esas sekil

Bülent Korkmaz: “Küçədə çadırın qurulması və başsağlığına gələnlərin qarşılanması məni çox təsirləndirmişdi” – MÜSAHİBƏ

Baxış sayı: 495

“Gencaile.az” saytının  “Ailədən danış”  rubrikasının budəfəki qonağı Türkiyə milli komandasının və “Qalatasaray”ın əfsanəvi heyətinin kapitanı olmuş, ölkəmizdə isə vaxtilə “Bakı” klubunun baş məşqçi postunu tutmuş Bülent Korkmazdır.

 

–  Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

– Atam futbolçu olmağımı çox dəstəkləyirdi. Onsuz da mən bütün günü futbol oynayırdım, ancaq düzü, yüksək səviyyəli futbolçu olacağımı düşünmürdüm.

 

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

–  Mən başqa peşəni seçə bilməzdim. Amma edəcəyim bütün işlərdə uğur qazanmaq istəyərdim.

 

– İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

– Düzdür, futbol adamları həmişə gündəmdə olur, ancaq bu səbəbdən həyat yoldaşımdan qısqanclıq hiss etməmişəm. Əksinə, yoldaşım mənə hər zaman dəstək olur. Necə deyərlər, hər güclü bir kişinin arxasında güclü bir qadın dayanır.

Bulent K

 

–  Həm futbolçu, həm də məşqçi kimi evdən kənarda çox olmusunuz. Hətta “Bakı”nı çalışdıranda Azərbaycanda da yaşamısınız. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?

– Açığı, mən adaptasiya problemi yaşayan adam deyiləm. İstənilən şəraitə tez uyğunlaşıram. Bu səbəbdən Azərbaycanda da çətinlik çəkmədim. Ailəm də bu duruma öyrəncəlidir. Üstəlik, onların daha yaxşı yaşaması üçün pul qazanırdım.

 

– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

– Müsbət tərəfləri çoxdur. Ailə həyatının istənilən səviyyədə olması futbolçunun sərgilədiyi performansa da yaxşı mənada təsir edir. Ailəli futbolçular xoşagəlməz vərdişlərdən uzaq olur. Ya evdə olursan, ya da klubun bazasında.

 

– Səmimi deyin, evdə “komandir” kimdir?

– Hər hansı bir qərar vermək lazım olanda həyat yoldaşımla məsləhətləşirik.

 

– Azərbaycanlı ailələr ilə türkiyəli ailələr arasında hansı oxşar və fərqli cəhətləri müşahidə etmisiniz?

– Oxşarlıqlar yetərincədir. Ən əsası fərqli cəhətlər diqqətimi çəkmişdi. Məsələn, Azərbaycanda toylar çox əyləncəli olur. Düzü, toylarınız çox xoşuma gəlmişdi. Elə yas mərasimləri də fərqlidir. Küçədə çadırın qurulması və başsağlığına gələnlərin qarşılanması məni çox təsirləndirmişdi.

bk

– Toylardan söz düşmüşkən, qızınız azərbaycanlı oğlanla ailə qurmaq istəsəydi, buna münasibətiniz necə olardı?

– Bu qismətdən asılıdır. Normal yanaşardım. Əsas odur ki, tərbiyəli, əxlaqlı, normal işi olan bir adam olsun.

 

– Hansı futbolçularla ailəvi dostluq münasibətləriniz var?

Hazırda Türkiyə Peşəkar Futbolçular Dərnəyinin İdarə Heyətində yer alıram. Bu səbəbdən hər həftə “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”un keçmiş oyunçuları ilə görüşmək imkanım olur.

 

– Tanınmış sima olmaq sizin gündəlik həyatınıza necə təsir edir?

– Mən həyatımı normal şəkildə yaşayıram. İnsanların mənə qarşı olan münasibəti çox xoşdur. Bu mənim gündəlik həyatımda heç bir problem yaratmır.

 

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– 2002-ci ildə Çempionlar Liqasında Romada bu şəhərin eyni adlı komandası ilə qarşılaşırdıq. Heç-heçə (1:1) başa çatan oyundan sonra paltardəyişmə otağına yollananda iki komandanın üzvləri arasında mübahisə yarandı. Bundan az sonra isə polislərin hücumuna məruz qaldıq. Həmin vaxt komandanın İdarə Heyətinin üzvü Abdulrahim Albayrak italiyanlara “uşaqlara dəyməyin”, “futbolçularımla işiniz olmasın” deyərək qışqırırdı. Sözügedən anda Albayrakın durumu gülməli olmasa da, sonradan onun düşdüyü vəziyyətə xeyli gülmüşdük.

 

Söhbətləşdi: Tural Məmmədov

Mersin, Türkiyə

hs

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2014-03-11 06:42:58Z | http://piczard.com | http://codecarvings.com

ft

b

dugun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir