ders

Dərslərin və imtahanların təxirə salınmasının nəticəsi necə olacaq?

Baxış sayı: 1. 044

Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Nazirlər Kabinetinin martın 3-dən 9-dək elan etdiyi tətil yeni qərarla martın 10-dan 20-dək uzadılıb.

Dərslərlə yanaşı, həmin müddətdə nəzərdə tutulan bütün imtahanları isə Dövlət İmtahan Mərkəzi təxirə salıb. Dərslərin, imtahanların təxirə salınması hansı nəticəni verəcək və şagirdlər prosesə necə hazırlaşmalıdır?

Image result for Təhsil eksperti Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, imtahanların təxirə salınması onu deməyə əsas verir ki, aprel və may aylarında hər hansı bir tətil nəzərdə tutulmasa, şagirdləri bir-birinə sıx, yaxın imtahan günləri gözləyir: “Dərslərin təxirə salınması aprel ayında Dövlət İmtahan Mərkəzinin (DİM) keçirməsi nəzərdə tutulan 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının təxirə salınması ilə bağlı fikirlərin səslənməsinə səbəb olur. Bununla bağlı bəzi vacib məqamları qeyd edim. Birincisi, aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda – mart ayının 20-nə, tətilə görə isə 27-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olmamalıdır. Əgər növbəti tətil vaxtı uzadılması baş verərsə, bu zaman, zənnimcə, imtahan saxlanıla bilər.

İkincisi, kurikulumun tələbinə görə şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqıar yaradılmalıdır və həmin bacarıqlar 10-15 gün ərzində unudula bilməz”.

K.Əsədovun sözlərinə görə, şagirdlərin imtahanda əldə etdikləri nəticələri orta məktəblərdə yox, həmin bilik və bacarıqlara repetitor yanında, hazırlıq kurslarında yiyələndikləri nəzərə alınarsa, o zaman tətilin imtahan nəticələrinə ciddi təsiri olmayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir