Çox yox, 30 il əvvəl idi, küçəmizdə, məhəlləmizdə hər gün görməyə adət etdiyimiz poçtalyon bir növ ailə üzvümüzə çevrilirdi. Bir gün məktub, başqa gün abunə olduğumuz qəzet-jurnalı, o biri gün bildiriş gətirirdi. “Göyərçin” jurnalını həsrətlə gözlədiyimiz də az olmayıb. “Ana və poçtalyon” şeirini əzbərləyib danışdığımız o illər indi necə uzaq gəlir insana. Hər evə heç olmasa həftədə 1 dəfə baş çəkirdi poçtalyon. Çiynindən asılmış məktub dolu çantası, qoltuğundakı qəzet-jurnal, ayaqla gəzdiyi onlarla küçə, girdiyi yüzlərlə ev – dövrün ümumiləşmiş poçtalyonu belə idi.
O zamanlar poçtalyonlar ünsiyyətin, sosiallaşmanın ayrılmaz hissəsi idi. Qonşu ölkələrdə dərc olunan jurnalları, almanaxları poçtalyonun gətirməsini elə həsrətlə gözləyirdik ki. Poçtalyonlar hansı evə hansı gün məktub gələcəyini, kimin hansı qəzetə, jurnala abunə olduğunu əzbər bilirdi. Məktubda ünvan səhv yazılanda yenə də doğru ünvana çatdırırdı, çünki adbaad, evbəev hamını tanıyırdı. Poçtunu daşıdığı hamının dostu idi poçtalyon. Gözü yazını seçməyən qocaların məktub oxuyanı, yaza bilməyənlərin cavab yazanı idi onlar. Kiminin evində nahara dəvət edilirdilər, kiminin evində isti sacın xamralısına, qaynar samovarın pürrəngi çayına qonaq olurdular. İsti yay günlərində poçtalyon üçün soyuducuda daima sərin su, buz kimi qarpız saxladan babamı xatırladım bir an…
9 noyabr Ümumdünya Poçt Günüdür
Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqı poçt əlaqələrini təmin etmək və təkmilləşdirmək məqsədilə 1874-cü il oktyabrın 9-da İsveçrənin paytaxtında 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunub. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul olunub.
192 ölkəni özündə birləşdirən Ümumdünya Poçt İttifaqının baş qərargahı Berndə yerləşir. Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.
205 yaşlı Azərbaycan poçtu
Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ilin aprel ayında ÜPİ-yə üzv qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir.
Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci il iyunun 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb. 1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi qurulub. Culfada poçt şöbəsi yaradılaraq, İranla Azərbaycan arasında ilk beynəlxalq məktub mübadiləsi təsis edilib.
Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına 9 may 1883-cü ildə Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb. 1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.
Müharibə poçtalyonları
Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək vacibdir. Həmin dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət tələb edirdi.
Müharibə dövründə poçtalyon işləmək həm də möhkəm iradə tələb edirdi. Əsgər məktublarını sevinclə daşıyan poçt işçiləri qara kağızların ünvana çatdırılması işində ciddi sarsıntı keçirir, aylarla, illərlə üçbucaq əsgər məktubu daşıdığı ailəyə ölüm xəbəri verməyin əzabını yaşayırdılar. O dövrdə poçtalyonlar ən çox arzulanan qonaq idi, amma məktubların arası kəsiləndən sonra poçtalyon arzuedilməyən qonaq olurdu, “qəfil gələr, qara xəbər gətirər” qorxusu olurdu ailələrdə.
Poçt xidməti bahalıdır
Təəssüf ki, hazırda nəinki beynəlxalq, həmçinin ölkədaxili poçt xidmətlərində sürətli bahalanma var. Ölkədaxili banderol, həmçinin orta və böyük ölçülü bağlamaların daşınma xidmətləri üçün təyin edilən qiymətlər bahadır.
Böyük ölçülü məktub və banderol üçün təyin edilən tarif 100 qramadək sadə 0,80, sifarişlə 1,40 manatdır. 100 qramdan 250 qramadək olan banderollar sadə 1,10, sifarişlə 1,70, 250 qramdan 500 qramadək olan banderollar 1,40 – 2,00 aralığındadır. Həcmin miqdarı qramla artıqca tarif də artır. 2 kiloluq bir paketi ölkədaxili bir ünvana 3-3.60 manata göndərə bilərsiniz.
Adi bağlamanın 1 kq-ı üçün təyin edilən məbləq 0.60 qəpikdir. Yəni, siz bir rayondan digərinə 10 kq-lıq bir qutu göndərsəniz bunun üçün poçta 6 manat rüsum ödəməli olacaqsınız. Həmçinin, çəkidən asılı olmayaraq hər bağlama üçün 3 manat tələb edilir. Beynəlxalq poçt xidmətləri isə I və II zona üzrə ayrılmaqla fərqli tariflərlə həyata keçirilir. Kiçik ölçülü məktub üçün tarif 2.10 manatdan. 5.70 manatadək dəyişə bilir. Böyük ölçülü məktub və banderol üçün qiymətlər 9.30-dan 16 manatadək dəyişir. Həcm artıqca göndərmə xərcləri 50 manatadək yüksəlir.
Əvvəl internetin, sonra da sosial şəbəkələrin həyatımıza girdiyi vaxtdan etibarən daha poçtalyonalara da ehtiyac qalmadı. 1 həftə məktub gözləmək xəyal oldu, “e-mail”imizə 1 neçə dəqiqəyə cavab almaq daha rahat gəldi bizə. Sosiallaşmaq üçün daha məktub gözləmədik, mütaliə üçün mətbua orqan gözləmədik, bütün ehtiyaclarımızı internet ödədi. Geridə isə işsiz qalan poçtalyonlar və bahalı poçt xidmətləri qaldı…
Lalə Mehralı