdə əməkhaqqı artımlarının sürətlənməsi və sosial təminat tədbirlərinin gücləndirilməsi baxımdan da qeyd edilən sərəncamın mühüm əhəmiyyəti var. Minimum əməkhaqqı və minimum pensiyadakı artımlar Azərbaycanda sosial təminat sisteminin güclənməsi, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılması ilə bağlı atılmış addımdır”.

Sosial təminatın gücləndirilməsi baxımından vacib addımlar

İqtisadçı millət vəkili deyib ki, sözügedən sərəncamdan irəli gələrək atılan addımlar bütövlükdə dövlət büdcəsindən maliyyələşən vətəndaşlarımızın əməkhaqlarının artırılması üçün xüsusi dəstək və təsirdir: “Bütün hallarda sosial təminatın gücləndirilməsi baxımından vacib addımlardandır. Bu həm də onu göstərir ki, 2023-cü ildə də sosial təminatın gücləndirilməsi ilə bağlı tədbirlər prioritet olaraq qalacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin əsas hədəfi vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması, həssas təbəqələrimizin dövlət tərəfindən dəstəklənməsinin genişləndirilməsindən ibarətdir”.

345 manatdan aşağı əməkhaqqı vermək qadağası

İqtisadçı ekspert Eldəniz Əmirov da söyləyir ki, hər ilin əvvəlində ötən ildə olan qiymət artımlarına, inflyasiyaya, əhalinin rifah halının normallaşmasına yönəlik addımlar atılır. Onun sözlərinə görə, bütün bu tədbirlər ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapır: “Bu qəbildən olan sərəncamlardan biri də həm minimuməmək haqqının, həm də əmək pensiyasının minimum məbləğinin müəyyən edilməsi istiqamətində olur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam da bu məqsədlə imzalanıb. Sərəncam qeyd etdiyim iki istiqamət üzrə minimum hədləri müəyyənləşdirdi. Minimum əməkhaqqının 345 manata çatdırılması 15 faizlik artım deməkdir. Əmək pensiyaları ilə əlaqədar artım tempi isə daha yuxarıdır. Belə ki, məlum sərəncamda əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair aidiyyəti qurumdan təkliflər istənilir. Əvvəlcə bu məbləğ 240 manat təşkil edirdi. Əgər təkliflər bu məbləğ üzərində fokuslanarsa, o zaman əmək pensiyasının minimum məbləği 16,66 faiz artmış olacaqdır. Böyük ehtimalla bu məbləğ təsdiqlənəcək. 2022-ci ilin əvvəlində həm minimum əməkhaqqı, həm də pensiya məbləği eyni faiz qədərində artmışdı. Biri 250-dən 300-ə, digəri 200-dən 240-manata çatdırılmaqla, ümumilikdə 20 faiz həcmində artım olmuşdu. Prezidentin sərəncamından sonra indiyə qədər kim 280 manatdan aşağı əmək pensiyası alırdısa, onların pensiyası qaldırılacaq. Yeni əmək pensiyasına çıxacaq insanlar da ən azı 280 manat alacaqlar. Eyni proses minimum əməkhaqqı məbləğinin təyin olunmasına da tətbiq ediləcək. Bu sərəncam işəgötürənlərə işçiyə 345 manatdan aşağı əməkhaqqı verməyi rəsmən qadağan edir”.

Artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək

Onu da qeyd etmək yerinə düşər ki, son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

 

Rufik İSMAYILOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir