sevgi

Sevirik, yoxsa sevgi asılısıyıq?

Baxış sayı: 876

Bəzən dəli-dolu sevgililərə, onların yaşadıqları ehtiras dolu münasibətə baxıb həsəd aparırıq. Bir-birindən ayrı yaşaya bilməyən, bir-biri ilə nəfəs alan bu insanların əsl sevgini tapdığını düşünürük. Ancaq heç də hər şey göründüyü kimi deyil.

Bu anda ağla gələn ilk sual təbii ki, “bu sevgi deyilsə, bəs nədir?” olur. Yaxın oturun, sizə həqiqətləri deyək. Məsələ ondadır ki, “sevgi” bildiyimiz bu hisslər çox vaxt sevgi asılılığıdır.

 

Sevgi asılılığı nədir?

Bir cümlə ilə desək, sevgi asılılığı narkotik, alkoqol asılılığı kimi bir haldır. Sadəcə bu halda insan insandan asılı olur. Başqa sözlə, sevgi asılılığı insanın bilmədən, yəni şüuraltı olaraq əziyyət çəkmək istəyidir. Bu problemin kökündə isə bir çox səbəblər yatır.

Məşhur rus psixoloqu Labkovski sevgi asılılığı ilə əsl sevgini belə ayırır: “Əsl sevgini yaşayan insan özünü yaxşı hiss edir. Heç bir neqativ emosiyaları və arzuları yoxdur, sevdiyi insanı dəyişmək ehtiyacı da hiss etmir”.

Psixoloqlar sevgi asılılığından əziyyət çəkən insanlardan ən çox bu tipdə fikirləri eşidirlər:

  • o, bir gün yanımda olmayanda özümə yer tapa bilmirəm
  • onsuz yaşaya bilmirəm
  • onsuz nəfəs ala bilmirəm
  • o, yanımda olmayanda hər dəqiqə zəng edirəm, mesaj yazıram
  • onsuz özümü lazımsız hiss edirəm

Digər bütün asılılıqlarda (narkotik, alkoqol və s.) olduğu kimi, sevgi asılılığından əziyyət çəkən insanlar özlərini unudur və özlərinə qarşı məsuliyyətsiz yanaşırlar – yaxşı yemirlər, pis yatırlar, sağlamlıqlarına diqqət yetirmirlər. Bütün diqqəti və enerjilərini “sevdiyi” şəxsə yönəldirlər, onun üçün yaşayırlar. Onları başqa heç nə maraqlandırmır, hər şey onlar üçün mənasız və maraqsızdır.

 

Həmçinin, sevgi asılıları qarşı tərəfi idarə etməyə çalışaraq partnyorunu  dəyişdirmək istəyirlər. Qədərindən çox olan bu “sevgi” qarşı tərəfi boğmağa başlayır və özünü günahkar hiss etməyə məcbur edir.

Hətta problem o yerə gəlib çıxa bilir ki, qarşı tərəf bu cür münasibətdən bezərək ayrılmaq istədikdə asılılıqdan əziyyət çəkən şəxs üçün bu, bir fəlakətə çevrilir və asılılar “sevdiyi” şəxsin başqa biri ilə olmasındansa, ölməsini tərcih edirlər.

Sevgi asılısı insanı başqa hansı cəhətlərlə tanımaq olar? 

  • Təklik onun üçün dözülməzdir, ona görə də həmişə yeni münasibətlər dalınca qaçır.
  • Davamlı olaraq güclü emosiyalar axtarışındadır, məhz buna görə də qurduğu münasibətlər uzun müddət çəkmir.
  • Hər zaman ideal axtarışındadır.
  • Partnyoru müxtəlif yollarla manipulyasiya edərək yanında saxlamağa çalışır və hər şeyi edir ki, partnyoru onu tərk etməsin.
  • Emosional olaraq əlçatmaz adamları axtarır, evli və qəddar adamları “sevir”.
  • Yeni sevgisinin “uğrunda” dostlarından, yaxınlarından uzaqlaşır, özünü unudur.
  • Onu incidən insanlara yenidən qayıdır.
  • Riskli seksual münasibətlər yaşayır və nəticələri barədə düşünmür (cinsi xəstəliklər, hamiləlik).

Sevgi asılılığından əziyyət çəkən insanların münasibətləri heç də həmişə “sevgi” və ehtiras dolu olmur. Qadın və kişi, yaşlı və cavan, kasıb və varlı demədən hər kəsin başına gələ biləcək bu vəziyyəti ən ağır yaşayanlar qurban psixologiyasına malik insanlardır. Bu psixologiyaya sahib insanları qısa olaraq “qurban” adlandıraq.

“Qurban”ların asılılığı daha da acınacaqlı olur. Sevdikləri insan onlara qarşı fiziki və psixoloji şiddət göstərdikdə günahı özlərində görürlər. Onlar partnyorları tərəfindən qəddar münasibət görür, təhqir olunurlar, alçaldılırlar, döyülürlər, lakin münasibəti bitirmək əvəzinə, qarşı tərəfə müxtəlif yollarla bəraət qazandırırlar. Məsələn, döyülən bir qadın özünün gözəl olmaması, kişiyə yaxşı baxmaması və ya hər hansı bir hərəkətinə görə döyülməsinə haqq qazandırır. Qurban kişilərsə, qadının onun təhqir etməsi və digər neqativ hallarda özlərinin ailə dolandıra bilməməsi, qadına istədiklərini ala bilməmələrini bəhanə gətirərək qarşı tərəfə  bəraət qazandırırlar.

Çoxumuz belə hallarda “qurban”ları başa düşə bilmirik. Onlara ən çox “niyə dözürsən axı?” sualını veririk. Bu sualın cavabını isə psixoloqlar verir: “uşaq yaşlarında valideynlərindən soyuq münasibət görən insanlarda uşaqlıqdan qalan böyük bir daxili boşluq olur. O boşluğu doldurmaq hissi o qədər güclü olur ki, qarşı tərəfin heç bir qəddar hərəkəti onları “ayılda” bilmir. Qurbanlar həmişə özlərinə qarşı haqsız davranır, “mən buna layiqəm”, “özüm günahkaram” fikri ilə yaşayırlar”.

Təəssüflə qeyd etmək lazımdır ki, sevgi asılılığından əziyyət çəkən insanlar uşaqlıq travmalarını aradan qaldırmadıqca bu halları ömür boyu yaşaya bilirlər. Lakin bunun çarəsi var. Gec olmadan psixoterapevt qəbuluna yazılmaq lazımdır.

Sonda məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin sevgi haqqında fikrini xatırlayaq: “Sevmək bir-birinə baxmaq deyil, bir istiqamətdə baxa bilməkdir”  (“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir