boyrekler

Böyrək xəstəlikləri ilə bağlı şikayətlərin sayının artmasının səbəbi nədir?

Baxış sayı: 667

Böyrək xəstəlikləri arasında kəskin və xroniki böyrək çatışmazlığı problemlərinə daha çox rast gəlinir. Xüsusən də xroniki böyrək çatışmazlığı problemi daha çox müşahidə edilir. Xroniki böyrək çatışmazlığının yaranmasının sbəbləri sırasında uroloji və uroloji olmayan bir sıra amillər dayanır. Uroloji xəstəliklərə böyrək daşı, böyrək yollarındakı anomaliyalar, darlıqlar, sidik axarlarında olan darlıqlar, anadangəlmə yaranan bəzi problemlər daxildir.

Bunu uroloq Bəhruz Xaliqov deyir. O qeyd edir ki, bu xəstəliklərin heç bir əlaməti olmadığından, xəstə zamanında problemi aşkarlaya bilmir. Sadəcə, təsadüfi analizlər əsasında xəstənin böyrəyində müəyyən problemlərin olduğu aşkarlanır.

“Uzunmüddətli hipertaniya xəstəliyi, ağır şəkər xəstələrində damar sistemi zədələnir. Damar sistemi zədələndikdə böyrəyə gələn qanın miqdarı azalır və nəticədə böyrəyin fəaliyyəti, qidalanması pozulur. Böyrəyin funksiyası pozulduğu üçün böyrək çatışmazlığı yaranır”, – deyə o əlavə edib.

Mütəxəssis bildirir ki, kəskin böyrək çatışmazlığı isə eyni anda iki böyrəyin önünün tıxanması nəticəsində baş verir.

 

Bu xəstəliklərin daha çox aşkarlanmasının səbəbi nədir?

Mütəxəssis deyir ki, son zamanlar bu xəstəlikdən əziyyət çəkənlərə daha çox rast gəlinməsinin səbəbi müayinə metodlarının daha geniş yayılmasıdır: “Bundan başqa, siqaretdən, düzgün olmayan həyat tərzi, tütündən, duzlu məhsullardan çox istifadə də bu xəstəliklərlə bağlı statistikalara təsir edir”.

 

Mütəxəssis varmı?

Həmsöhbətimiz deyir ki, ölkədə kəskin böyrək çatışmazlığının müalicəsi üçün yetərli sayda mütəxəssis və imkanlar var.

 

Ən uyğun müalicə üsulu hansıdır?

Həkim deyir ki, dializlə uzun müddət davam etmək mümkün deyil: “Bu zaman bir sıra ağırlaşmalar olur, infeksiyalar yaranır. Katatellərin yerində də problemlər yaranır və ağırlaşmalar olur. Bu səviyyəyə çatmamaq üçün orqan köçürülməsi üçün müraciət etmək laızmdır”.

 

Böyrək çatışmazlığının ilkin əlamətləri nədir?

Bəhruz Xaliqov bildirir ki, bu problemdən əziyyət çəkən xəstələr özlərində hansısa əlamət hiss etmirlər:

“Təbii ki, vəziyyət daha şiddətli hal aldıqda sidiyin ifrazında azalma, bədəndə şişkinlik müşahidə olunur. Bu şişkinliyi xəstəliyin son mərhələsində xüsusən də ayaqda və üzdə görmək mümkündür. Lakin bu o demək deyil ki, əl-ayaqda şişkinliyi olan hər kəsin böyrəyində problem var. Bu şişkinlik başqa problemdən də qaynaqlana bolər”.

“Təzyiqin yüksək olması da böyrək xəstəliklərinin əlamətlərindəndir”, – deyə o əlavə edib.

Ümumi cərrah, transplantoloq Mircəlala Kazımi isə bildirir ki, bu gün bütün dünyada orqan çatışmazlığından əziyyət çəkən şəxslərin sayı artmaqdadır:

“Bunun səbəbləri müxtəlifdir. Bura qidaların keyfiyyətinin aşağı düşməsi, insanlaırn zərərli vərdişlərə daha çox düçar olması, enerji içkilərini çox istehlak etməsi, stress və onun səbəb olduğu yüksək qan təzyiqi böyrəklərin sıradan çıxması aiddir”.

“Şəkər xəstəliyi də böyrək çatışmazlığının yaranmasında başlıca amillərdəndir. Şəkər böyrəyin funksiyasına təsir edir və böyrək çatışmazlığı yaranır”, – deyə o əlavə edib.

Mütəxəssis bildirir ki, böyrək çatışmazlığı olan xəstələr sistemli şəkildə həm də ürək, ağciyər, qaraciyər xəstəliklərindən də əziyyət çəkir. Müəyyən zaman içində orqanizm tamamilə iflasa uğrayır və nəticədə xəstə ölür”.

Mircəlal Kazımi qeyd edir ki, böyrək çatımazlığından əziyyət çəkənlər arasında ölüm faizi çox yüksəkdir. Mütəxəssis həmçinin başqa bir tədqiqatın nəticəsini də açıqlayıb, bildirib ki, beş illik tədqiqatların nəticəsində bəlli olur ki, dializdə olan xəstələr arasında ölüm 70 faizdirsə, orqan köçürülməsi ilə yaşayan xəstələrdə bu 5-10 faizdir”.

Böyrək xəstəliklərinin səbəbləri arasında genetik faktorların da olduğunu bildirən həkim vaxtından diqanostikanın aparılmasının xüsusi önəmindən danışaraq bildirir ki, əsas çıxış yolu orqan köçürülməsidir.

Qeyd edək ki, bu yaxınlarda tanınmış bəstəkar Ruhəngiz Qasımova da böyrək çatımazlığından dünyasını dəyişib.

 

Nigar Isgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir