daye

Müəllim və ya dayənin döydüyü uşaqlar daha aqressiv olurlar

Baxış sayı: 1. 804

Son zamanlar uşaqlara qarşı zorakılıq hallarının artdığının şahidi oluruq. Məktəbdə, bağçada, internat evlərində, ailələrdə uşaqlar müxtəlif şəkildə zorakılığa məruz qalırlar.

Statistikaya görə, dünyada 3 milyona yaxın 14 yaşına qədər uşağı valideyni döyür. Hər il dünyada 50 mindən çox uşaq sərt rəftar səbəbindən evdən qaçır. Məişət zorakılığına məruz qalan azyaşlıların sayı isə 50 faizi keçib.

ABŞ psixoloqlarının fikrincə, uşaqlar daha çox bağçada və ya təhsil müəssisələrində fiziki istismara məruz qalır. Müəllimlər, dayələr və özlərindən böyük tərəfindən döyülən uşaqlar yaşıdlarından geri qalır, dərslərinə marağı itir, dərsə getməkdən imtina belə edirlər. Amerikalı psixoloq Papye döyülən uşaqlar üzərində apardığı araşdırmadan sonra belə nəticəyə gəlib ki, uşaqlar daha çox müəllimlərin və dayələrin döyməsindən sonra aqressivləşirlər. Və sağlamlıq üçün təhlükə də uşağın müəllim və ya dayə tərəfindən döyülməsindən sonra yaranır. Çünki valideyn uşağını vurarkən öz övladı olduğunu unutmur.

Buna görə də, xarici ölkələrdə məktəblərə və bağçalara müəllim-dayə işə götürülən zaman ondan sağlamlıq haqqında arayışla yanaşı psixoloji sağlamlıq haqqında da arayış tələb edilir. Azərbaycanda isə dayə olmaq ən asan işlərdən biridir. İnternet saytları bu kimi elanlarla doludur. Yəni işi olmayan, iş tapa bilməyən hər kəs özünü uşaq saxlamaqda sınamaq istəyir.

Mütəxəssislər isə bildirirlər ki, dayələr üçün xüsusi məktəblər, kurslar təşkil olunmalı və yalnız müəyyən təhsil kursu keçdikdən sonra, xüsusilə psixoloji və sağlamlıq vəziyyətlərinin işləri üçün uyğun olduğu halda onlar işə qəbul olunmalıdırlar.

Ekspert Nicat Göyüşovun sözlərinə görə, dayələr istər bağçada, istərsə də fərdi qaydada işə götürülərkən onların mütləq sağlamlıq və psixoloji durumu nəzərə alınmalıdır: “Uşaq hər bir insanın ən dəyərli varlığıdır. Onu tanımadığınız insanlara etibar edə bilməzsiniz. Buna görə də işə dayə götürərkən onun danışığına, geyiminə diqqət yetirməli, sağlamlıq haqqında arayış tələb etməli və sizdən əvvəlki işindən ayrılma səbəbini öyrənməlisiniz. Əks halda, özünüz də istəmədən uşağınızı xəstə birinə etibar etmiş olarsınız”.

Müsahibimiz bildirir ki, dayəlik kursu keçmək şərti ilə 25- 55 yaşlı insanlara uşaq etibar etmək olar. Bu zaman seçəcəyiniz dayənin yaşam tərzi də nəzərə alınmalıdır. Çox zaman dayəyə “heç uşağa baxmısan” sualı verəndə, bir neçə uşağı olduğunu və onları böyütdüyünü bildirir. Həmsöhbətimiz məhz belə dayələrə etibar etməməyi məsləhət görür. “Dayə professional olmalıdır. Bəzən insanlar elə başa düşür ki, öz uşağına baxdısa, başqasının uşağına da baxa bilər. Bu, düzgün fikir deyil. Çünki insan öz uşağına baxanda özününkü olduğu üçün istədiyi kimi davrana bilir. Və öz uşağı olduğu üçün onu hər şeydən qoruyur. Dayə isə öz övladı olmadığı üçün buna iş kimi yanaşır. “Gün bitsin, evə gedim” deyə düşünən dayəni uşağa baxdığı ikinci gün müəyyən etmək olur. Dayə uşağa məsuliyyətlə yanaşmanı bilməlidir”.

N.Göyüşovun dediyinə görə, bu gün təəssüf olsun ki, dayə işləyənlərin əksəriyyəti iş tapa bilmədiyindən bu işə müraciət edir və çox zaman belə insanlar travmalı olur. Bu travmanın təsiri isə uşaqlardan yan keçmir.

Bəs əgər uşaq bağçada və ya evdə dayə tərəfindən döyülərsə, o zaman məsuliyyəti kim daşıyır? Hüquqşunas Vasif Rzayev bildirir ki, “Uşaq hüquqları haqqında” qanunun 12-ci maddəsinə əsasən valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. “Yəni hüquq pozuntusuna yol verən dayə şəxsən məsuliyyət daşıyır. Məsuliyyətin növü məsələsinə gəldikdə isə bu, faktların konkret hallarından asılıdır”.

Həmin qanuna əsasən uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. Bu baxımdan təlim-tərbiyə müəssisələrinin rəhbərləri də işin hallarından asılı olaraq məsuliyyət daşıyır.

Qanunun 27-ci maddəsinə əsasən hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. “Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir. Müəllimə qeyd olunan qanunvericilik normalarına zidd hər bir hərəkətinə görə konkret məsuliyyət daşıyır”.

Hüquqşünas deyir ki, uşaqlara qarşı şiddət və təzyiqin yolverilməz olduğu Azərbaycan qanunvericiliyində birbaşa qeyd olunur və qadağan edilib. Belə ki, bu hallar “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində öz əksini tapıb.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir