Malta

Aralıq dənizinin balaca cənnəti

Baxış sayı: 339

“Maltaya ilk səfərinizdir? Ölkəmizə xoş gəlmisiniz. İnanıram ki, zövq alacaqsınız…” Hava limanından bizi paytaxt Vallettaya aparan gülərüz taksi sürücüsü ilə qısa dialoqdan sonra ilk diqqətimizi çəkən ada-şəhərin təmiz küçələri olur: “Bu şəhərdə ideal təmizlik var”, – deyə bir-birimizə söyləyirik.

Aralıq dənizinin balaca cənnəti bizi belə xoş qarşılayır…

Malta kiçik ada dövlətidir. Xəritədə qabarıq görünmür, lakin bütün il boyu isti, rahat iqlimi, təmiz mavi dənizi, zəngin tarixi və mehriban sakinləri ilə dünyanın hər yerindən turistlərə qucaq açır.

Ada BMT-nin Beynəlxalq Risk Hesabatında yaşamaq üçün ikinci ən təhlükəsiz ölkə kimi göstərilib. Bunun bir səbəbi də adada miqrantların olmamasıdır. “Qonşu Siciliya ilə müqayisədə adada cinayət nisbəti olduqca aşağıdır. Hətta ictimai yerlərdə cibgirlik nadir hallarda qeydə alınır: oğurluq daha çox park edilmiş avtomobillərdən olur. Bununla belə, böyük məbləğdə pul və sənədlərin oteldə təhlükəsiz saxlamaq məsləhət görülür”, – deyə yerli sakinlər bildirirlər.

Maltada iqtisadi çətinlik yoxdur. Demək olar ki, hamının evi var. Maltalıların əksəriyyəti xristianlığı qəbul edib. “Yerlilər çox ünsiyyətcildir. Əcnəbilərdən harada işlədiklərini, nəyə maraqlı olduqlarını, hansı məqsədlə gəldiklərini soruşmaqdan həzz alırlar”, – deyə eşitdiyimiz fikirlər səfər boyu özünü doğruldur.

Malta 150 ildən artıq ingilis müstəmləkəsi olub. Hazırda adanın iki rəsmi dili var: ingilis və Malta dilləri. Ada əhalisinin əksəriyyəti ingilis dilində danışır və adanın məşhur qəzetlərinin çoxu ingilis dilində nəşr olunur. Dil məktəblərinə artan tələbata görə, üstəlik İngiltərə ilə yerli tarixi əlaqələr adanı Avropanın aparıcı dil mərkəzlərindən birinə çevirib.

Mədəni cənnət

Malta – mədəniyyət və tarix, əyləncə və istirahətin unikal vəhdətidir. Adanı “mədəni cənnət” də adlandırırlar. Turistlər burada qədim məbədlərdən, orta əsr şəhərləri və kilsələrindən, möhtəşəm paytaxt qalalarından başlayaraq heyrətamiz liman mənzərələri ilə tanış olur, köhnə və yeninin maraqlı birləşməsini görür, heç vaxt tərk etmək istəmədikləri ritm tapa bilirlər. Sahibkarlar Maltaya investisiya yatırmaqla dünyanın 165 ölkəsinə səyahət hüququ verən pasporta sahib olurlar. Adada ev almaq da yaşamaq izni almağa kömək edir.
Ölkədə tibb yaxşı inkişaf edib. Tibbi turizm tətbiq olunur, cavanlaşma və arıqlamağa yönəlmiş sağlamlıq turları populyardır.

İstehkam şəhəri

Paytaxt Valletta Maltanın əsas turizm mərkəzidir. 16-cı əsrdə Müqəddəs İoann ordeninin cəngavərləri tərəfindən qurulmuş istehkam şəhəridir. Şəhər YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Valletta Avropada inkişafı əvvəlcədən planlaşdırılmış layihələrə əsasən qurulan ilk şəhərdir.

 

Zaman-zaman ölkənin mədəniyyətinə ingilislər, ərəblər, yunanlar, normanlar və ispanlar təsir ediblər. Şəhərin küçələrini gəzdikcə müxtəlif mədəniyyətlərin izləri hopmuş memarlıq nümunələrini seyr edirsən. Ən çox maraq doğuran isə heç yerdə rastlaşmadığın rəngli eyvanlardır.
“Ada zaman-zaman Hollivud kino sənayesinin çəkiliş meydanına çevrilib. “Qladiator”, “Taxtların oyunu”, “Kapitan Fillips” və s. filmlər Malta adalarında çəkilib”, – deyə bələdçilər filmlərin çəkildiyi məkanlarla  turistləri tanış edirlər.

Adanın yayı isti, qışı ilıq keçir. 50 ildən bir qar görəndə sevinirlər. Bu iqlim turistlərə ilin bütün fəsillərində Malta adalarını (Malta, Qozo və Komino) kəşf etməyə və açıq havada vaxt keçirməyə sövq edir.

Malta dəniz tətili üçün əfsanəvi adadır. Yay mövsümünün başlaması ilə hər il minlərlə turist Maltaya axışır. Yerlilərdən “Çimərliyə necə getmək olar?” deyə soruşsanız, “Hansı? Ağ, qırmızı və ya çəhrayı qumlu, yoxsa çınqıllı, qayalı və ya “vəhşi” çimərliyi istəyirsiniz?” sözlərini eşidəcəksiniz.

Adada mükəmməl nəqliyyat sistemi var. Siz avtobusa minə, taksi sifariş edə, avtomobil icarəyə götürə və ya Sliemadan Vallettaya üzən gəmiyə və ya Gozo adasına bərə ilə gedə bilərsiniz. Avtobus xidməti Maltanın bütün yaşayış məntəqələrini birləşdirir. Taksiləri xüsusi dayanacaqda tapmaq, küçədə saxlamaq və ya onlayn sifariş etmək olur.

Adada turistlərin üstünlük verdiyi “Üç şəhər” turları çox məşhurdur. İki avro ödəməklə kiçik taxta qayıqlarla bu şəhərdən digər şəhərə rahatlıqla getmək mümkündür. Müasir katamaranlar isə Maria Doloresdən turistləri dəniz yolu ilə Siciliyaya çatdırır.

 

Adada yaşamağın üstünlüyü

Ənənəvi Malta mətbəxi Avropa və ərəb ənənələrinin qarışığıdır və yerli ləzzətlə sıx şəkildə birləşir. Burada balıq və dəniz məhsulları, tərəvəz və ədviyyatlara çox önəm verilir. Adanın yeməkləri yaxınlıqdakı İtaliyanın mətbəxini xatırladır, lakin onlarda şərqli, xüsusən cənublu dadları daha qabarıqdır. Maltalıların menyusunda balıq və dəniz məhsulları da var, lakin kifayət qədər bahadır (30-45 avro).
Adaya gələnlər burada qaldıqları müddətdə yaxşı həyat şərtlərindən zövq alırlar. Münasib yaşayış qiymətləri adanı tətil üçün seçməyin səbəblərindən biridir.

Yerli mətbəxdə zeytun yağı üstünlük təşkil edir. “Malta mətbəxi Malta tarixini əks etdirir. Burada ənənəyə hörməti saxlayırlar. Axı adada yeməklər əvvəllər daş ocaqlarda, yavaş odda bişirilirdi”, – deyə müxtəlif növ balıq və ədviyyatlarla bişmiş yeməklərini təqdim edirlər. Maltada türk lokantaları da gözə dəyir.

Türklər də əlverişli iqlimi və iqtisadi vəziyyətinə görə işləmək üçün adanı seçirlər. Kafedə çalışan gənc türk qızı Türkiyə ilə müqayisədə adada yaşamağın daha əlverişli olduğunu söylədi: “Maltada çalışırkən ən azı hər ay 200 avro qənaət edə bilirəm. Ancaq Türkiyədə bu, mümkün deyil. Adada minimum əmək haqqı 1200 avrodur. Burada hər kəsin işi var”.

Malta – romantizm axtaran insanlar üçün yaxşı tətil yeridir. Bura səfər etsəniz, şəhər və kəndlərdə il boyu keçirilən festivalların iştirakçısı olmaq şansınız da var.

 

Təranə Məhərrəmova
Malta-Bakı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir