Bullinq

Bullinqlə mübarizə ailədən başlamalıdırmı? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 942

Son zamanlar məktəblilər arasında zorakılıq, psixoloji terror halları xeyli artıb. Uşaqlar aralarında daha zəif olanı və ya onlardan seçiləni təqib edir, döyür, ələ salır və s. Yadınızdadırsa, bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mətbuta açıqlamasında bulinqin kökünün məktəblərdə yox, ailələrdə qoyulduğunu bildirməklə məsələyə fərüli baxış ortaya qoymuşdu:” Əgər uşaq ailədə bulinqə məruz qalırsa, məktəbdə qısnamaya məruz qaldıqda buna sərt reaksiya verə bilmir. Bu yaxınlarda Bakı məktəblərindən birində bulinq hadisəsi baş verdi. Bulinqə məruz qalan qızın üzünün ifadəsində də görünürdü ki, o, ailəsi tərəfindən müdafiə olunmur. Bulinq problemi ailələrdən qaynaqlanır. Məktəblərdə isə bu proses inkişaf edir”

Birlik sədri həmçinin əlavə etmişdi ki, Azərbaycan məktəblərində şagirdlərlə psixoloji iş ürəkaçan vəziyyətdə deyil. K.Ağazadənin sözlərinə görə, məktəblərdə lazımi sayda və ixtisaslı psixoloqlar yoxdur.

K.Ağazadə şagirdlərin psixoloji pasportunun hazırlanmasını da onların hüququnun pozulması kimi dəyərləndirmişdi.

PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı deyir ki, bu cür hallar nəzarətin və tərbiyəvi metodların zəif olduğu məktəblərdə daha çox olur. “Uşaqların məktəbdə tələbatları təmin edilmədikdə, onları başa düşmədikdə və onlara hörmət etmədikdə belə hallar artır. Lakin müəllimlərin uşaqların tərbiyəsinə ciddi yanaşdıqda, onların psixoloji problemləri ilə maraqlandıqda belə hallar nadir olur”.

Almara

Psixoloq qeyd edir ki, təzyiq və təqib edən uşaqlar çox vaxt qadağa olmadan böyüyən uşaqlar olur. Onlar valideyn üstünlüyünü qəbul etmir, sözə baxmırlar. Valideynləri onlara çox nəzarət etmir. Sərbəstliyə baxmayaraq, onların böyüklərin diqqətinə və hörmətinə ehtiyacı çox olur. Bu tələbatları ödənilmədiyindən onlarda aqressiya formalaşır. Onlarda bu aqressiya bir müddət boğulur, lakin onlar aqressiyanı valideynlərinə qarşı yönəldə bilmir. Ona görə də, uyğun qurban axtarır. Ciddi qayda-qanunların olduğu məktəbdə belə uşaqlara öz davranışına nəzarət etmək asan olur. Lakin cəzasız öz üstünlüyünü, hökmünü göstərmək fürsətini də əldən verməz. Onlar yaxşı və xeyirxah insan olduqları fikri ilə böyümür, özlərini vacib və sevimli hiss etmir, bu səbəbdən də başqa insanların hesabına özünü üstün sayaraq, özünü təsdiqə ehtiyac duyur.

Mütəxəssis qeyd edir ki, adətən bullinqi törədən tərəfin hərəkəti onun tərbiyəsində mövcud olan çatışmazlıqlarla yanaşı onun əqli keyfiyyətləri və sosial statusu haqqında neqativ anlayışlarla xarakterizə edilir. Məktəblərdə neqativ halların, bullinqin artmasının əsas səbəbi şagirdlərin danışacağı bir adamın olmamasıdır: “Biz görürük ki, yeniyetmə yaşına çatan məktəblilər arasında bir-birinə, eləcə də başqalarına qarşı ciddi emosional, psixoloji istismar halları yaşanır. Belə hallarda şagirdin ətrafında danışacağı, şəxsi probleminə həll tapa biləcəyi bir insan yoxdursa, şagird həmin problem ilə təkbaşına qalır. Bunun da nəticəsində şagird depressiyaya düşə bilər. Belə vəziyyətdə istər şagird, istərsə də yaşca böyük bir şəxs özünə zərər verəcək duruma gəlir. Bu kimi hallar məktəblinin dərslərinə, akademik göstəricilərinə mənfi təsir edir. Ona görə də beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, xaricdə orta məktəblərdə, eləcə də ali məktəblərdə dəstək mərkəzləri var. O mərkəzlərdə mentor, təhsil psixoloqu kimi kadrlar “böyük qardaş”, “böyük bacı” kimi fəaliyyət göstərirlər.

Psixoloq onu da vurğulayır ki, məktəblilər arasında artan təzyiq və aqressiv davranışlar onların psixologiyasına vurduğu mənfi təsiri ilk növbədə valideyn aşkar etməlidir. Çünki uşağın məktəbə getməməsi, məktəbdə problemin olduğunu bu şəkildə göstərir. Yəni uşağın məktəbdən qaçması, dərsdən yayınması, özünə qapanması, sakit olması valideynə siqnal ötürür ki, uşaq məktəbdə müəllimlər və yaxud da şagirdlər tərəfindən hər hansı bulinqə məruz qalıbdır. Bunun üçün də valideyn uşaqlarda özünəqapanma, həyəcan təşvişinin artması, gecə qorxuları, enurez(qeyri-ixtiyari sidik ifrazı), ünsiyyətdə problem, ailədaxili münaqişələrin yaranması, bacı-qardaşlarına qarşı şiddətin artması, tək yatmaq qorxusu, aqressiyaların çoxalması, yuxudan qorxu ilə  ayılması kimi hallar gördükdə düşünməlidir ki, uşaq artıq əvvəlki kimi deyil. Valideyn dərk etməli və aşkara çıxarmalıdır ki, mənim  uşağım məktəbdə kimlərsə tərəfindən bullinqə məruz qalır.

Almara xanım sonda vəziyyətdən çıxış yolunu da göstərdi və aşağıdakı fikirləri səsləndirdi: Belə halların qarşısının alınması üçün davamlı təbliğat və maarifləndirmə işləri də həyata keçirilməlidir. Bunu etmədən konkret nəticələr nail olmaq qeyri-mümkündür. Qeyd edim ki, bullinqlə mübarizədə həm müəllimlərimizin, həm valideynlərimizin, həm də məktəblərimizin üzərinə ciddi vəzifələr düşür. Hər kəs bu məsələdə üzərinə düşən vəzifəni vicdan və insafla yerinə yetirməlidir”.

 

Hazırladı: İlahə Atəş




5 şərh “Bullinqlə mübarizə ailədən başlamalıdırmı? – PSİXOLOQ RƏYİ

  1. Safura

    Əgər müəllim sinifdə belə halların yaşandığını görürsə, mütləq tədbir görməlidirlər. Müəllimlər təklənən uşağı həmin vəziyyətdən çıxarmaq üçün valideyn iclası təşkil edib valideynləri maarifləndirməlidirlər

    Cavabla
  2. Mehri Nuriyeva

    Dünyanın əksər ölkələrində şagirdlər belə xoşagəlməz hadisələrlə üzləşir və bu zamanla onların psixologiyasında dərin izlər buraxır, onlarda özünəinamı zədələyir.

    Cavabla
  3. Elşən Məsimov

    Valideynleri narahat eden esas meselelerden biridir. Toxunduginiz ucun sag olun

    Cavabla
  4. Ruslan Seferli

    O qdeder genis yayilib ki artiq adam harda ve nece mubarize aparmali oldugunu bilmir az qala

    Cavabla
  5. Səmayə Əlizadə

    Dünyanın əksər ölkələrində şagirdlər belə xoşagəlməz hadisələrlə üzləşir və bu zamanla onların psixologiyasında dərin izlər buraxır, onlarda özünəinamı zədələyir. Odur ki, harada baş verməsindən asılı olmayaraq hər bir bullinq hadisəsi ciddi araşdırılmalı, zamanında zəruri tədbirlər həyata keçirilməlidir. Psixoloq rəyi də əhəmiyyətlidir, məncə

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir