turkmen

Bəzənməyin qadağan olunduğu ölkədə qadınlar necə yaşayır?

Baxış sayı: 415

Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir. Britaniyanın azadlıq indeksinə görə, Türkmənistan Şimali Koreya və Eritreyadan sonra aşağıdan üçüncü yerdədir.

“Gencaile.az” saytı  “Publika.az”-a istinadən oxucuları Türkmənistanda qadınlara qoyulan qadağalarla tanış edir.

2022-ci ilin aprelində ölkəni qadınlara qoyulan qadağalarının növbəti dalğası bürüdü. Qadınlara kirpiklərini uzatmaq, botoks vurmaq, dodaqları böyütmək, qaş permanenti etmək kimi gözəllik prosedurları qadağan olundu. Bununla belə, məhdudiyyətlər təkcə gözəlliklə bağlı deyil, hətta qızlara avtomobilin ön oturacağında oturmağa da icazə verilmir. Lakin sadaladığımız bütün bu ağlagəlməz qərarlar bir gecədə verilməyib, bu, ölkədə 1990-cı illərdən ardıcıl olaraq həyata keçirilən ayrıseçkilik siyasətinin davamıdır.

SSRİ dağıldıqdan sonra 2006-cı ilə qədər uzun illər ölkəyə rəhbərlik edən Saparmurad Niyazov teleaparıcılara makiyajdan çox istifadə etməməyi tövsiyə etmişdi. Tələbələrdən və ictimai xidmət işçilərindən milli geyimdə olmaları tələb olunurdu. Orta məktəbin qız şagirdləri saçlarını hörməli və ənənəvi baş geyimləri taxmalı idilər. 2006-cı ildə Türkmənbaşı vəfat etdikdən sonra prezident səlahiyyətlərini Qurbanqulu Berdiməhəmmədov icra etməyə başladı. Təəssüf ki, qadınların vəziyyəti daha da pisləşdi. 2018-ci ildə dövlət müəssisələrində çalışanlara saçlarını açıq tonlara boyamaq qadağan edildi. Bundan sonra saç ağardıcı və açıq rəngli boyaların idxalı dayandırıldı. Maşını sürən qadınlar yollarda saxlanılaraq cərimələndilər. Daha sonra polis əməkdaşları türkmən qadınlarının sürücülük hüquqlarını əlindən almağa, maşınlarını isə cərimə meydançasına göndərməyə başladı.

2022-ci ilin martında ölkənin əvvəlki liderinin oğlu Serdar Berdiməhəmmədov Türkmənistanın yeni prezidenti seçildi. O zaman sakinlər ümid edirdi ki, 40 yaşlı siyasətçinin atasından qat-qat mütərəqqi yol seçəcəcək. Ancaq qadağalar, əksinə, daha da gücləndi. Dövlət qurumları şalvar geyinən qadınlara xidmət göstərməkdən imtina etməyə başladılar. Milli geyimlər və baş örtükləri dövlət korporasiyasının əməkdaşları üçün məcburi geyim koduna çevrildi. Məktəblər və universitetlərdə isə “təbii” gözəlliyi təbliğ edən xüsusi mühazirələr keçirildi. İddia olundu ki, kosmetik vasitələr və uzun dırnaqlar zərərlidir.

 

“Azatlyk” radiosunun məlumatına görə, son aylarda onlarla qadın yeni qaydaları pozduğuna görə işini itirib və ya cərimə ödəməli olub. Xüsusilə söhbət qaş permanenti və dodaqlarını gel və dolğu etdirdiyi üçün işdən qovulan stüardessalardan gedir. Hadisə şahidlərinin sözlərinə görə, polislər ictimai yerlərdə reydlər keçirərək süni kirpik taxan və dırnaq uzadan qadınları saxlayıb cərimələyir. Bəzənib-düzənən xanımlar 140 dollar dəyərində cərimələnir, bu isə Türkmənistanda orta əmək haqqının təxminən üçdə biridir. Gözəllik salonlarının sahiblərinə xəbərdarlıq edilib ki, qadağan olunmuş xidmətlərə görə cərimə və üstəlik, onları 15 sutka həbs gözləyir.

Maraqlıdır ki, bütün bu məhdudiyyətlər hüquqi qüvvəyə malik deyil. Bir qayda olaraq, bunlar rəhbərliyin şifahi göstərişləridir, türkmən qadınları onları reydlər zamanı öyrənir. Bununla bağlı heç kim heç bir dövlət fərmanı görməyib, çünki heç yerdə dərc olunmayıb. Deməli, dövlətin irəli sürdüyü qadağalar heç bir şəkildə tənzimlənmir. Yerli deputatlardan biri yalnız bir dəfə botoks və digər “gözəllik iynələri” qadağasından danışıb. O da bu cür prosedurlar qadınların sağlamlığına zərərli olduğunu deməklə kifayətlənib. Bununla belə, dərmanın ölkəyə tədarükü dayanmayıb və çətin ki, biznes tamamilə bağlansın. Birincisi, bir çox usta evdə işləməyə keçib, lakin bu, yenə də risklidir. Polis hər an gələ bilər. Odur ki, ustalar xoşagəlməz halların qarşısını almaq üçün yalnız etibarlı müştərilərlə işləməyə çalışırlar. Ancaq başa düşmək lazımdır ki, belə şəraitdə heç kim göstərilən xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşımır. Son aylarda xanımların çoxu uğursuz prosedurların əziyyətini çəkir.

İkincisi, MTN-in yüksək rütbəli məmurlarına məxsus bəzi klinikalarda “qara siyahı”dakı xidmətlər hələ də göstərilir. Fakt budur ki, gözəllik sənayesi çox gəlirli bir sahədir.

Bir qrup türkmən qadınları onu da qeyd edirlər ki, onlar adi gözəllik prosedurlarını hələ də edirlər və heç bir çətinliklə üzləşmirlər. Bu, qadağaların pərdə arxasında tətbiq edilməsi və zaman keçdikcə polis əməkdaşlarının belə gücləndirilmiş nəzarəti dayandırması ilə bağlı ola bilər. Lakin bu, hakimiyyətin geri çəkildiyi anlamına gəlmir. İstənilən anda məhdudiyyətlər dalğası yeni güclə işə düşə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir