abort

7 oğul istəyənlərin 1-cə qıza qarşı aqressiyasının səbəbi nədir?

Baxış sayı: 467

…Körpələr abort olunacağını əvvəldən anlayır. Yazmaq, təsvir etmək çox çətindir. Amma yazacam. Döl həkimin alətini hiss edəndə neynir, bilirsinizmi? Uşaqlığın bir küncünə qısılır, gizlənməyə çalışır, dəmir alətlərin ona çatmaması üçün… Alətlər uşaqlığın divarını zədələyə-zədələyə onu axtarır, axtarır, axır ki, həkim maqqaşı onun ayağını, qolunu, bədənini, başını “yaxalayır”! Dartır, qoparır! Parça-parça bətndən çıxarır. Yaradanın insana ən böyük lütfü beləcə qətl edilir. Bundan sonra abort edən həkim də, aborta gedən qadın da həyatına davam edir. Heç nə olmamış kimi…

 

Çətin günlər bitdi, qarşıda daha çətin günlər var…

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşürdü. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür, bu təbiətin yaratdığı tarazlıqdır.

Dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Yəni indi selektiv abortla bağlı olan çətinlik yaxşın gələcəkdə maksimal dərəcəyə çatacaq.

Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən övladları arasında fərq qoyur. Doğulacaq körpənin qız olacağını öyrənən bəzi valideynlər sevinsə də, çoxları bu duruma, sözün həqiqi mənasında, kədərlənirlər. Çox təəssüf ki, bəzi halda bu vəziyyət abortla nəticələnir. Elə bu səbəbdəndir ki, statistik rəqəmlərdə balans fərqi açıq-aydın gözə çarpır. Cəmiyyətin oğlan sevdası gender balansını ciddi formada pozur.

Tələf edilən uşaqların ölkəmizdəki statistikası çox acınacaqlı rəqəmlər ortaya qoyur. Statistik göstəricilərə görə, Azərbaycanda hər il 20 min uşaq abort edilir. Qeyri-rəsmi statistika isə bu rəqəmi 25-27 min arasında dəyişir.

abortlar

Əgər təcüvüzdən hamilə qalınıbsa…

Bu gün dünyada abortla bağlı dəhşətli statistika var. Körpənin ana bətnində qətl edilməsini tamamilə qadağan edən ölkələr də var, nisbətən məhdudiyyət qoyan da, tamailə azad edən də. Hazırda aborta cinayət kimi baxan ölkələr sırasına Əfqanistan, Banqladeş, Anqola, Venesuella, Qvatamella, Honduras, Misir, İndaneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nrpal, Nikarauqa, Oman, Paraqvay, Yeni Qvineya, Salvador, Suriya, Çili daxildir. Bu ölkələrdə hakim olan qanuna görə qadının həyatı risk altında olduğu zaman-zaman abort edə bilər.

Tibbi göstəricilərə əsasən və istisna hallarda aborta icazə verən ölkələr sırasında Əlcəzair, Argentina, Boliviya, Braziliya, Qaana, İsrail, Keniya, Kosta-rika, Marokko, Meksika, Niqeriya, Pakistan, Peru, Polşa, Uruqvay var. İspaniyada 1985-ci ildən qüvvədə olan qanuna görə cinsi zorakılıq halı baş verərsə, qadının fiziki və psixi sağlamlığı hamiləliyi davam etdirməkdə çətinlik yaratdığı hallarda aborta rəsmi şəkildə icazə verilir.

.

Doğum evindəki oğlan sevdası

Maraqlıdır ki, doğum evində tibb bacıları çöldə səbirsizliklə gözləyən kişiyə içəridəki xanımının oğlan doğması barədə daha canfəşanlıqla xəbər verirlər və qızların doğum xəbəri ilə müqayisədə oğlan muştuluğu və ya nəməri daha “ağır” olur. Oğlan analarının doğum evində qaldığı müddətdə xərclədiyi pul da bir az artıq olur. Belə ki, körpəyə qulluq edən tibb bacıları gedib-gəlib “hörmət” gözləyirlər. Evə gəlişi xüsusi təmtəraqla qeyd edilən oğlan övladı ailədə də daha “ağır çəki”yə sahib olur. Bu davranışın nəticəsidir ki, bizim ailələrdə daha çox oğlan uşaqları “ərköyün” olur.

Paltarın, oyuncağın, otağın- ümumiyyətlə hər şeyin daha yaxşısı oğlan övladına aid olur. Aramızda elə valideynlər var ki, işdən evə gələndə birinci oğlu ilə maraqlanır, onun hal-əhvalını soruşur, problemi ilə maraqlanır. Kənarda boynunu bükən, “sırasını gözləyən” qız övladı isə hələ uşaqlıqdan bu davranışın məhz belə olması gərəkdiyini qavrayır.

Düzdür, bu davranışı hər valideynə aid etmək də olmaz, bilirik, övladlarını ayırmayan, qız və ya oğlan olduqlarına fərq qoymayan kifayət qədər valideyn var. Gənc nəsil üçün daha oğlan, qız seçimi yoxdur, çox sevindiricidir ki övladlarının cinsiyyəti arasında fərq qoymayan nəsil yetişir. Əvvəlki nəsil də özələrindən öncəki nəsildən təsirlənərək bu addımı atırdı. Valideynlər adətən “oğlum olmasa, nəslin davamçısı olmayacaq, soyadım itəcək”, kimi düşüncələrlə bunun faciəvi olduğunu fikirləşirdilər. Gənclərimiz isə bunun o qədər də əhəmiyyətli olmadığının fərqindədirlər.

abort

Dölün cinsinin təyin edilməsi qadağan olunmalıdır

Məlumat üçün qeyd edək ki, hazırda mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur. Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsi selektiv abortun qadağası kimi mübahisəli olaraq qalır.

Ölkəmizdə abort qanunla qadağan deyil, qadının abort olunarkən həyat yoldaşından yazılı icazə alınması məsələsi də qanunla dəstəklənmir. Halbuki bir çox müsəlman ölkəsində, o cümlədən qonşu İranda qadağan olunan abort yalnız ananın həyatı təhlükədə olarsa həyata keçirilir, üstəlik, qadının həyat yoldaşı buna yazılı icazə verməlidir. O ki qaldı abortun ümumiyyətlə ölkəmizdə qadağan edilməsi məsələsinə, belə görünür ki, bu yaxın onillikdə belə mümkün olmayacaq. Milli Məclisin deputatları bunu cəmiyyətin belə qadağaya hələ hazır olmaması ilə əlaqələndirirlər. Amma zənnimcə qadağaya hazır olmurlar, alışırlar…

 

Dünyada “Qız uşaqları günü” də var…

Hər il oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü qeyd edilir. Bəli, qeyd edirlər, sevinirlər, qız uşaqlarına sevgidən danışırlar. Bəs görəsən qızını həkim bıçağına doğratdıranlar nə düşünür bu gün?

Hər il dünyada 55 milyon uşaq ana bətnindən doğranaraq xaric edilir. Onların 20 milyonu qeyri-leqal abortlardır. Yəni küncdə-bucaqda, evdə, həyətdə, hansısa fəaliyyəti qadağan qadağan olunmuş həkimin çirkli otağında edilən abortlar… Bu abortların hər il dünyada 70 mindən artıq qadının ölümünə səbəb olduğunu bilirdinizmi?

Edilən abortların əksəriyyəti dölün 12-13 həftəliyində reallaşır. Bu körpənin cinsiyyətinin bəlli olduğu ərəfədir. Yəni daha açıq desəm, cinsinin qız olması körpənin yaşama şansını azaldır və bu da selektiv abort statistikasını yüksəldir.

Bilirəm, çox şey deyəcək bəziləri. Kasıblıq, maddi çətinlik, savadsızlıq, başısoyuqluq – adını hər nə qoyursan qoy, nəticə dəyişmir. Axı arzuolunmaz hamiləlikdən qorunmaq o qədər də çətin və bahalı deyil. Bir az savad, azacıq dərrakə, çox kiçik miqdarda maliyyə. Maliyyə dediyimə baxmayın, bir aborta sərf edilənin yarısı qədər məbləğdən söhbət gedir arzuolunmaz hamiləlikdən qorunmaq üçün 4-5 illik vasitəni əldə etməyə.

Çox şey demək olar, amma deməyəcəm. Qadınlarınızı incitməyn, gəlinlərinizi söyməyin sizə oğul övlad doğmadığı üçün. Bu onun “günahı” deyil, kişinin orqanizmindən qaynaqlanan nəticədir. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır. İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların birinin birləşməsi ilə başlayır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən spermatozoid ilə birləşərsə, doğulan uşaq qız olur. Yox, əgər Y xromosomunu daşıyan spermatozoidlə birləşərsə, uşaq oğlan doğulur. Qısası, uşağın cinsiyyətini müəyyən edən səbəb atadan gələn xromosomdur.

.

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir