TOY

“Əcnəbilərlə izdivacların artması təhlükəlidir” – EKSPERTLƏRDƏN İLGİNC RƏY

Baxış sayı: 165

Son zamanlar azərbaycanlı gənclərin əcnəbilərlə ailə qurması halları artıb. Təbii ki, bu şəxsi məsələdir. Qanunlar da buna icazə verir ki, şəxslər istədiyi əcnəbi vətəndaşlarla ailə həyatı qurub, izdivaca girsin.

Lakin zaman-zaman bu məsələ müzakirələr yaradır. Razılaşaq ki, cəmiyyətimizin yazılmamış qanunları, mənəvi dəyərlər də var. Biz nəhayət, müsəlman toplumuq. Sual da elə mənəvi tərəflə bağlıdır:  görəsən, dinimiz belə evliliklərə necə baxır, azərbaycanlı müsəlman kişinin qeyri-müsəlman qadınla və ya xüsusən də azərbaycanlı müsəlman qadının qeyri-müsəlman kişi ilə nikahına icazə verirmi? Yoxsa vacib şərt kimi tələb edir ki, hər iki halda əcnəbi arvad və ya ər mütləq İslamı qəbul eləməlidir? Çünki əks halda belə izdivacdan dünyaya gələn uşaqlar müsəlman sayılmayacaq. Daha konkret sual: müsəlman qadın xristian övlad dünyaya gətirə bilərmi?

 

İlahiyyatçı Emil Rahiloğlu mövzu ilə bağlı aşağıdakıları dedi:

“Əlbəttə ki, konstitusiya və qanunlara əsasən hər kəs istədiyi vətəndaşla ailə qura bilər. Lakin unutmaq olmaz ki, biz müsəlman topluyuq. Əslində müsəlmançılıq ilk növbədə gəlməlidir. Çünki biz dünyaya gələrkən Allahın bəndəsi olaraq gəlirik, daha sonra coğrafi məkanlara, irqlərə, millətlərə bölünürük. Yəni heç kəs doğulanda bilmir ki, afrikalıdır, yəhudidir, yoxsa xristian və yaxud müsəlman. Buna görə də ilk növbədə Allahın bizə verdiyi status önəmlidir. Hazırda Allahın bizə verdiyi status müsəlmançılıqdır. Çünki sonuncu ümumbəşəri din İslamdır və Allahın öz yaratdığı bəndəsinə verdiyi marka müsəlmandır. Biz də  dünyada məxluq olaraq insanıq və Allah bizim üçün müsəlman statusunu təyin edib.

Qafqaz – Mübarək ayla vidalaşırıq – Hacı Emil Rahiloğlu suallarımızı cavablandırdı

İnsan eyni zamanda insani dəyərlərə sahibdir. Lakin bu gün deyilir ki, sən azərbaycanlısan və buna görə də azərbaycançılıq prizmasından çıxış etməlisən və sairə. Neyliyək ki, hazırkı dünya bunu tələb edir və biz də qismən də olsa bununla razılaşmışıq.

Bəli, dinimiz qadağan edir ki, müsəlman qadın hansısa xristian kişiyə ərə getsin. Bu zaman kəbin də batildir və ondan doğulan uşaq da zinazadədir. Həmçinin bir müsəlman kişiyə qadağan edir ki, hansısa bir xristian və yaxud yəhudi qadını müsəlmanlığı qəbul etməmişdən öncə daimi əqlinə salsın. Yəni bu da qadağandır. Kafirlərə gəldikdə isə yəni kafir dedikdə bütpərəst, krişna ilə evliliyə İslam dini qətiyyən icazə vermir. Xristian və yəhudi ilə müvəqqəti əqidəyə icazə verir, lakin qeyri-əhli kitabla hansı ki, bunlar buddistlər, krişna olanlardır, onlarlar nə müvəqqəti, nə də daimi əqidə qurmağa İslam dini icazə vermir. Hətta İslam dinində belə bir qanun var ki, bir ölkədə və yaxud şəhərdə müsəlman kişi xristian qadınla müvəqqəti əqidəyə girmək istəyirsə, bu zaman müsəlman qadınından icazə almalıdır. Müsəlman qadın xristian qadından mənəvi baxımından daha üstün və şərafətlidir. Bunu biz yox, Allah təyin edib. Əlbəttə, hər kəsin dəyəri əməli qədərincədir. Bunu da unutmaq olmaz”.

Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür şərh bildirdi:

“Təəssüf ki, bu məsələni də başlı-başına buraxmışıq. Necə ki, torpaqlarımız işğal olunmuşdu, indi də getdikcə mənəvi həyatımızı da işğal edənlər var. Buna görə də çalışmalıyıq ki, mənəvi həyatımızda da xalqımızın tərəqqisinə kömək edən bilən proseslər getsin.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Əlbəttə ki, gənclərimiz əcnəbilərlə evlənə bilər. Bu, həqiqi sevgi, könül məsələsi ola bilər. Lakin bunları sosioloji baxımdan təhsil edəndə görürük ki, bu cür izdivaclar daha çox sevgi əsasında qurulmur. Bəs səbəb nədir, ortada nə baş verir?

Əvvəla, ölkədə olan gənclərin işlə təmin olunması məsələsi bir problemdir. Qızlarımız niyə əcnəbi vətəndaşa ərə getməyə can atır? İlk növbədə ona görə ki, ölkədəki gənc oğlanların iqtisadi vəziyyəti arzuolunan səviyyədə deyil. Digər tərəfdən, qızlarımızın ailə haqda təsəvvürləri geniş deyil. Həmçinin qızlarımızın xarici ölkələrdəki ailələr barədə məlumatları azdır. Hətta bir dəfə yadımdadır ki, Bakı kəndlərindən olan bir qız çinliyə ərə getmişdi. Bu haqda soruşanda cavab vermişdi ki, “Bakıda darıxaram, Çinə getsəm maraqlı olar”. Lakin sonradan həmin qız Çinə getdikdən sonra böyük problemlər yaşamışdı. Yəni qızlarımızın əksəriyyəti elə düşünür ki, xariciyə ərə getmək hansısa romantik bir dünyaya qovuşmaqdır. Axı belə deyil. Əgər biz televiziyalarımızda bu haqda ətraflı verilişlər təqdim etsək, teleseriallarda arzuolunan şəkildə göstərsək, gənclərimizin xaricdəki ailələr barədə təsəvvürləri yaxşı olsa, gənclər işlə təmin olunsalar bu zaman oğlanlarımız da başını götürüb, başqa ölkələrə getməz, qızlarımız da daha az əcnəbiləri seçərlər.

Təbii ki, gənclərimizin müəyyən qədər əcnəbilərlə ailə qurmasında problem yoxdur. Lakin say artıb, kütləvi hal alanda, bu, artıq təhlükəlidir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir