13576469_1049948698425640_40727428_n

Əsirlikdəki Dilqəmin bacısı: “Deyirdi ki, qəbiristanlıqlarda yatıram” – MÜSAHİBƏ – ÖZƏL FOTOLAR

Baxış sayı: 10. 044

Onunla söhbət etmək olduqca ağır olacaqdı. Hər zəngdən, hər tıqqıltıdan, hər gələndən yəqin ki, qardaşından xəbər gözləyir. Rahilə Əsgərova öz anasının qəbrini ziyarət etmək üçün doğma vətəninə gedən və ermənilər tərəfindən əsir götürülən Dilqəm Əsgərovun bacısıdır. Dilqəmi Kəlbəcərə səfərlərindən çəkilmiş videoları ilə “youtube” kanalından əslində çoxumuz tanıyırdıq, ancaq görünür, onu ermənilər də tanımamış deyillərmiş. Uzun müddətdir, hər il gizli yolla Kəlbəcərə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyevi 2014-cü ilin bu günündə – 11 iyul tarixində ermənilər ələ keçirdilər, Həsən Həsənovu isə qətlə yetirdilər.

“…Artıq iki ildir ki, Dilqəmin yolunu gözləyirik, heç bilmirik gələcək, ya yox?! Onlar Dilqəmi yaxşı tanıyırdılar, çətin buraxsınlar” – ümidini bir xeyli itirmiş bacı Rahilə Əsgərova ürək yanğısı və narahatlıqla danışır.

R.Əsgərova ilə uzun və maraqlı söhbət etdiyimizi anons edə bilməyəcəyik, hiss edirdik ki, onun üçün danışmaq çətindir, gözü yolda qalan bacının göz yaşları söhbətimizi tez-tez yarıda kəsirdi. Hər belə vəziyyətdən sonra yeni sual vermək ağır məsuliyyət hissi yaradırdı.

Hər halda, bu mərd, qorxmaz Azərbaycan oğlu barədə az da olsa, danışa bildik.

– Dilqəm Əsgərovla uşaqlığınız, gəncliyiniz yəqin ki, bir yerə keçib.

– Biz Kəlbəcər rayonunun Şaplar kəndində anadan olmuşuq. Dilqəm mənim böyük qardaşımdır. Mən evin üçüncü uşağıyam. Bəli, uşaqlığımız da, gəncliyimiz də bir yerdə keçib. Dilqəm qorxmaz, qoçaq və bacarıqlı bir oğlan idi.

Məktəbi qurtarandan sonra əsgərliyə getdi.

– Harda xidmət edirdi?

– Belarusiyada. 2 il sonra qayıdıb, Bakıda Şin zavodda işləməyə başladı. Sonra ailə qurdu.

– Xaraktercə necə adam idi, necə qardaş idi?

– Dilqəm mərd, qorxmaz, qoçaq adam idi, çox yaxşı qardaş idi. Ailəcanlı, qohumcanlı bir adamdır. Hamının qayğıları ilə maraqlanırdı, əlindən gələni edirdi.

– Hər dəfə gedib gəlirdi, Kəlbəcərdən çəkilişlər gətirirdi. Yəqin siz də baxırdınız həmin videogörüntülərə. Narahatlıq keçirirdinizmi, heç “getmə” dediyiniz olurdumu?13595653_1049948628425647_251094815_n

– Bəli, əlbəttə, narahat olurduq. Getmə – deyirdik. Ancaq heç gedəndə də əvvəlcədən bizə demirdi. Biz gedib-gələndən sonra bilirdik bəzən. O, Kəlbəcərə çox bağlıdır. Deyirdi ki, bir dəfə Bakıda bir nəfər ziyalı adam mənə dedi ki, niyə Məkkə-Mədinəyə getmirsən, deyir, mən də cavab verdim ki, mənim üçün Kəlbəcər Məkkə, Mədinədir. Yəni o qədər doğma torpağına bağlı adamdır. Biz də ona deyirdik ki, gedərsən, tutularsan filan. Deyirdi ki, nə qədər ki, sağam, gedəcəm. Kimsə gedir Məkkəni, Mədinni ziyarət edir, mənim üçün də ziyarətgah Kəlbəcərdir, Şaplardır.

Məhkəmədə də deyir ki, əgər məni erməni əsgərlər tutmasaydı, yenə gələcəkdim.

– Qayıdandan sonra hansı təəssüratlarını bölüşürdü?

– Açığı, elə çox danışmazdı. Ancaq bəzi şeyləri danışırdı, deyirdi erməni ilə qarşılaşdım, belə oldu, elə oldu. Amma çox soyuqqanlı idi, adi şey kimi qarşılayırdı hər şeyi. Soruşurduq ki, bəs gecəni harda keçirirsən? Deyirdi ki, çox vaxt qəbiristanlıqlarda qalıram gecələr. Məsələn, öz kəndimizdə qəbiristanlıqda qalıb.

– Deyirdi kəndi dağıdıblar, yoxsa…?

– Hə, deyirdi, bütün kəndi dağıdıblar. Çəkib gətirmişdi hamısını. Bizim evi də dağıdıblar. Salamat yer yoxdur demək olar ki.

– Dilqəm Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə ailəsinə məktublar göndərir arabir. Səhv etmirəmsə, oğlu Kürdoğlunun bir açıqlaması var idi ki, həmin məktublarda bəzi cümlələr qaralanmış olur.

– Bəli, bəzi yerlər qaralanmış olur.

– Heç oxumaq mümkün olmayıbmı həmin yerləri?

– Xeyr, heç nə görünmür. Tamamilə qaralanmış olur, heç cür oxumaq olmur. Əvvəllər lap az yazırdı.

– Adətən nə yazır?

– Yazır ki, narahat olmayın, qorxmayın. Amma axırıncı məktubda yazır ki, ürəyim, başım ağrıyır.

– Səhhəti ilə bağlı problemi olubmu heç?

– Yox, heç vaxt. Dilqəmin 56 yaşı var, indiyədək bir dəfə də olsun iynə-dərmandan istifadə etməmişdi. Sağlam, gümrah adam idi. Ancaq indi yazır ki, ürəyim ağrıyır, ayağında problemim var. Görünür ki, səhhəti qaydasında deyil. Axırıncı məhkəmədə də gördük ki, ayağını tutaraq gəzir. Məktubda yoldaşı yazmışdı ki, niyə ayağını çəkirsən? O da cavab yazmışdı ki, ayağım, başım, ürəyim ağrıyır.13578945_1049948731758970_2041116689_n

– Siz də yazmısınızmı məktub?

– Bircə dəfə yazmışam.

– Sirr deyilsə, nə yazmısınız?

– Heç nə, yazdım ki, inşallah, yaxşı olar, darıxma… heç nə yazmadım… başqa heç nə… (ağlayır, müsahibəyə bir neçə dəqiqəlik ara verməli oluruq – V.M.)

– Ağlamayın, inşallah, Dilqəm də, Şahbaz da sağ-salamat qayıdacaqlar öz evlərinə. Onlar öz cəsarətləri, mərdlikləri ilə bizim fəxrimizdirlər…

– Bilirsiniz, bala, əgər ermənilər Dilqəmi tanımasaydılar, buraxardılar. Tutulan gündən dedim ki, Dilqəmi verməyəcəklər, çünki tanıyırdılar. Vermirlər də. Dilqəmin 120 kq çəkisi var idi, indi o çəkinin yarısı da qalmayıb. Tanımasaydılar, yəqin ki, bu vaxta qədər qaytarmış olardılar.

– Yuxuda görürsünüzmü?

– Hə, görürəm. Dilqəm 2-3 gün olardı tutulmuşdu, yuxuda gördüm ki, anam gəlib oturub, deyirəm ki, ermənilər Dilqəmi tutublar, anam da başın qaldırır deyir ki, gəldi… Görürəm hərdən… Yuxudur da…get_img

– Sonuncu görüşünüzü xatırlayırsınız?

– Axırıncı görüşümüz Yevlaxda hüzr yerində oldu. Dedilər, Dilqəm də burdadır. Gözlədim mağarın qabağında, uşaqlar çağırdılar, çıxdı orda görüşdük, bir az söhbət etdik. Ondan 5-10 gün qabaq bizə gəlmişdi…

– Dilqəmin neçə övladı var?

– Dörd övladı – iki oğlan, iki qız.

– Nə işlə məşğuldurlar?

– Qızın biri bağçada müəllimədir. Ailəlidir. Biri də Bakıda yaşayır. Oğlanlar isə subaydır, biri malyar işləyir, biri isə yox.

Sonda isə Dilqəm Əsgərovun ailəsinə göndərdiyi sonuncu məktubun mətnini təqdim edirik:

“Yazdığım məktubu iyunun axırında göndərdim. Ermənilər də sizin məktubunuzu gətirib veriblər. Hər dəfə yazırsınız ki, idman edim. Ürəyimdə, qol-qıçımda, belimdə olan ağrılar imkan vermir. Radionun dərdini Qızıl Xaç çoxdan yaxşı bilir. Kamerada tək qalıram. Radionu aparıblar. Yazırsınız ki, dünya qarışıb. Bunların hamsını yaxşı bilirəm. İnsan Hüquqları Komissiyasına görüş üçün ərizə yazın. Mənim haqqımda internetə verilən çox yazılar yalandır. Radionu geri alıblar. Görüş üçün hamınız ərizə yazın. İmtahandan aldığınız qiymətləri yaxşı bilirəm. 3 dənə iki! Babandan muğayət ol. Məktubu yaxşı oxu. Hər şeyə diqqətlə bax. Kəlbəcər Rayon Dilqəm Əsgərov!”.

 

Söhbətləşdi: Vüsal Məmmədov

Gencaile.az

0c85ba9ac641

166e2e44cd48

dee095cde845

hqdefault

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir