suni mayalanma

Ölkəmizdə follikul alveri: Bir-birindən xəbərsiz bacı-qardaşlar doğula bilərmi?

Baxış sayı: 448

Son günlər sosial şəbəkələrdə gənc qadınlardan follikulların pulla alındığına dair elanlara rast gəlinir. Belə ki, follikul İnstagram* sosial şəbəkəsindəki follikul donorluğuna dair səhifələrdə donor olanlara 400-700 manat ödəniş ediləcəyi bildirilir.

Follikül – yumurtalığın struktur vahididir. Mayalanma mərhələsində, epitel hüceyrələri və ikiqat birləşdirici toxuma ilə əhatə olunmuş yumurta hüceyrəsindən ibarətdir.

“Follikul donoru” səhifəsinin admini bildirir ki, prosedur 12 gün davam edir. Bunun üçün əvvəlcə donor qadınlara müxtəlif dərman preparatları verilir. Qadının yaş həddi isə 18-29 olmalıdır. Əsasən hamiləlik keçirmiş qadınlara üstünlük verilir. Donor olmaq istəyən qadının çəkisi isə maksimum 70 kq olmalıdır.

Həmçinin o da bildirilir ki, bir qadın bir neçə dəfə follikul donoru ola bilər. Prosedur barədə daha ətraflı məlumat donor qadın müayinə olunduqdan sonra verilir.

Sözügedən səhifədən süni mayalanma mərkəzlərinin follikul donorundan istifadənin qanuni olub-olmadığıbarədə sualımıza cavab vermək səlahiyyətində olmadıqlarını, bu barədə donor qadına şəxsən məlumat verildiyini bildirdilər.

Milli Məclisin Səhiyyə Komitəsindən isə bildirildi ki, ölkəmizdə “Repreduktiv sağlamlıq haqqında” qanun qəbul edilmədiyindən follikul donorundan istifadə qanunsuz sayılır.

Bəs görəsən gənc qadınların follikullarını satması onların sağlamlığına necə təsir göstərə bilər?

Sumqayıt Tibb Mərkəzi PHŞ-nın direktor müavini Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli bildirir ki, ölkəmizdə mövcud qanunlarda reproduktiv hüceyrə donorluğu təsbit edilməyib. Həmçinin donorların xüsusi qeydiyyat sistemi də yoxdur. Ona görə də follikul donorlarının olub-olmaması haqqında heç bir rəsmi məlumat qeyd edilmir.

Bir qadının follikul ilə bir necə qadının bətninə embrionun yerləşdirilməsinə gəlincə, T.Rəcəbli bildirib ki, nəzəri olaraq bir qadın follikulu ilə bir neçə pasiyenti mayalandırmaq mümkündür.

“Amma düşünürəm ki, milli və dini dəyərlərimizi nəzərə alaraq, süni mayalanma mərkəzləri bunu etməzlər. Beynəlxalq praktikada reproduktiv hüceyrə donorları xüsusi sistemdə qeydiyyata alınır, bu da bir donordan sadəcə bir resipient üçün follikul toplanmasına şərait yaradır. Həmçinin nikaha daxil olarkən bu sistem vasitəsilə gizlilik qorunması şərti ilə yoxlamalar aparılır, bu da gələcəkdə bacı-qardaş nikahlarının qarşısını alır”, – deyə həmsöhbətimiz bildirir.

Follikullarını satan qadınları hansı təhlükənin gözlədiyi barədə sualımızı isə T.Rəcəbli belə cavablandırdı: ”Qadınlar doğularkən müəyyən say follikul rezervi ilə doğulurlar, yaşadıqları müddət ərzində də zamanla bu rezervi istifadə edirlər. Follikul yetişdirilməsi zamanı yumurtalıqların rezerv follikulları lazım olan miqdardan çox istifadə edilir, bu da erkən klimaksa gətirə bilər. Erkən klimaks öz növbəsində sümük-dayaq, ürək, qan-damar sistemlərinə təsir göstərir. Beləliklə, bir neçə dəfə follikul donoru olmaq qadının sağlamlığına ciddi ziyan vurur”.

Həkim həmçinin qeyd etdi ki, follikul yetişdirilirməsi üçün qadına verilən dərmanlar da onun sağlamlığına mənfi təsir edə bilər.

“Yumurtalıqların stimulyasiyası üçün istifadə edilən hormon tərkibli dərmanlar qadın bədənində sintez olunan cinsi hormonların rekombinantıdır. Ona görə bu dərman preparatlarına allergik reaksiyaya nadir rast gəlinir. Digər tərəfdən, istər follikul donorları, istərsə də süni mayalanma olunan qadınlarda yumurta-hüceyrə yetişmə prosesində istifadə olunan dərmanın dozasından və bədənin ona qarşı reaksiyasından asılı olaraq yumurtalıqların hiperstimulyasiya sindromu yarana bilər. Hiperstimulyasiya adətən yüngül formada təzahür etsə də, bəzən ağır formalar, hətta 1 % hallarda ölümlə də nəticələnə bilər”.

Bu mövzuda hər kəsi düşündürən suallardan biri də eyni follikullardan doğulan uşaqların bacı-qardaş sayılıb-sayılmamasıdır.

Mütəxəssis bildirir ki, bir qadın follikulundan yetişdiyi üçün bu cür körpələr bacı-qardaş sayılır.

”Genetik olaraq eyni qadının yumurta hüceyrəsindən inkişaf edən embrionlar bacı-qardaş sayılırlar və beləliklə, transfer sonrası dünyaya gələn uşaqlar bacı-qardaş olurlar. Donorların sistemsiz istifadəsi gələcəkdə qohum nikahların artmasına və genetik xəstəliklərin yaranma tezliyinin artmasına səbəb olacaq”, – deyə mütəxəssis fikrini tamamladı.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir