psixoloq

Azərbaycan məktəblərində psixoloq problemi

Baxış sayı: 175

“Məktəb və psixoloq” deyəndə bəlkə də ağlınıza ya heç nə gəlmir, ya da hər gün müəllimlər otağında sadəcə gördüyünüz və eşitdiyinizə görə psixoloq olduğu deyilən şəxslər gəlir. Lakin bu ixtisasın nə dərəcədə əhəmiyyətli olduğunu elə bu peşənin əsl sahibləri daha çox bilir.

Bəs gəlin, baxaq: sadə dildə izah etsək, psixoloq kimdir və niyə bu qədər əhəmiyyətlidir?

Əslində müasir dövrdə psixoloqlara bir çox sahələrdə- istehsalat müəssisələri, idarəetmə orqanları, hərb, səhiyyə və digər bu kimi yerlərdə böyük ehtiyac var, çünki cəmiyyət mövcuddursa, psixoloji mühit mövcuddur, lakin psixoloji mühitin ideal vəziyyətdə olması təmin edilirmi? Hal-hazırki təhsil sistemində, əsasən də orta məktəblərdə psixoloqlar mövcuddur, lakin hamısının fəaliyyəti heç də qaneedici deyil, fikrimcə…

Məsələ bəzi psixoloqların heç ümumi psixoloji anlayışlarının olmamasıdır. Araşdırmalarıma əsasən deyə bilərəm ki, respublikanın bir çox məktəblərində heç psixoloq kabinet belə yoxdur. Və psixoloq olaraq bunları görmək mənə vahiməli gəlir. Psixoloqların məktəbdə əhəmiyyəti nədir? Sadə misallarla izah edə bilərəm: niyə məktəbli bullingə məruz qalır? Niyə məktəblilər arasında intihara cəhd və intihar hallarının sayı artır? Niyə məktəblərdə geniş əhatəli konfliktlər (müəllim-şagird, şagird-şagird, müəllim-valideyn) baş verir? Niyə çətin tərbiyə olunan uşaqlar məhz çətin tərbiyə ediləcək həddə çatır və bir çox hallarda məktəbdən kənarlaşdırılır?

Birinci sinifdə uşaqların adaptasiya problemi niyə onların təhsildən yayınmasına səbəb olur? Bəs özgüvən problemi olan şagirdlə fərdi şəkildə kimsə maraqlanırmı? İxtisas seçimində şagirdlərə dəstək və məsləhət verilirmi? Bu kimi suallar elə məktəblərdə psixoloqlarla bağlı onlarla problemin olmasından və peşəkar psixoloqlara ehtiyacdan xəbər verir. Psixoloq tibbi-psixoloji-pedaqoji şuranın üzvüdür. Bu şuranın fəaliyyətinə birinci sinfə qəbul ediləcək uşaq haqqında qərar verməsi də aiddir. Lakin bir çox məktəblərdə bu şuranın adı var…

psixoloq

Müasir dövrdə məktəblərdə intihar və intihara cəhd hallarının artması, yeniyetmələrin düzgün ixtisas seçimi edə bilməməsi, müəyyən konfliktlərin yaşanması, məktəblilər arasında lazımsız psixoaktiv maddələrə meyllərin olması, şagird cinayətinin artması, erkən nikah və s. Bu kimi hallar məktəblərdə düzgün psixoloji xidmət göstərilmədiyi, düzgün psixoloji mühitin təmin edilmədiyini göstərir. Bu gün məktəb psixoloqları elə bir psixoloji mühit yaratmalıdır ki, şagird heç kəsə etibar edib demədiyi problemi psixoloqla rahat bölüşə bilsin. Psixoloji maarifləndirmə, psixoloji konsultasiya, psixoloji profilaktika yox səviyyəsindədir. İlk növbədə psixoloqlar kabinetlə təmin edilməli, daha sonra psixoloji maarifləndirmə, konsultasiya və profilaktika tədbirlərinin həyata keçirilməsi təmin edilməlidir.

Gələcəkdə inanıram ki, bu kimi problemlər aradan qalxacaq, psixoloqlara münasibət dəyişəcək, “Psixoloq” deyəndə insanların fikrinə “dəli həkimi” deyil, cəmiyyətin ən nüfuzlu ixtisas sahibləri gələcək. İnsanların düşüncəsində düzgün psixoloq obrazı formalaşdırmaq biz gənc psixoloqların qarşısında duran ən böyük məqsəd və vəzifələrdən biridir.

 

Lalə ƏLİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir