menzil -qiymet

Mənzil kirayəsinin artan qiymətlərinə necə nəzarət etməli?

Baxış sayı: 694

Ötən ildən etibarən artıq Türkiyədə kirayə mənzillərdə qiymət artımının qarşısını almaq və vəziyyətə nəzarət etmək üçün qanun qüvvəyə minib. Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul olunan qanuna görə,1 iyul 2023-cü ilə qədər kirayə mənzillərin qiymətləri əvvəlki illə müqayisədə 25 faizindən yüksək ola bilməz. Artıq bu qanunun müddəti cari ilin sonunadək uzadılıb.

Azərbaycanda da kirayə qiymətləri artmaqda davam edir. Vəziyyətə nəzarət etmək üçün hansı addımlar atmaq olar?

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirir ki, məhdudiyyətlərlə vəziyyətə nəzarət etmək olmaz. Sadəcə, həm kirayə, həm də satış qiymətini aşağı salmaq üçün ciddi tədbirlər görülməlidir:

“Rəqabət olmayan yerdə qiymət artır. Buna görə də tikinti şirkətləri üçün şərait yaradılmalıdır ki, bazarda əmlak çox olsun”.

menzil

 

Daşınmaz əmlak üzrə digər ekspert Ramil Qasımzadə isə o fikirdədir ki, Türkiyə ilə müqayisədə Azərbaycanda kirayə mənzillərdə bir o qədər də qiymət artımı olmayıb. İki-üç il öncə ilə müqayisədə təxminən 25-30 faiz artım var. Azərbaycanda qiymətləri bazar tənzimləyir və dövlətin bura müdaxiləsi yoxdur. Hazırda bazarda aylıq qiyməti 250 manatdan 4-5 min manatadək kirayə evlər var.

“Qiymətlərin 30 faiz artımının səbəbi tələbin yüksək olması, təklifin isə tədricən azalmağa doğru getməsidir. Həm də qiyməti aşağı olan köhnə tikililər tədricən sökülür və bazardan çıxır. Bunun əvəzində, yeni tikililərdə mənzillərin sahəsi böyük olduğundan, qiymət də yüksək olur”, – deyə o, bildirir.

Ekspert əlavə edir ki, bahalaşmaya digər səbəb ildən-ilə xidmətlərə görə qiymətlərin artmasıdır: “Əvvəllər, köhnə binalara görə vətəndaşlar yalnız zibil pulu ödəyirdilərsə, yeni binalarda bağbandan tutmuş mühafizəçiyə qədər pul ödəyirlər. Əvvəl mənzilə görə cüzi kommunal xərc ödəyirdilər, indi isə kvadratmetrinə görə 30-50 qəpikdən hesablanmaqla pul ödəyirlər. Nəticə etibarı ilə bütün bunlar kirayə mənzil bazarına təsir edir”.

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir