Nermine  Abbasova

“Yuxu və oyana bilməmə halı, dodaq ətrafının göy rəng alması kimi vəziyyətlər varsa…”

Baxış sayı: 671

Bu gün bir çoxları koronavirus pandemiyasının pnevmaniyaya bənzədiyini, bəzi əlamətlərin eyni olduğunu deyirlər. Hər ikisində problemin ağciyərlə əlaqəli olması bu fikri hardasa təsdiq etmiş olur.

Bəlkə də bu səbəbdəndir ki, insanlar COVID-19-un o qədər də təhlükəli olmadığını, ağciyər xəstəliyindən müalicə olunmaq qədər sadə olduğunu düşünürlər. Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova pnevmoniya tənəffüs yolu infeksiyaları, yaşlılarda, xüsusilə uşaqlarda bu xəstəliyin meydana gəlməsindən və müalicəsindən danışıb.

Nərminə Abbasova ilk öncə onu vurğuladı ki, pnevmoniya, yəni sətəlcəm, ağciyər toxumasının iltihabi xəstəliyidir. Həkimin sözlərinə görə, adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur:

“Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından, yəni qripdən sonra inkişaf edir. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər, şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat keçirənlər, zərərli vərdişləri olanlar – siqaret çəkənlər, alkoqol qəbul edənlər daxildir”.

Həkim deyir ki, pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir:

“Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb ola bilər. Bakterial pnevmoniyalar həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. Bakterial pnevmoniyanın əlamətləri titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, təngnəfəslik, öskürək, yaşıl və ya sarı bəlğəm ifrazıdır.

N.Abbasova qeyd etdi ki, pnevmoniya ilə xəstələnməyə görə yüksək risk qrupuna daxil olan uşaqlar, yaşlı və immun sistemi zəif xəstələrdə əlamətlər fərqli ola bilər. Hətta bəzi hallarda temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər:

“Bakterial pnevmoniyalar zamanı adətən ağciyərin ancaq bir payı zədələnir ki, buna da lobar pnevmoniya deyilir. Antibiotiklərlə bakterial pnevmoniyaların müalicə edilməsinə baxmayaraq, bəzi antibiotiklərə davamlı bakterial pnevmoniyalar müalicədə problem yaradır.

Pnevmoniyaların təxminən yarısı viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəyməyə bənzər simptomlarla – adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi əlamətlərə rast gəlinir. Xəstəlik inkişaf etdikcə təngnəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəm ifrazı ilə xarakterizə olunur.

Həkim-terapevt bildirdi ki, virus mənşəli pnevmoniyalarda antibiotiklərlə müalicə effektsizdir. Onun sözlərinə görə, virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da qoşula bilər:

Mikoplazmaların törətdikləri pnevmoniyalar həm bakterial, həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Mikoplazma pnevmoniyaları məktəb yaşlı uşaqlar və gənclər arasında daha çox rast gəlinir, antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər”.

N.Abbasova onu da qeyd etdi ki, bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər. Onun sözlərinə görə, bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmoniyaya keçərək aylarla davam edir:

“Pnevmoniyaya vaxtında diaqnoz qoyulub, düzgün müalicə aparılmazsa, ağırlaşmalar inkişaf edə bilər ki, bu da həyati təhlükəli ola bilər. Pnevmoniyanın müalicəsi ixtisaslı mütəxəssis tərəfindən, törədicinin növünə və ona qarşı dərmanlara həssaslığa müvafiq, kompleks olaraq aparılmalıdır”.

Daha sonra pnevmoniya tənəffüs yolu infeksiyalarının uşaq xəstəlikləri və ölümlərinin əsas səbəblərindən biri olmasından danışan Nərminə xanım bildirdi ki, pnevmoniya üst tənəffüs yollarında olan və xəstəlik törədən mikrobların nəfəs borusu və ağciyərlər ilə ağciyər daxili hava yollarını iltihablandırması olaraq təyin olunur və sətəlcəm hadisələrinin 33%-i 0-5 yaş qrupundakı uşaqlarda meydana gəlir:

 

“Pnevmoniya uşaqlarda ən sıx görülən alt tənəffüs yolu infeksiyası olub xüsusilə ilk 3 yaşda olan uşaqlarda ən sıx xəstəxanada yatış səbəbidir. Ümumiyyətlə bir üst tənəffüs yolu infeksiyasından bir neçə gün sonra birdən yüksələn qızdırma, artan öskürək, bəlğəm çıxarma və tənəffüs çətinliyi pnemoniyalar ağla gətirməlidir. Uşaqlarda pnevmoniya vəziyyətində qızdırma, halsızlıq, öskürək, tez-tez nəfəs alma, ürək döyünməsi, qusma, qarın ağrısı və yan ağrısının da ola biləcər. Körpə və kiçik uşaqların sinəsində və qarınında tez-tez enib çıxmalar, inləmə, pişik mırıltısı kimi bir səs eşidilə, burun qanadlarının hərəkət edə, böyük uşaqlarda isə ciddi sinə ağrısı, yan tərəflərində ağrı, qızdırma və nəfəs aldıqda batma və öskürək kimi əlamətlər görülə bilər”.

 

“Risk altındakı uşaqları qidalandırma üsulları”

Həkim-terapevt bildirdi ki, pnevmoniyalara səbəb olan faktorların asqırıq, öskürək və xəstə şəxslərin danışıq vaxtı havaya yayılan damlaların tənəffüs edilməsi yolu ilə yoluxduğu kimi, ağız və burun ifrazı ilə yoluxmuş stəkan, dəsmal, çəngəl-qaşıq, qapı qolu kimi əşyalar vasitəsilə xəstəlik digər şəxslərə də keçə bilər:

 

“Tənəffüs yolu infeksiyaları zamanı iştah itər, bu səbəblə uşağı tez-tez və az-az qidalandırmaq lazımdır. Tənəffüs yolu infeksiyalarında xüsusilə qızdırma və maye itkisi çox artar, bu vəziyyətdə əlavə mayeyə mütləq ehtiyac vardır. Yüngül öskürəyi və qızdırması olan bir uşağın əvvəlcə qızdırmasının salınması, bəslənməsinə və maye qəbuluna diqqət edilməsi lazımdır”.

 

Uşaqlarda pnevmoniyanın əlamətlərindən danışan həkim vurğuladı ki, boğaz ağrısının şiddətlənməsi və uzun davam etməsi, öskürəklə tünd bəlğəm gəlməsi və ya öksürəyin 10 gündən çox davam etməsi, 38° C və artıq olması bir neçə gündən çox qızdırma olması, sinə ağrısı, tez nəfəs alma, udma çətinliyi, maye qida ala bilməməsi, qulaq ağrısı, mürgüləmə halı, boyunda ağrılı şişliklər, dodaq, dəri və ya dırnaqlarından göyərmə əlamətlərindən hər hansı birinin görülməsi halında ən yaxın sağlamlıq mərkəzinə müraciət etmək lazımdır:

 

“Bu əlamətlərə diqqət edilməlidir – 2 ay və 12 ay arası körpələrdə tənəffüs sürəti dəqiqədə 50 və artıqdırsa, 1-5 yaş arası uşaqlarda tənəffüs sürəti dəqiqədə 40 və artıqdısa təhlükə işarəsidir. Tənəffüs zamanı sinəsindən xırıltılı səslər gəlməsi, maye qidaları içə bilməməsi, ümumi vəziyyətində pisləşmə, anormal yuxu və oyana bilməmə halı, dodaq ətrafının göy rəng alması kimi vəziyyətlərdə uşağınızı dərhal bir sağlamlıq mərkəzinə aparmalısınız. Sıxlıq mühitlər yoluxmağa yol açır! Uşaqları tənəffüs yolu infeksiyalarından qorumaq üçün diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə, xəstələrlə təmasın qarşısının alınmasıdır, bu məqsədlə bağlı və sıxlıq mühitlərə az girilməlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




1 şərh ““Yuxu və oyana bilməmə halı, dodaq ətrafının göy rəng alması kimi vəziyyətlər varsa…”

  1. Rafiq Osmanov

    Hekimin yazilarini 5-6 aydir davamli izleyirem. Her hefte izlemeye o qeder oyresmisem ki qeyri-is gunlerinde de qeyri-ixtiyari olaraq sayta girib baxiram yeni meqale varmi deye/

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir