ICKI

Əldə bir qədəh şərab sizi sərxoş edərsə… – FAYDALI TÖVSİYƏLƏR

Baxış sayı: 1. 817

Əlamətdar günlərdə hər bir ailə çalışır ki, bayram süfrəsi daha zəngin olsun, süfrəyə daha çox çeşiddə təamlar və müxtəlif içkilər düzsün. Təbii ki, bu normal və yaxşı haldır. Amma bəzən elə olur ki, bir neçə gün əvvəlcədən hazırlığı görülən bayram təntənəsindən və bəzənən süfrə zövqündən insan özü özünü məhrum edir. Bəli, təəssüf ki, belə də olur, bayram süfrəsi arxasında tamah güclü olanda masa üstünə düzülmüş içkilərdən insan qədərindən artıq içir və sərxoş vəziyyətə düşür. Bu xoşagəlməz hal olsa da, nə etməli, iş-işdən keçmiş olur, çarəsiz vəziyyət yaranır. Daha doğrusu, bunun çarəsi var, sadəcə süfrə arxasına keçməzdən əvvəl illər boyu sınanmış vasitələrdən istifadə etmək lazımdır.

Süfrə arxasına keçməzdən yarım saat əvvəl 1-2 çay qaşığı bitki yağı, daha yaxşı olar ki, zeytun yağı içməklə məclisin sonuna qədər sərxoş olmaq təhlükəsindən azad olmaq mümkündür. Bitki yağı mədənin divarlarını bürüyərək alkoqolun qana tez sorulmasının qarşısını alır.

Təbii ki, bayram günü dostlar, doğmalar arzularını çatdırmaq üçün sağlıq deməyi, bəzən isə əldə qədəh uzun-uzadı danışmağı xoşlayırlar. Bu sizi bezdirməsin. Belə “çıxış”lar sizin xeyrinizədir. Çünki bu sağlıqlar zamanı içilən qədəhlərin arasındakı vaxt məsafəsi uzanır. Bu müddət ərzində daha çox maye için. Ancaq şirin içkilərdən imtina edin. Şirin içkilər alkoqolun qana sorulmasını sürətləndirir.

Məclis arası hərəkət etməyi unutmayın. İstənilən adi hərəkət belə alkoqolun orqanizmdən çıxmasına kömək edir. Hərəkət etmək üçün isə kifayət qədər bəhanə tapmaq olar. Məsələn, əgər telefonunuz zəng çalarsa, sizi arayan insanla gəzişə-gəzişə söhbət edə bilərsiniz, və ya rəqs etmək ən yaxşı hərəkət ola bilər, yaxud arabir təmiz hava almaq üçün eyvana giriş-çıxış da hərəkət etmək üçün yaxşı bəhanədir.

Sərxoş olmağın əsas səbəblərindən biri içkiləri qarışdırmaqdır. Buna görə də çalışın ki, süfrəyə düzülmüş müxtəlif çeşidli spirtli içkiləri qatıb qarışdırmayasınız. Yox, əgər bu sizdə alınmırsa, nəzərə alın ki, zəif dərəcəli içkilərdən tündə doğru “irəliləmək” daha məsləhətdir.

Sərxoş olmamaq üçün ən yaxşı vasitələrdən biri C vitaminidir. O, alkoqolu tam neytrallaşdırmasa da sərxoş vəziyyətə düşməyi ləngidir. Hər qədəhdən sonra bir-iki limon dilimi sizi arzuladığınız vəziyyətdə saxlayacaq.

Bu məsləhətlərə əməl etməklə bayram məclisini xoş əhvalla və həm də bir az ayıq başla yekunlaşdırmaq olar.

Əgər bu deyilənlərin heç birini etməmisinizsə, açılan səhər heç də ürəyinizcə olmayacaq. İfrat sərxoşluq bayram ovqatınıza xoş olan heç nə qatmayacaq.

Bu “qeyri-müəyyən” vəziyyətdə ilk növbədə çalışın daha çox maye qəbul edəsiniz. Limonlu çay, mineral su, təbii alma şirəsi və ayran içmək daha məqbuldur.

Sərxoşluq sindromundan yaxa qurtarmağın ən yaxşı üsullarından biri duş qəbul etməkdir.

Səhər-səhər bal şərbəti içmək də sizi bu vəziyyətdən qurtaracaq.

Qarabaşaq (qreçka) və yulaf sıyığı da köməyinizə çata bilər. Bu vəziyyətdə sıyıq yemək arzuedilməz olsa da, özünüzü buna məcbur edin.

Turşuya quyulmuş xiyar yemək xoşagəlməz vəziyyətin aradan qaldırılmasına kömək edər.

Ağartı məhsullarından, xüsusilə, kəsmik və qatıqdan istifadə etməklə düşdüyünüz vəziyyətdən yaxa qurtara bilərsiniz.

Təmiz hava və yüngül idman hərəkətləri bu məqam üçün vacibdir.

Sərxoşluq sindromundan çıxmağın ənənəvi üsulu olan səhər tezdən 100 qram içmək məsələsini ağlınıza belə gətirməyin. Düzdür, 100 qram insanı xoşagəlməz durumdan çıxarır. Amma səhər tezdən spirtli içki onsuz da “çətin” vəziyyətdə qalmış mədənizdə gələcəkdə böyük problem yarada bilər. Bu sahədə alkoqolsuz pivəyə üstünlük vermək olar.

Sağlamlığının qayğısana qalan insan alkoqollu içkilərin orqanizm üçün ziyanını nəzərə alıb ondan imtina etməlidir. Yox, əgər srirtli içkilərdən istifadə edirsinizsə, qədərində için. Qədərində için ki, ifrat dərəcədə sərxoş olmayasınız. Unutmayın ki, axşam məclisdəki vəziyyətiniz nə qədər “yaxşı” olacaqsa, səhərki vəziyyətiniz də bir o qədər pis olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir