novella ceferoglu

“Dedim ki, lap boşanaram, amma Azərbaycanda qalmalıyam… “

Baxış sayı: 828

Dünən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun doğum günüdür. Media əhlinə, fəal gənclərə göstərdiyi qayğı, diqqətə görə “Mamaşa” adını qazanan, məhbus ailələrinin, məhbusların ümid yeri olan Novella xanımı 79 yaşı münasibəti ilə təbrik etmək üçün İçərişəhərdə yerləşən ofisində olduq. Ofisə gətirilən bəzəkli gül buketlərinin, təbrik zənglərinin ardı-arası kəsilmirdi.

Fürsət tapıb onunla  söhbətləşdik.

 

– Öncə sizin doğum gününüzü təbrik edirik. Hər doğum gününüz gələndə hansı hissləri keçirirsiz, gözünüzün önündə hansı xatirələriniz canlanır?

– Sözsüz ki, doğum günlərimdə ilk olaraq anam, atam yadıma düşür. Onlar çox ləyaqətli insanlar. Valideynlərim mənə çox dəyər verirdi, xüsusən də atam. Atamı lap gənc yaşlarımda itirmişəm. Atam 43 yaşında rəhmətə gedəndə mənim 17 yaşım var idi. Həmişə deyərdi ki, “Bu qız çox mərd olacaq”. Əlbəttə ki, qardaşlarım da var idi. Lakin məni onların içində məni daha çox sevirdi. Bəlkə də  ilk övlad olduğum üçün. Buna görə də atamı itirməyim mənə çox pis təsir  etmişdi.  Öz aləmdə özümü ailəmizin başçısı hiss edirdim. Bu mənə güc verdi. Çünki evdə böyük qız mən idim, bacı və qardaşlarım çox kiçik idilər. Anam da çox mərd qadın idi və ona dəstək mən oldum.

 

– İlk olaraq evdə “Mamaşa” olmusunuz…

– Anam ilə demək olar ki, rəfiqə idik. Anam 36 yaşında həyat yoldaşını itirmişdi. Anamla birlikdə ailəmizi dirçəltməyə çalışdıq. Hər kəs ali təhsil aldı. Beləliklə, doğum günlərimdə ilk olaraq ailəm yadıma düşür, sonra isə dostlarım, tanışlarım. Təvazökarlıqdan uzaq da olsa, bilirəm ki, Azərbaycanda çox sevilən adamam. Yəni, həm müxalifət, həm də iqtidar  tərəfdən olan insanlar məni sevir, hörmət edir. Hətta bu gün məni sevməyən insanlar belə zəng edərək, doğum günümü təbrik etdilər. Deməli, hansısa dəyərim olub ki, sevməyənlər belə məni bu gün yada salır.

 

– Hər halda, “Mamaşa” adını təsadüfdən almamısız.

– Hər, təsadüfdən olmayıb. Bu, böyük qürurdur. Mən vətənimi, Azərbaycanımı sevən insanam. Hər zaman çalışmışam ki, kiçik də olsa vətən üçün nəsə edim. Hər zaman uzaq olmuşam dedi-qodudan. Çalışmışam ki, təkcə siyasi məhbuslara deyil, sadə insanlara da köməklik edim. Sevindirici haldır ki, 79 yaşımda bu qədər sevənim var… Yaxşı həyat yaşamışam. Doğrudur, döyülmüşəm, söyülmüşəm, həbsə düşmüşəm. Bütün bunlara baxmayaraq, yaxşı həyat görmüşəm. Müstəqilliyi dostlarımızla çiyin-çiyinə qazanmışıq, tankların üstünə getmişik, bayrağımızı qaldırmışıq. Bunların hamısı yaşadığım dövrə düşüb. Buna görə də qürur duyuram ki, Azərbaycanda yaşayıram, türkəm. İnanıram ki, Qarabağı da, elə Zəngəzuru da geri alacağıq. Torpaqsız insan heç nədir. Zamanında həyat yoldaşımla birgə Kəlbəcərdə, Ağdamda geoloji ekspedisiyalarda işləmişəm. Bu gün ürəyim qan edir ki, bizim Kəlbəcərdə kəşf etdiyimiz qızıl yataqları bu gün  ermənilərin əlindədir, onlar bu dəyərdən istifadə edirlər. Bunları hayqırmaq lazımdır.

f152820e-6a1e-4cbe-b1b0-facba966b8d6 (1).jpg (132 KB)

“Çinlilərin gətirdiyi virusdan ölmək istəmirəm”

 

– Bir az öncə həyat yoldaşınız haqda da danışdınız. Bilirik ki, həyat yoldaşınız, övladlarınız uzun illərdir ki, sizdən ayrı, İsraildə yaşayır. Sanki kənardan elə görünür ki, siz karyeranızı ailənizdən daha üstün tutmusuz. Bir qadın, ana kimi sizə çətin olmayıb?

– Qadın hüquqları cəmiyyəti nə karyera ola bilər? Sadəcə ictimai təşkilatdır. Sabah mən olmasam buradakı qızlar bu təşkilatı davam etdirəcəklər. Bizim təşkilatdan 7 təşkilat  çıxıb. Onların arasında Mehriban xanım, Sevda xanımın təşkilatları nümunə ola bilər. Karyera üçün olmayıb. Ailəm İsrailə gedəndə mən onlara dedim: “Siz yəhudisiz, mən isə azərbaycanlı. Siz öz, mən də öz vətənimi seçirəm. Nə cür istəyirsinizsə o cür də edək. İstəyirsiniz boşanım, amma Azərbaycanda qalacam. Ata-anamın yaşadığı  yerdən heç yerə gedə bilərəm”. Onlar da bunu qəbul etdilər. Bu işi quranda yoldaşım da mənimlə birgə idi. Oğlanlarımın hamısı Xalq Cəbhəsinin üzvü idi. Həyat yoldaşım da Əbülfəz bəyin ən yaxın dostu idi. Bu dəqiqə onun evinə getsəz görərsiz ki, divarında, kompüterində Əbülfəz bəyin şəkli var. Beləliklə, ailəm mənim Azərbaycanda qalmağımı qəbul etdilər. Üstəlik ildə bir neçə dəfə ya onlar bura gəlir, ya da mən ora gedirəm. Hər dəfə gələndə də 5-6 dostlarını da özləri ilə gətirir, Azərbaycanı tanıdırlar. Onlar da Azərbaycanın necə qədim mədəniyyətə malik olduğunu görürlər.

 

– Bəzən belə bir fikir söyləyirlər ki, Sovet dövrünün qadınları öz hüquqlarını daha çox bilirdi, nəinki indiki qadınlar. Baş verən məişət münaqişələrinin əksəriyyətini bununla əlaqələndirirlər.

– Sovet dövründə də arvadı döyürdülər də, söyürdülər də. Sadəcə olaraq o dövrün qadınları  əri tərəfindən döyüləndə polisə müraciət etmirdi. Və yaxud əri öldürəndə də bunu qəzetlər yazmırdı. Sovet hökuməti bu məsələdə həssas idi. Deyərdim ki, indiki qadınlar öz hüquqlarını daha yaxşı bilir. Sadəcə ondan istifadə etməyi bacarmırlar. Sovet dövründə kvota var idi ki, kim olursa olsun 20 qadın mütləq parlamentdə olmalıdır. Onların arasında sağıcı da, digərləri də olurdu. Amma indi parlamentdə başqa qadınlar təmsil olunur. Onların arasında doğrudan da ağıllı, işgüzar olanı da var.

 

– Yəni, təsadüfi düşənlər də var.

– Sözsüz ki. Təsadüfi olanlar çoxdur (gülür). Beləliklə qadınlarımız öz hüquqlarını bilir, sadəcə qanunlarımız işləmir. Bu məsələni qaldırmaq lazımdır. Bundan əvvəl çoxlu sayda qadın təşkilatları, resurslar yaratmışıq. Vacibdir ki, yenə də bu cür qurumlar açılsın. Soros Fondu  bağlandı. Amma indi bu cür fond yaradın, verin bizə işləyək.

Hazırda yoxsulluqdan əziyyət çəkənlər yaşlılar, qocalardır. Kimin övladları var, bir qədər yaşaya bilir. Amma axı övladı olmayan qocalar da var. Həmin qocaların dərdinə qalan yoxdur. Emin Ağalarov bu günlərdə açıqlama verdi ki, Moskvada xüsusi qurum yaranıb, qocalara yemək verirlər. Bizdə də bu cür qurumlar yaradılmalıdır.

Bakıda da yəhudi qurumu var ki, hər yaşlı insanlara hər ay içində kifayət qədər ərzaq olan qutular paylayır, onları bərbərə göndərir, saçlarını düzəltdirir, manikür etdirir və sairə. Niyə biz bunu özümüzə nümunə götürüb, edə bilmirik?

 

 – Bir neçə gün sonra 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bəzən yarızarafat-yarıciddi bəzi kişilər 8 martı etirazla qarşılayır, bu bayramın Azərbaycana aid olmadığını bildirirlər.

– Bu bayramdır da. Çox istərdim ki, qadınlara hər gün bayram olsun. Bu vacibdir. Qadınlar üçün  təkcə 8 mart deyil, Analar Günü, Qadın Hüquqlarının Müdafiə Günü olmalı,  eləcə də zorakılığa qarşı bir gün qeyd edilməlidir.  Yəni hər dəfə qadına nə qədər çox güc verilsə, bir o qədər güclü olar. Yalnız qadınla cəmiyyət qurulur. Qadına hörmət olmasa, bu cəmiyyət çox çətin qurula bilsin. Qadın dünyaya övlad gətirir, ona tərbiyə verir. Yəni qadın bu cəmiyyəti qurur.

88079904_524062908314010_5568239831554719744_n (1).jpg (79 KB)

 – Bəzən elə bunu kişilər qısqanclıqla qarşılayır ki, qadınlar üçün bayram günü var, hər zaman onların hüquqlarını qorunur, qadın zorakılığından söz açılır, amma heç kişiləri düşünən yoxdur.

– Kişilər vəzifələrdə, biznesdədir, prezident, nazirdir. Hər şey onların əlindədir də (gülür). Nahaq o cür düşünürlər. Kişilərin də hüquqları qorunur. Əgər sənin evində qadına qarşı hörmət varsa, başqa pulu kişilər kimi kənarda da 3-4 qadın saxlamırsansa, özünə hörmət edirsənsə, ömründə bu cür sözlər deməzsən.

 

 – Bugünkü görüşümüz həm də Od çərşənbəsinə təsadüf edir. Uşaqlığınızda, gəncliyinizdə Novruz bayramı ilə bağlı hansı adət-ənənələr var idi ki, indi onlar unudulub?

– Bayramları adətən rayonlarda olmuşam. Xüsusən Naxçıvan bölgəsində “Xıdır gecəsi”, papaq atma adəti olurdu, böyük-böyük adamlar gedib papaq atırdı, od qalanar, üstündən hoppanardıq, təndirlərdə, kürələrdə kökələr, paxlavalar bişirilərdi. Bir-birinin evinə qonaq getmək, paylaşmaq kimi adət var idi.  Bir sabun, yaylıqla qonaq gedirdin, amma çox gözəl keçirdi. Hələ ki, kəndlərdə təmiz insanlar çoxdur. Onların arasında tonqaldan hoppanmaq, axşam bir tikə çörək yemək gözəldir. Ordubadlılar demiş, “Olmasın aş, olsun maş şorbası”, bu adama ləzzət edir.

Yadımdadır ki, bu vaxtlar Novruz bayramına yaxın Naxçıvan dağlarında güllər, çiçəklər açırdı. Əbülfəz bəyin anası ilə birgə dağlardan güllər, otlar yığırdıq. Bizi öyrədirdi ki, hansı ot yeməyə tökülür, hansı dərman üçündür. Yəni, kənddən zövq aldığım kimi heç bir yerdən zövq ala bilmirəm.

 

 – Qarşıdan bayram gəlir. Bu münasibət ilə özünüz evdə şirniyyat, ləziz yeməklər bişirəcəksinizmi?

– Zamanında bacımla birgə paxlava, şəkərbura bişirirdim. İndi də bacım  və qızı gəlir, birlikdə paxlava bişiririk. Amma özüm yemək bişirirəm. Mənim bişirdiyim yemək kimi heç kəs ləziz bişirə bilmir. Bu işdə ustadam (gülümsəyir).

 

– Hüquq müdafiəçisi ilə müsahibə edib, bu sualı verməyə bilmərəm. Mart ayında əfv olacaqmı? Sözün düzü gözlənilirdi. Lakin növbədənkənar parlament seçkiləri keçirildiyindən bu məsələ dayandı. Bildiyiniz kimi əfv komissiya üzvlərinin əksəriyyəti parlamentdən getdi. Onlar nə vaxt yığışacaq, kimlər təyin olunacaq, məhz bundan sonra nəsə demək olar.

– Bir neçə gün əvvəl sabiq baş nazir İsgəndər Həmidov dünyasını dəyişdi. Sizin xatirinizdə İsgəndər Həmidov necə qaldı?

 

 – Baxın, (divardakı şəkilləri göstərir) onun həbsdən çıxdığı gündür… İsgəndər Həmidov Azərbaycanda milli dövlətin naziri olub. Onun generallığını mərhum prezident Heydər Əliyev əlindən almadı, yəni, general olaraq da qaldı. Bu insan müharibədə iştirak edib. Onun ölümü ilə bağlı başsağlığı verilməməsi mənim üçün sanki bir təhqir idi.

– İsgəndərlə biz dost olmuşuq, o mənim ən əzizlərimdən biridir. Onun ölümü mənə çox pis təsir etdi (qəhərlənir). Düşünürəm ki, onun İkinci Fəxri Xiyabanda dəfn olunması ilə bağlı təklif edilməli idi. Bəlkə də təklif olunub, amma mənim  xəbərim olmayıb. Bu məsələyə hakimiyyət tərəfi ciddi yanaşmalı idi. Elə etmək lazımdır ki, arada hörmət qalsın. Yəni hökumətdən gözləyirdim ki, başsağlığı verilsin.

 

 – Bu gün həm dünyada, həm də Azərbaycanda koronavirusla bağlı təşviş var. Özünüzü necə qoruyursunuz?

– 79 yaşım var, ölmək mənim üçün adi gəlir. Ölməkdən  qorxmuram, amma koronavirusdan ölməkdən qorxuram. (gülümsəyir) Oğlumun məsləhəti ilə üstümdə daim spirt gəzdirirəm. Kiminlə görüşürəmsə, mütləq əlimi sonra spirtləyirəm (gülümsəyir). Yəni çinlilərin gətirdiyi virusdan ölmək istəmirəm. Bu hamısı uyğur türklərinin ahıdır. Bundan dərs götürmürlər, indi də uyğurları həmin koronavirusun mənbəyi olan yerlərə göndərirlər. Bu koronavirus çinliləri nə qədər tutmalıdır ki, onlar uyğurlardan əl çəksinlər.

 

 – Yeni yaşınızda özünüzə nə arzulayırsınız?

– İstəyirəm ki, Qarabağın səsi Təbrizdən gəlsin. Əbülfəz bəy bunu deyəndə biz bunu o qədər də dərk edə bilmirdik. Amma bu gün biz bunu daha yaxşı dərk edirik.  İkinci arzum isə budur ki, Turan qurulsun. Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkiyə, Azərbaycan birləşərək bir Turan dövləti qursun. Hətta o Turan dövlətinə erməniləri də, gürcüləri də qatardım. Düşünürəm ki, bunu Türkiyə edə bilər. İstəyirəm ki, gedim Ərdoğana deyim ki, lap özünü Turanın başçısı elan et, amma bunu yarat (gülümsəyir).

 

Xalidə Gəray

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir