kitabxana

Dünyanın ən valehedici kitabxanasından REPORTAJ: Orada Azərbaycana aid nə var?

Baxış sayı: 463

Düşünürdüm ki, bu gün rəqəmsal inqilabın məlumatları çox asanlıqla əldə etməyə imkan verdiyi bir dövrdə kitabxanalar digər bilik resursları və bir çox mədəniyyət müəssisələri ilə rəqabətə çoxdan məğlub olub. Lakin reportaj hazırlamaq üçün yollandığım Szabó Ervin Mərkəzi Kitabxanası proqnozumu alt-üst etdi. Budapeştdə yerləşən bu kitabxananı haqlı olaraq paytaxtın gizli cazibəsi adlandırmaq olar. Gördüklərimi sizinlə bölüşmək üçün səbirsizlənirəm, odur ki, gəlin səssizliyə riyaət etmək şərti ilə içəri keçək… Əminəm ki, adı dünyanın ən gözəl kitabxanaları arasında çəkilən saray həm füsunkar memarlığı, həm də müxtəlifliyi ilə ən tənbəl mütaliəçini də riqqətə gətirəcək.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən Macarıstanın Szabó Ervin Mərkəzi Kitabxanasından reportajı təqdim edir.

Macarıstanın Szabó Ervin Mərkəzi Kitabxanası, şübhəsiz ki, paytaxtın ən məşhur kitabxanalarından biridir. Kitabxana 1889-cu ildə tikilmiş Venkheym ailəsinə məxsus sarayda yerləşir. Elm ocağına onun yaradılmasında müstəsna rolu və ilk direktoru olan məşhur macar alimi Ervin Szabonun adı verilib. Mərkəzi kitabxana Szabo Ervin meydanında – Kalvin meydanının yaxınlığında yerləşir.

Kitabxanaya daxil olanda Budapeştə tanış olan neo-barokko interyerini, tədris stendlərini və tələbələri görəcəksiniz. Ümumiyyətlə rəqəmsal inqilaba baxmayaraq, internetdə mövcud olmayan əsərlərə daxil olmaq və ya sadəcə bu sakit məkanların atmosferindən həzz almaq üçün kitabxanaya hər gün yüzlərlə oxucu gəlir. Lakin siz dərhal içəri keçməyin, ətrafa bir nəzər salın, diqqət etməli olduğunuz bir çox detal var. Məsələn, nəhəng qapı və pəncərələr kitabxana binasının keçmiş sahibləri olan Venkheym ailəsinin orijinal zövqü, zənginliyini və zərifliyini ifadə edir. Pilləkənlər isə özlüyündə bir sənət əsəridir və onun spiralvari dizaynı sanki ziyarətçilərin dolaşan fikirlərini təqlid edir.

Kitabxana həqiqətən fenomenaldır və çoxları bilmir ki, Budapeştin ən gözəl oxu otaqlarından bəziləri burada ictimaiyyət üçün açıqdır. Giriş pullu olsa da, kitabxananı gəzmək və ya sadacə kitab oxumaq üçün abunə olmağa gərək yoxdur, əməkdaşlara yaxınlaşıb turist olduğunuzu və bilet almaq istədiyinizi demək kifayətdir. Bilet üçün 5 avro (təxminən 8 manat) ödədikdən sonra muzey işçilərinin ciddi nəzarəti olmadan istədiyiniz qədər gəzə və oxuculara mane olmamaq şərti ilə bir neçə şəkil çəkə bilərsiniz. Ödənişi həm nəğd, həm də kartla həyata keçirmək mümkündür. Biletlə birlikdə sizə ingilis dilində yazılmış məlumat kitabçası da təqdim olunacaq.

Qərar verdim ki, ziyarətimə yuxarıdan aşağı başlayım. Biletimi alıb Alisa möcüzələr diyarına tələsdiyi kimi, mən də böyük maraqla içəri keçir və spiralvari pilləkənlərlə sırf musiqi əsərlərinin toplandığı ən sonuncu mərtəbəyə qalxıram. Burada məni həyəcanlandıran o oldu ki, gözüm dərhal Azərbaycan Folklor Musiqisi və Azərbaycan Milli Musiqi Alətləri yazılan qırmızı üzlüklü kitablara sataşdı. Qürur hissiylə kitabı alıb diqqətlə vərəqləyirəm və xatirə şəkli çəkdirib yerinə qoyuram.

Ziyarətimin ən maraqlı hissəsi dördüncü mərtəbədə başladı. Binanın dördüncü mərtəbəsində hündür tavanlı zəngin bəzədilmiş otaqlar görəcəksiniz – eynilə Versal sarayındakı Güzgü Qalereyasında olduğu kimi! Ən inanılmazı odur ki, bütün bu gözəl elm ocağının qranitini sıradan tələbələr “gəmirirlər”. Kitabxanada həm də elə bir akademik sükut hökm sürür ki, şəkil çəkmək istəyinlə tələbələrin diqqətini öyrənmə prosesindən yayındırdığın üçün utanc duyursan. Bir yandan da köhnə kitabların qoxusuna bürünən monumental bina səni öz mistikası ilə ovsunlamağa davam edir. Oyma taxta tavan, divarlar və dəbdəbəli çilçıraqlar hətta Çexiyadakı bir çox qəsri kölgədə qoya bilər. Bu zallarda dayanıb uzun müddət divar və tavanları seyrə daldım. Ayrılmaq mümkün deyildi. Axı mən niyə tələbə deyiləm…

Dördüncü mərtəbədə antik mebel, rahat oturacaqlar və kaminlərlə təchiz olunmuş bir neçə oxu zalı var. Bu zalın inanılmaz bəzəyi isə məşhur Harri Potter kitabxanasını xatırladır, lakin muzeydə olduğunuz hissi buraxmır. Tünd ağac panelli divarları olan bu otaq məni xüsusilə heyran etdi. Divarların və tavanın metal və taxta panellərinin birləşməsi heyranedicidir. Rəflərdən kitabınızı seçə, sonra kresloda və ya masa arxasında əyləşib rahat atmosferdə mütaliəyə dala bilərsiniz.

Burada informasiya texnologiyalarından da geniş istifadə olunur. Hər yerdə pulsuz Wi-Fi mövcuddur və siz laptopunuzda işləyə bilərsiniz. Bu gizli yerdə turistlərə demək olar ki, rast gəlmədim, nəfis kitabxanaya gələnlərin böyük əksəriyyəti yaxınlıqdakı təhsil müəssisələrinin tələbələridir. Onların arasında Peter Pazman Katolik Universiteti, Budapeşt Universiteti, Semmelveys Universiteti və s. var.

Kitabxananın möcüzəvi dördüncü mərtəbəsində təxminən yarım saat gəzdim. Sonra aşağı mərtəbədəki adi oxu zalının necə göründüyünə baxdım. Burada hər şey o qədər də monumental və zərif deyil, daha çox standartdır.

Kitabxananın açılışından sonra onun fondları xeyli genişlənib, ona görə də saraya müasir tikililər əlavə edilib. Hazırda kitabxana fondunda kitablar və dövri nəşrlər də daxil olmaqla 3 milyondan çox sənəd saxlanılır. Kitabları seçmək sərbəst olsa da, oğurluğun qarşısını almaq üçün hər biri çiplə təchiz edilib. Onların arasında macar, alman, ingilis, ispan və hətta rus dillərində kitablar var.

Binanın sonuncu mərtəbəsində uşaq bölməsi yerləşir. Uşaqlarda kitablara maraq oyatmaq üçün hər cür şərait yaradılıb. Yerdə oturub kitabın sehrinə dalan bu balaca qızcığaza baxanda əminliklə demək olar ki, gələcəyin böyük alimi, həkimi, tarixçisi və ya memarı yetişir. Odur ki, bura gələn uşaqlar üçün kitab oxumağa cəza yox, əsl əyləncə kimi baxırlar.

Fotolardan həzz alın və şansınız olsa, Budapeştin heyrətamiz kitabxanalarından bəzilərini ziyarət edin. Kitabxananın geniş pəncərəli zallarında gözəl yaz günlərində rahat kresloda əyləşib kitab oxumaq xüsusilə xoşdur.

Aytən Məftun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir