20 yanvar

20 Yanvar – qanlı imperiyanın sonunun başlanğıcı

Baxış sayı: 822

Bu təcavüz təşkil olunmuşdu və bunu təkcə Qorbaçov, yaxud Moskvada Sovet hökumətinin, Kommunist Partiyasının digər rəhbərləri təşkil etməmişdi. Bunu ­birinci növbədə Azərbaycan Respublikasının o vaxtkı Kommunist Partiyasının rəhbərləri öz ­xalqını boğmaq, əzmək, tapdalamaq üçün, xalqın azadlıq hərəkatını yatırtmaq üçün, ­xalqın mənliyini təhqir etmək üçün təşkil etmişdilər.

Heydər ƏLİYEV

Ümummilli lider

 

Bu qanlı faciə Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Hər bir xalqın milli birliyə, sarsılmaz iradəyə və əhatəli özünüdərkə hansı dərəcədə nail olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 29 il əvvəlin fəlakətli yanvar günlərində üzləşdiyimiz belə bir ağır sınaq məqamında xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi yazdı – Qanlı yanvar səhifəsi.

20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 3 onilliyə yaxın müddətdə bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşaiyət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı? Cavabında isə hadisələrin şahidləri 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayın hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi qınamağa qədər, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər ifratçılığa qədər müxtəlifləşən mülahizələr yalnız bir fikirdə yekdil olur: belə sonluğu heç kim gözləmirdi.

Bəli, doğrudan da, o zaman çox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə divan tuta bilər. Yəqin ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi,həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövhük. Amma bəzən Şər də qalib gəlir, qısa müddətə olsa da. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir an idi – qısa bir an. Bu Şərin gəldiyi yol isə bir aylıq, iki aylıq yol deyildi. Bu, çox uzaqdan gələn bir yoldu. Bu yol 1813-cü ilin “Gülüstan”ından gəlir, bu yol 1828-ci ilin “Türkmənçay”ından keçir. Nəhayət, bu yolun bizə ən yaxın döngəsi 1920-ci ilin 28 aprelindən başlamışdı. Ötən əsrin 30-cu illərinin qaranlıq dolanbaclarından, 40-cı illərin ağrı-acılarından, 50–60-cı illərin ağır məhrumiyyətlərindən keçib gəlmişdik 20 Yanvara.

Bütün bunlar çox uzun və çox üzüntülü bir hekayədir–azadlıqsevər bir məmləkətin, insanpərvər bir millətin, məğrur bir xalqın əsarət hekayəsidir. 20 Yanvar isə bu hekayənin son fəslidir. Bu fəsildə də qarşımıza Şər çıxmışdı. Növbəti dəfə düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən namərd qonşularımız vətən torpaqlarımıza göz dikmişdilər. Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılan məkrli fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı.

Xüsusən, 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarının qəbul edilməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərman verməsi ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi.

Bütün bunlarla, eyni zamanda, Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və buna SSRİ rəhbərliyi tərəfindən göstərilən “görməzlik” soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz İttifaqın “yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən proseslərə sanki ciddi heç bir şey olmamış kimi, seyrçi münasibət göstərməsi, özünü “bilməzliyə” və “eşitməzliyə” vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addımın atılmaması xalqın əsəblərini tarıma çəkmiş, onun səbr kasasını doldurmuşdu.

Mübarizə meydanında tək qaldığını görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi. Bütün ümidlər haqsızlığa qarşı həmişə öz etiraz səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına qorumağa hər zaman hazır olan və monolit gücünü öz milli varlığında hiss edən Azərbaycan xalqına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alovlandırmışdı. Artıq xalq mövcud olduğu bütün müddətdə sovet imperiyasının yürütdüyü repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan Vətən övladları bu ləkəni öz qanları bahasına da olsa, yumağa hazır idilər.

O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hökumət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi, bu siyasətin qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülməməsi xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirməklə kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atması – onun ­antihumanist təbiətini və ən iyrənc yollarla belə həyata keçirməyə hər an hazır olduğu imperialist siyasətini tam aydınlığı ilə ifşa etmiş oldu.

Meydanlara öz haqq səsini ucaltmaq, milli heysiyyatını və milli mənliyini qorumaq əzmi ilə çıxan fədakar vətən övladları bütün gözlənilməzliklərə hazır idilər. Amma hələ də heç kim bu gözlənilməzlikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında yaşadığı öz vətəndaşlarına qarşı bu qədər qəddarlıq nümayiş etdirəcəyi ağlasığmaz görünürdü. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin”. Lakin inanmaq istədiyimiz xoş sonluqlu ehtimal özünü doğrultmadı.

Soyuq 20 Yanvar səhəri açılmağa macal tapmamış bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri – Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi: nəyin bahasına olursa-olsun milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə Azərbaycana yeridilən rus qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 147 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarını qan gölündə tapdı. Bu, Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.

Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüzminlərin çiyinlərində daşındılar və müqəddəs torpaqda əbədiyyətə qovuşdular. Bu müqəddəs torpaq hələ əsrin əvvəllərində – 1918-1920-ci illərdə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qoynuna almışdı.

Hələ o zaman xalqın istiqlalı uğrunda şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər xiyabanı bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basırdı. O qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət yolumuza hər zaman şəfəq saçır. O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki, o qərənfillər “öz ayaqları ilə” şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər. Şəhidlərin məzarları üzərinə sərilmiş milyonlarla qərənfil 20 yanvar gecəsində onların Vətən torpağına axıdılan al qanını xatırladırdı.

Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi.Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi.

Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqla dolu keçmişi, dövlətçiliklik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi?

Öz keçmişindən, sanki, qan damarları ilə axıb gələn vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi hisslərə malik olan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?! 20 yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: “Yolumuz Azadlıqdır!”

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boğulduqca daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyalarının iflası artıq heç kimdə şübhə doğurmayan və dayaqları çökməyə başlayan Sovet imperiyası bu hadisəni törətməklə nəyə nail olmaq istəyirdi? Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir ölkəsində əvvəlcədən qurulmuş plan əsasında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verənlər nəyə ümid edirdilər? Az sonra – imperiya çökəndən sonra aydın olacaqdı ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara cavabları yox imiş.

Baş verənlər isə Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının yenidən daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə sovet imperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına ümidlər hələ də qalmaqda idi. Lakin bir nəslin yaşaya biləcəyi qədər ömür yaşamış imperiya özü ilə həmyaşıd olan vətəndaş nəslinin böyüklü-kiçikli hamısına atəş açmaqla bu ümidləri tamamilə al-üst etdi.

O zamana qədər hələ də Azərbaycanın müstəqilliyinə müəyyən qədər skeptik yanaşanlar da bu hadisənin baş verməsi ilə artıq imperiya boyunduruğunda yaşamağın qeyri-mümkünlüyünü dərk etdilər və milli azadlıq hərəkatının aktiv iştirakçılarına çevrildilər. Bu faciəvi olay onilliklər ərzində insanlara sırınan “humanist” əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra kommunist partiyasından kütləvi istefalar, cəmiyyətin bütün təbəqələri tərəfindən müxtəlif formalarda ifadə olunan etirazlar ittifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı. Həmin ərəfədə SSRİ-nin bir çox respublikalarında ittifaq əleyhinə etirazlar baş qaldırmışdı. Gürcüstan və Baltikyanı ölkələrdə də hərbi qoşun hissələri tərəfindən dinc nümayişçilərə qarşı silah tətbiq olunmuşdu. Lakin Azərbaycanda baş qaldıran etirazlara qarşı törədilmiş 20 Yanvar hadisəsi öz qəddarlığı, misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlki olaylardan çox fərqlənirdi.

Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı yalnız qanlı cinayət hadisəsi törədildikdən sonra elan edilmişdi.

Görünür, imperiya rəhbərliyinin xalqımıza qarşı qəzəb hissi o qədər güclü və hərbi təcavüz həyata keçirmək niyyəti o qədər qəti idi ki, törətdiyi qeyri-insanlıq aktına əvvəlcədən “hüquqi don” geyindirməyə belə ehtiyac duymamışdı. Baş verəcək hadisələrin və faciənin miqyası barədə məlumatların geniş xalq kütləsinə çatdırılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyasının enerji blokunun partladılması da qanlı cinayət əməlinin əvvəlcədən müəyyən edilmiş plan əsasında həyata keçirildiyini bir daha göstərir. Bununla respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı.

Ancaq həmişə millətləri qaranlıqda və məlumatsızlıqda idarə etməyə alışmış düşmənlərimiz bilmirdilər ki, bu zaman insanların səsini bir-birinə çatdıran, o səsləri Xalqın Səsinə çevirən yenilməz bir qüvvə vardı bu millətin canında. Bu, onların Azadlıq sevgisi idi! Bu sevgini boğmağa isə heç bir vəhşi yumruğun gücü çatmayacaqdı! İmperiyanın zor gücünə söykənmiş siyasəti ilə Azərbaycan xalqının məğrurluğu və qırılmaz iradəsi qarşılaşarkən, hansı tərəfin məğlubiyyətə düçar olacağı əvvəlcədən aydın idi. Sadəcə, Mixail Qorbaçov və onun ətrafındakı cinayətkarlar bunu anlaya bilməzdilər.

Yarandığı gündən etibarən, xalqımıza qarşı qərəzli siyasət yürüdən sovet imperiyası belə bir qəddarlıq aktı ilə özünün düşmənçilik “ənənəsindən” əl çəkmədiyini bir daha göstərdi. Qorbaçov başda olmaqla, İttifaqın bütün vəzifəli şəxslərinin ciddi heç nə olmamış kimi davranmaları, törətdikləri qanlı cinayəti ört-basdır etmək cəhdləri Azərbaycan xalqına qarşı olan qərəzin və nifrətin açıq təzahürü idi. Azərbaycan SSR rəhbərliyinin qanlı olay barədə bəyanat belə verməməsi, belə bir çətin anda xalqın dərdinə şərik çıxmaması xüsusilə təəssüf doğuran məqam idi.

20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında göstərildiyi kimi: “Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın bir sıra siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi”. Bu fakt bir daha hakimiyyətlə xalq arasında o zaman dərin uçurumun yarandığını və hakimiyyətdə təmsil olunan şəxslərin xalqın iradəsini ifadə etmək iqtidarında olmadığını göstərirdi.

Qanlı yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə hadisəyə münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərdi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin ən faciəvi günlərindən birini yaşayan Azərbaycanın xalqının acısına şərik çıxması – onun öz xalqına olan sonsuz məhəbbətinin ifadəsi idi. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləyən Heydər Əliyev, xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham etdi və onların cəzalandırılmasını tələb etdi.

Bu qanlı faciənin önlənə bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Heydər Əliyev bu cür ­yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi –xalqımızın üzləşdiyi ən çətin məqamlarda Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də dərdinin önündə dayandığını bir daha sübut etdi.

Cinayətin törədildiyi vaxtdan keçən bir neçə illər ərzində 20 Yanvar hadisələrinə lazımi siyasi-hüquqi qiymətin verilməməsi də vacib məsələlərdən biri idi. Mövcudluğunun mahiyyətində zorakılıq və hegemonluq daşıyan imperiyanın onun rəhbərliyi tərəfindən verilən göstəriş əsasında baş vermiş bəşəri cinayətə hüquqi qiymət verə biləcək qədər səmimiyyətə və iradəyə malik olmadığı əvvəlcədən məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ Baş Hərbi Prokurorluğunun hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən faciəli olayların araşdırılması ilə bağlı yaradılmış İstintaq komissiyasının fəaliyyətinin heç bir nəticə və heç bir əsas olmadan dayandırılması isə təəccüb doğurmaya bilməzdi.

Bu, o zamankı ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə siyasi-hüquqi qiymət verə bilmək iqtidarında olmadığını nümayiş etdirirdi. Təəssüf ki, daha sonra 1992-ci ilin 19 yanvarında qəbul edilmiş “1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət olduğunu sübut etmək, faciə qurbanlarının hüquqlarının müdafiəsini təmin etmək, axıdılmış günahsız qanların səbəbkarlarının cəzalandırılması üçün siyasi, hüquqi zəmin formalaşdırmaq olduqca önəmli məsələ idi. Məhz buna görə Prezident Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli fərmanında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə qəbul olunmuş müvafiq qərarda Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığı və həqiqi günahkarların aşkar edilmədiyi nəzərə çatdırıldı və Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi tövsiyə edildi.

Beləliklə, 1994-cü ilin martında Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında xüsusi qərar qəbul etdi. Bu qərarın qəbul edilməsinin əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və hərbi cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq-mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi. Bununla da, nəhayət ki, qanlı faciəyə dövlət səviyyəsində münasibət bildirilməsi təmin edildi.

Faciədən 30 ilə yaxın bir dövr keçir. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını ­sındırmış şəhidlərimizi ehtiramla yad edirlər. Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.

Prezident İlham Əliyevin Şəhidlər xiyabanını ziyarət edərkən vurğuladığı kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”

Bəli, torpaqlarımızıın bütövlüyü və müstəqilliyimiz uğrunda mübarizədə qurban getmiş şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından da keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə – Əbədiyyətə, xalqımızı isə Azadlığa qovuşdurdu. Bu bir tarixdir. Qanlı, amma Şərəfli bir tarix.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir