pul

Əlavə gəlir mənbəyi qazanmağa başlamazdan əvvəl nələri bilmək lazımdır?

Baxış sayı: 529

Səhər saat 9-dan axşam 6-dək işləməyin ipoteka kreditini ödəmək, avtomobil almaq, həyat yoldaşını maddi cəhətdən təmin etmək və uşaqları böyütmək üçün kifayət etdiyi dövrlər geridə qalıb.

İqtisadi sistemdə köklü dəyişiklik olmadığı üçün bir çox insan maddi vəziyyətini qorumaq məqsədilə yeni gəlir mənbəyinə, yəni əsas işdən əlavə fəaliyyətə üz tutur.

Gəliri artırmaq üçün ikinci işdə çalışmaq və ya kiçik biznes qurmaq yeni anlayış deyil. Lakin qazancı gündəlik xərcləri qarşılamağa kifayət etməyən insanların sayının bu qədər çox olması diqqət çəkir.

İkinci gəlir mənbəyinin olması insanın yalnız əsas işindən asılılığını azaldır və çətin dövrlərdə maliyyə “təhlükəsizlik yastığı” rolunu oynaya bilər.

Maliyyə üstünlüklərindən başqa, əlavə fəaliyyət karyerada irəliləmək, peşəkar əlaqələri genişləndirmək, yeni bacarıqlar qazanmaq və hətta başqa bir sektoru sınamaq üçün dəyərli imkanlar yarada bilər.

İstər əlavə fəaliyyətə başlamağa hazır olun, istərsə də hələ bu ideyanı nəzərdən keçirin, qərar verməzdən əvvəl bir sıra mühüm məqamları nəzərə almaq lazımdır:

Əlavə fəaliyyət real biznesdir

Əlavə gəlir mənbəyi yaratmazdan əvvəl qəbul edilməli ən mühüm reallıqlardan biri budur: hansı sahədə çalışmağınızdan və bu işə nə qədər vaxt və resurs ayırmağınızdan asılı olmayaraq, əlavə fəaliyyət real biznesdir.

O, tam ştatlı iş qədər gəlir gətirməsə belə, eyni dərəcədə ciddi yanaşma tələb edir. Əgər buna hobbi və ya yalnız enerjiniz olduğu zaman məşğul olduğunuz fəaliyyət kimi yanaşsanız, uğur qazanmaq xeyli çətinləşəcək.

Əlavə iş götürməzdən əvvəl ona necə prioritet verəcəyinizi müəyyənləşdirmək vacibdir. Unutmayın ki, qarşınızda məmnun edilməli real müştərilər olacaq. Əsas işinizə üstünlük verdiyiniz üçün onların layihələrini təxirə salsanız və ya son tarixlərə əməl etməsəniz, bu, narazılıq yaradacaq.

Buna görə də hər hansı öhdəlik götürməzdən əvvəl əlavə işi yerinə yetirmək üçün kifayət qədər vaxtınızın və enerjinizin olduğuna əmin olmaq vacibdir.

Yaxşı hazırlıq uğurun əsasını qoyur

Əlavə fəaliyyətinizi uğurla idarə etmək üçün kifayət qədər imkanınız olduğuna əmin olduqdan sonra növbəti mərhələ planlaşdırmadır.

Ola bilsin, yeni layihələrə başlamaq sahəsində böyük təcrübəyə malik sahibkarsınız. Yaxud frilans fəaliyyəti, kiçik biznes və ya yarımştat iş sizin üçün ilk təcrübə olacaq. İstənilən halda əlavə gəlir mənbəyinə başlayarkən həddindən artıq hazırlıqlı olmaq kimi bir anlayış yoxdur.

Yeni fəaliyyətinizi əsas işinizlə tarazlaşdıra bilmək üçün əvvəlcədən həll edilməli bir neçə mühüm məsələ var.

Birincisi iş qrafikidir. Əlavə fəaliyyətinizə nə qədər vaxt ayıracağınızı və onun üzərində nə zaman işləyə biləcəyinizi müəyyənləşdirməlisiniz. Hər kəsin vəziyyəti fərqli olduğundan mövcud iş şəraitinizi qiymətləndirərək özünüzə uyğun strategiya hazırlamalısınız.

İş saatlarınız çevikdir və gün ərzində müxtəlif öhdəlikləri paralel şəkildə idarə edə bilərsiniz? Yoxsa əlavə iş üçün hər axşam və ya həftəsonları ayrıca vaxt ayırmalı olacaqsınız?

Nəzərə alınmalı ikinci məsələ tükənmişlikdir. Bir çox insan əsas işində artıq tükənmişlik yaşayır və iş yükünə əlavə fəaliyyətin daxil edilməsi imkanlarınızı həddindən artıq yükləmək riskini daha da artırır.

Buna görə iş və şəxsi həyat arasındakı tarazlığı izləmək vacibdir. Dostlarınız və ailənizlə keçirdiyiniz vaxtı, eləcə də psixi sağlamlığınızı qorumaq üçün kifayət qədər vaxtınızın qaldığına əmin olmalısınız.

Daha sonra biznes planınızı hazırlamağa başlamalısınız. Bunun çox geniş və mürəkkəb sənəd olması vacib deyil.

Lakin məhsul və ya xidmətlərinizə necə qiymət qoyacağınızı, müştəriləri necə tapacağınızı, digər mütəxəssislərlə necə əlaqələr quracağınızı və maliyyənizi necə idarə edəcəyinizi əvvəlcədən müəyyənləşdirmək uzunmüddətli perspektivdə faydalı olacaq.

Riskləri nəzərə alın

Əlavə gəlir mənbəyi yaratmağın çoxsaylı üstünlükləri var. Maliyyə təhlükəsizliyinin gücləndirilməsindən karyera inkişafına qədər əsas işdən kənar fəaliyyət həyatın müxtəlif sahələrində fayda verə bilər.

Lakin işə başlamazdan əvvəl mümkün risk və nəticələri də nəzərə almaq vacibdir.

İlk növbədə çalışdığınız şirkətin əlavə fəaliyyətlə bağlı siyasətinin olub-olmadığını və işəgötürənin buna necə yanaşdığını öyrənməlisiniz. Əsas iş yerinizin ofisdən kənarda nə etdiyinizə qarışmayacağını düşünə bilərsiniz, lakin bəzi şirkətlər əməkdaşlarının bütün peşəkar diqqətini yalnız əsas işə yönəltməsini istəyə bilər.

Əksər təşkilatlar ikinci işdə çalışmağı birbaşa qadağan etməsələr də, buna mənfi yanaşa bilərlər. Buna görə şirkətin korporativ mədəniyyətini və onun əlavə fəaliyyətinizə necə təsir göstərə biləcəyini nəzərə almaq vacibdir.

Əgər rəhbərinizin bütün enerjinizi əsas işinizə sərf etməli olduğunuzu deyə biləcəyini və ya yeni fəaliyyətinizin şirkətin biznesi ilə rəqabət aparacağından narahat ola biləcəyini düşünürsünüzsə, əlavə ehtiyat tədbirləri görmək məqsədəuyğundur.

Şirkətlər əlavə fəaliyyətə başlamağınızı həmişə birbaşa əngəlləyə bilməsələr də, bəzi hallarda buna görə sizi işdən çıxara bilərlər.

Nəzərə alınmalı digər mühüm məsələ, xüsusilə sahibkarlıq fəaliyyəti zamanı üzərinizə götürdüyünüz şəxsi riskdir.

Əsas iş yerinizdə şirkət adından yol verdiyiniz maliyyə və ya hüquqi səhvlərə görə adətən şəxsən məsuliyyət daşımırsınız. Özünüz üçün işlədikdə isə maliyyə məsuliyyəti birbaşa sizin üzərinizə düşür.

Əlavə fəaliyyət bir çox insan üçün yaxşı seçim olsa da, müştərilərlə münasibətlərdə sizi əsas işdə adətən qorunduğunuz hüquqi risklərlə üz-üzə qoya bilər.

Mümkün hüquqi problemlərlə yanaşı, əlavə fəaliyyətinizlə bağlı bütün xərclərin maliyyə riskini də öz üzərinizə götürürsünüz. Kreditlər, alışlar və maliyyənin idarə olunması məsələlərində diqqətli davranmasanız, gəlir baxımından əvvəlkindən daha pis vəziyyətə düşə bilərsiniz.

Bu, layihənizdən imtina etməli olduğunuz anlamına gəlmir. Sadəcə, yeni fəaliyyətə başlayarkən mümkün risklərə qarşı tədbir görmək və yaxşı hazırlaşmaq vacibdir.

Düzgün idarə olunduğu halda əlavə gəlir mənbəyi yaratmaq həm karyeranızı inkişaf etdirmək, həm də maliyyə vəziyyətinizi yaxşılaşdırmaq yolunda uğurlu növbəti addım ola bilər.

 

Rəfiqə Abdin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir