960x0

“Covid-19” pandemiyası: Güclü immunitet, yoxsa psixoloji dözümlülük?

Baxış sayı: 1. 844

Bütün dünyanı öz əsarəti altına almış Covid-19 pandemiyasi insanların həm fizioloji, həm psixiloji sağlamlıqlarını təhdid edən bir virus kimi geniş yayılmaqdadır. Cox yeni bir virus olması və sürətlə yayılmasının qarşısının alınması hal-hazirda qeyri-mümkün olduğu üçün bütün dünya ölkələrində bir sıra tədbirlər görülür. Bu tədbirlər ölkəmizdə də cox ciddi surətdə həyata keçirilir.

Sosial məsafənin qorunması, maskalardan istifadə etmək, əlləri tez-tez yumaq bu epidemiyadan qorunmağın əsas yollarıdır. Ancaq son günlərdə daha ciddi karantin rejimə keçid, yəni sosial izolasiya insanları evlərində oturmağa, mümkün qədər çölə çıxmamağa vadar edir. Sosial izolasiya insanların alışdığı gündəlik vərdişlərin pozulmasına və psixoloji narahatlıqlarına gətirib çixardır. İnsanın bir gün ərzində (24 saat) bütün metobolik funksiyalarını tənzimləyən onun daxili bioloji saatıdır. Bioloji saatın düzgün çalışmasında gün işığı əsas rol oynayır. Belə ki, işiğın təsiri nəticəsində insan oyanma vaxtını, qaranlıqda isə melotonin hormonunun ifrazı nəticəsində yatmaq vaxtını anlayır.

Hal-hazırda sosial izolasiya şəraitində insanların gündəlik rejimləri pozulduğu üçün bu da öz növbəsində bioloji saatlarının tənzimləyici funksiyasına təsirini göstərir. Yuxu problemləri, saat fərqi olmadan çox yemək yemək xüsusilə də gecələri bərəbərində yorğunluq, depressiya kimi psixoloji narahatlıqlara gətirib çıxarda bilər. Bunun qarşısını almaq üçün ilk öncə insan Covid19 pandemiyasını bir təhlükə olaraq dərk etməli, mövcud ciddi karantin rejimə əməl etməli və üzərinə düşən öhdəliklərini yerinə yetirməlidir. Təhlükə olaraq dərk etmək dedikdə bu davamlı, bunun haqqında düşünüb özünə koronaya qarşı bir fobiya yaratmaq kimi başa düşünülməməlidir. Unudulmamalıdır ki, normal səviyyədə qəbul edilən stres faktoru ziyanverici ola bilməz. İnsan öz düşüncələrinin fərqinə varıb bunu kontrol altında saxlaya bildiyi müddətdə buna uyğun olaraq öz hislərini və hərəkətlərini də tənzimləyə biləcəkdir. Nəticədə preventativ tədbir kimi sosial izolasiya nəticəsində insan öz fiziki sağlamlığını qoruduğu kimi, psixi sağlamlığını da qorumağı bacarmalıdır. Bunun üçün müəyyən bir sıra qaydalara əməl etmək vacibdir:

  1. Yenidən öz gündəlik rejimini tərtib etməli; stabil rejim bioloji saatın tənzimlənməsində ən böyük faktordur.

2. Hər gün eyni saatda yataqdan qalxmaq və eyni saatda yatmaq.

3. Bioloji saatın tənzimlənməsində işığın rolu böyük olduğu üçün, hər gün 1-2 saat pəncərə qabağında və ya eyvanda vaxt keçirmək.

4. Hər gün eyni saatda idman etmək.

5. Hər gün eyni saatda qida qəbul etmək.

6. Sosial kontaktı kəsməmək, yəni öz yaxınlari və dostları ilə fikirlərini, düşüncələrini telefon vasitəsi ilə bölüşmək.

e8tb66_web

Mövcud karantin rejiminin davamlı olmadığını, preventativ tədbir kimi dərk etmək stressor faktorun təsir gücünü də azaldacaqdır. Bəzən insanlar beyinlərindən keçən düşüncələrinin spontan olduğunu, üzərində düşünməsələr belə davamlı həyəcanlandırıcı fikirlərin onları narahat etdiklərini dilə gətirirlər. Bu insan beyninin çox vaxt avto pilot modunda çalışdığını göstərir, yəni şüurlu olaraq düşünmədən edilən avtomatik hərəkətlər, deyilən sözlər buna aid edilə bilər. Bunlar zamanla, təcrübə yolu ilə öyrənilmiş aktlardır. Avtomatik yaranan düşüncələrin, spontan hərəkətlərin qarşısını almaq və ya fərqinə varmaq üçün ilk öncə beyindəki avto pilot modunu keçirtmək lazımdır. Daha sonra həyəcanlandırıcı fikirlərin altında yatan əsas məsələyə fokuslanıb, onu üzə çıxarmaq lazımdır. Əsas səbəb tapıldığı andan etibarən insan onun haqqında düşüncələrini də kontrol edə biləcəkdir.

Normal dozda qəbul edilən qorxu, təşfiş halları mental sağlamlıq üçün təhlükə mənbəyi deyildir.

Qlobal pandemiya şəraitində insanlara ən çox kömək edəcək bir sıra psixoloji tədbirlər var: insan yaranmış təhlükə faktorunu dərk etməli və bu faktora qarşı lazım olan tədbirlərə əməl etməlidir (əlləri tez-tez ən azı 20 saniyə müddətində sabunla  yumalı, spirt və ya digər dezinfeksiyaedici vasitələrdən istifadə etməli, insanlarla ünsiyyətdə olarkən ara məsafəsi saxlamalı, evdə olmalı, qonaq getmək və ya qonaq qəbul etməməli, lazım olmadıqca evdən çıxmamalı, təbii, vitamin-minerallarla zəngin qida qəbul etməli və s.). Psixoloji dözümlülük insanı özünü qorumaqla yanaşı, ətrafındakı insanlara da müsbət təsir edir. Yaranmış stress şəraitində vəziyyəti düzgün qiymətləndirməklə hər birimiz pandemiya zamanı sağlam qala bilərik.

Qərbi Kaspi Universitetinin müəllimi b.ü.f.d. Natəvan Kərəmova
Qərbi Kaspi Universitetinin tələbəsi İlahə Novruzova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir