erzaqlar

Yardım səbətində hansı ərzaqlar olmalıdır?

Baxış sayı: 1. 226

Dünyanı cənginə alan COVİD-19 pandemiyası əksər ölkələrdə bir çox sahələrə mənfi təsir edib. Xüsusilə də yaşanan iqtisadi böhranı gözardı etmək olmaz. Bütün dünya virusun fəsadlarından danışarkən, psixoloqlar məsləhət görür ki, yaşanan hadisələrə yalnız mənfi yox, müsbət tərəfdən də baxmaq lazımdır. Məsələn, bu hadisənin bir müsbət tərəfi insanlarda yardımlaşma duyğusunu üzə çıxartmasıdır. Belə ki, hər kəsə məlum səbəblərdən günümüzdə bir çox ailələrin ərzağa ciddi ehtiyacı yaranıb. Çünki karantin şəraitinə görə əksər müəssisələrdə, müxtəlif sektorlarda fəaliyyət dayanıb və orada çalışanların, o cümlədən də günəmuzd işləyənlərin hazırda heç bir qazancı yoxdur.

Sosial mediada apardığımız müşahidələrə əsasən deyə bilərik ki, xalqımız bu günlərdə, sözün əsl mənasında birlik nümayiş etdirir. Bir çox yardım kampaniyası başladılıb. Müxtəlif adlar altında sosial media qrupları yaradılıb və orada yardıma ehtiyacı olan şəxslər üçün ianələr toplanır. Həmin yığılan pulla isə ailələrin ərzaq ehtiyacı təmin edilir. Amma bununla yanaşı, bəzi şəxslər bildirirlər ki, həmin yardım paketində bəzən heç də zəruri ərzaq malları olmur və şəklini çəkib sosial mediada paylaşırlar. Yardım paketinin şəklinin çəkilib paylaşılması bir yana, maraqlıdır ki, həmin yardım səbətində hansı ərzaqlar yer almalıdır, bir ailənin gündəlik olaraq qida rasionunu nələr təşkil etməlidir?

 

 

Sosioloq Lalə Mehralı ilə söhbətimiz zamanı o da son günlər belə yardımlaşma metodlarını sosial şəbəkədən izlədiyini və qeyd etmək istədiyi bəzi nüanslar olduğunu bildirdi: “Açığı, insanlar arasında bu cür yardımlaşmanın geniş aspektdə həyata keçirilməsi çox yaxşıdır. Bəlkə də son günlər edilən ən gözəl işlərdən biri ehtiyacı olan ailələrə ərzaq tələbatını ödəməkdə kömək etməkdir. Lakin məsələnin bir “əmma”sı var. Bəzən dostlar yardım paketlərinin şəklini sosial mediada paylaşanda fikir vermişəm ki, heç də düşünülmüş şəkildə yığılmayıb. Məsələn, bir səbətə makaron, çörək, bir kilo kartof, soğan qoyurlar və onları da hesablayanda 10-15 manat civarında bir şey edir. Məncə, bir ailə nə qədər kasıb olsa da, evinə çörəyini, kartof-soğanını ala bilir. Ona görə də elə ərzaqlar almaq lazımdır ki, ailənin, həqiqətən onları almağa gücü çatmır. Hazırda ən bahalı ərzaq, səhv etmirəmsə, ətdir. Yaxşı olar ki, bir-iki kilo ət və ya bir neçə toyuq alınsın. Həmçinin saxta yox, keyfiyyətli kərə yağı qoymaq mümkündür. Digər tərəfdən, yaxşı olar ki, əvvəlcədən ailələr araşdırılsın və onların tələbatına uyğun yardım edilsin. Yəni hər ailənin ehtiyac dərəcəsi eyni olmur. Məsələn, elə ailələr tanıyıram ki, azyaşlı övladı var və ona gündəlik olaraq süni qida ala bilmir. Həmin ailələrə ərzaqdan çox, uşağına yemək almaq lazımdır. Çünki hər kəsə məlumdur ki, günümüzdə ən ucuz uşaq yeməyi 15 manatdır. İnanın, bir ailənin gündəlik ərzağı bəlkə heç o qədər etmir. Ona görə ilk olaraq hansı ailənin nəyə ehtiyacı olduğunu araşdırıb, sonra həmin ailəyə uyğun yardım paketi hazırlamaq lazımdır”.

 

 

Qida məsələləri üzrə ekspert İsa Əliyev pandemiyanın yayıldığı dövrdə insanlara immuniteti gücləndirəcək qidaların qəbul edilməsini məsləhət görür: “Xəstəliyə tutulmamaq, immunitetimizi gücləndirmək üçün ilk olaraq meyvə-tərəvəzlərlə, ədviyyatlarla, süd və süd məhsulları ilə qidalanmalıyıq. Bu ərzaqlardan istifadə edən insanın virusa tutulma faizi aşağı olur. Təbii ki, mövcud vəziyyətdə bəzi insanlar bu qidaları ala bilmir və onlara müəyyən yardım səbətləri verilir. Bu yardımlaşma təşəbbüsünü şəxsən yüksək qiymətləndirirəm və həmin şəxsləri alqışlayıram. Düşünürəm ki, bu yardım paketlərində ilk növbədə yağ, ət, quru qidalar olmalıdır. Daha sonra imkan varsa, meyvə-tərəvəzlərdən paketin içinə daxil etmək olar. Müşahidəmə əsasən deyə bilərəm ki, bəzi yardım paketlərinin içinə sırf pandemiya dövrünə görə zəncəfil və sarımsaq qoyulur. Məncə, bu çox xoş və gözəl haldır. Çünki hər ikisi kifayət qədər bahalıdır, hər kəsin ala biləcəyi məhsullar deyil. Qeyd edim ki, hər ikisinin tərkibində insanlar üçün faydalı vitamin və minerallar var”.

Sosial şəbəkədə kiçik bir araşdırma edib, bu yardımları edən bəzi qruplarla maraqlandıq. Bunlardan biri də “Xızır Baba” adı ilə tanınan səhifənin təsisçisi Vəfadar Babayevdir. O qeyd edir ki, hazırladıqları yardım səbətinə gündəlik tələbat mallarını daxil ediblər: “Burada düyü, makaron, şəkər tozu, qənd, çay, qarabaşaq, tomat kimi ərzaqlar üstünlük təşkil edir. Bundan başqa, ailədə olan müxtəlif yaş qruplarını nəzərə alaraq da bəzi ərzaqları yerləşdiririk. Məsələn, uşaqlar üçün onların xoşuna gələ biləcək ərzaqları qoyuruq. Karantin dövrü olduğu üçün hər ailəni araşdırıb, ona uyğun ərzaq təminatı etməyimiz çətindir. Ona görə ərzaq paketinə ümumi olaraq gündəlik tələbat məhsullarını qoyuruq”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir