Kondisioner

Kondisionerin yaratdığı problemlərdən necə qaçmaq olar?

Baxış sayı: 1. 794
Yayın qızmar istisində sərinlənmək üçün kondisionerlər əvəzedilməz vasitədir. Yay aylarında kondisionersiz yerdə oturmaq, işləmək çox çətin olur. Amma isti havada sərinləməyimizə səbəb olan kondisionerlərin zərərli tərəfləri də var. Hər kəsdə olmasa da, bir çox insanlarda kondisionerin zərərlərindən dolayı problemlər yarana bilir.
Mütəxəssislər bildirirlər ki, kondisionerlərin zərərindən qorunmaq üçün diqqətli olmaq lazımdır. Bəs biz kondisionerdən istifadə edərək sağlamlığımızı necə qoruya bilərik? Bunun üçün nələrə diqqət etməliyik? Bəs kondisionerdən daha çox zərər görən uşaqları necə qoruyaq? Ümumiyyətlə, uşaqların kondisionerli otaqda olmaları nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı açıqlama verən həkim-terapevt Məlahət Abbasova bildirdi ki, kondisionerin sərinliyi bizim rahatlığımızı təmin edir. Ona görə də yay aylarında kondisionersiz çalışmaq çətin olar. Amma zərərli tərəfləri də ola bilər ki, bundan qorunmaq lazımdır. Həkim deyir ki, kondisioner havasına, ümumiyyətlə, soyuğa qarşı allergiyası olan insanlar var. Ona görə də kondisionerdən istifadə metodunu düzgün seçmək lazımdır ki, orqanizmə hər hansı zərər dəyməsin: “Sərinləmək üçün kondisioner işləyən otaqda oturmaq şərt deyil. Soyuğa, kondisionerə allergik reaksiya göstərən insanlar ola bilər. Yaxşı olar ki, kondisioner işə salınsın, otaq soyusun, sonra kondisioneri söndürüb otağa daxil olsunlar. Yaxud xroniki xəstəlikləri olan insanlar davamlı olaraq kondisioner altında olsalar, xəstəlikləri daha da kəskinləşəcək. Ona görə də kondisoner söndürüldükdən sonra otağa daxil olmaq daha məsləhətlidir”.
Ev və ofislə yanaşı, avtomobillərdə də kondisionerlər var. Avtomobillərdə isə kondisioner soyuğu daha yaxın məsafədən bədənə vurduğu üçün bunun zərərini daha tez hiss edirik. M.Abbasova deyir ki, kondisionerin davamlı işlədiyi avtomobildə yol getmək bir çox problemlərə yola aça bilir: “Avtomobildə kondisioner soyuğu bir istiqamətdə vurduğuna görə çox vaxt böyrək yaxşı qorunmadığı üçün adətən böyrək kəskinləşməsi olur. Ayaq hissədən soyuq vurarsa, ayaq sinirlərinin kəskinləşməsi olur. Bəzi adamlarda isə baş ağrıları olur. Çünki sinirlər kəskin isti və soyuğa düşəndə uyğunlaşa bilmirlər. Öyrəşə bilmədikləri üçün də belə hallar olur”.
Elə iş yerləri var ki, orada çalışanlar fasiləsiz olaraq kondisioner olan otaqda olmağa məcburdurlar. Həkimin sözlərinə görə, belə mühitdə işçilərin kondisionerdən zərər görməməsi üçün kondisionerlərin istiqamətini tavana doğru çevirmək lazımdır ki, işçilərin üzərinə birbaşa soyuq vurmasın: “Amma bunu da etmirlərsə, işçilər isti geyimlərdən istifadə etsinlər”.
İnsanların bir qisminin kondisionerə tam dözümlü olmasına gəlincə, M.Abbasova bildirdi ki, orqanizmlər fərqli olduğu üçün hər kəsdə reaksiya eyni olmur. Amma kondisionerin soyuğuna dözümlü reaksiya göstərənlərin sağlamlığında hər hansı problem olarsa, soyuq onlara da əks təsir göstərə bilər. Ona görə də hər kəs diqqətli olmağa çalışmalıdır: “İnsanların orqanizmləri, sinir sistemləri müxtəlifdir. Elə adam var ki, kondisionerə qarşı orqanizmi dözümlüdür, onun hər hansı problemi olmur. Amma soyuq problem yaratmasa da, bu cür insanlarda hansısa xroniki xəstəlik olanda kondisonerli otaqda çalışmaq xəstəliyi kəskinləşdirə bilər”.
M.Abbasova qeyd etdi ki, kondisionerin dərəcəsinin də önəmi var: “Tam soyutma dərəcəsində qoymaq olmaz. Otağın havasının sərin olacağı bir temperatura qoymaq olar”.
Pediatr Vaqif Qarayev isə bildirdi ki, isti aylarda uşaq üçün komfort temperatur şəraiti yaradılmalıdır. Yəni uşaq olan ortamda temperatur 22-24 dərəcə olmalıdır. Bu mənada kondisioner faydalıdır. Kondisioner həm havanı sərinləşdirir, həm də xüsusi filtrlərin hesabına antivirus və antiallergen təsiri göstərir. Pediatr deyir ki, sərinləmək tərəflərini düşünməklə yanaşı, bəzi qaydalara da əməl etmək lazımdır: “Havanın temperaturunu birdən-birə yox, tədricən sərinlətmək lazımdır. Yoxsa xüsusilə kiçik yaşlı uşaqlar temperatur dəyişikliyinə dözməyəcək. Ən vacib məsələ odur ki, soyuq hava kütləsi birbaşa uşağın bədəninə və çarpayısına yönləndirilməsin. Bunu mütləq tənzimləmək lazımdır. Bəzən kondisioner havada quruluq yaradır, rütubəti azaldır. Bu məsələ də tənzimlənməlidir.
Vaxtaşırı otağın optimal rütubətliliyi təmin olunmalıdır. Bunun üçün xüsusi qurğudan istifadə etmək olar. Filtrlər havadakı mikroorqanizmləri tutub özündə saxladığından vaxtaşırı onlar mütləq təmizlənməlidir. Südəmər yaşlı uşaq olan otağa mümkün qədər kondisioner qoyulmamalıdır. Kondisioner başqa otağa qoyulmalı, amma temperatur rejimi və hava kütləsi elə tənzimlənməlidir ki, uşaq yatan otaqda da optimal temperatur əldə olunsun. Əgər maşında və ictimai yerlərdə qeyd etdiyim qaydalara əməl etmək mümkün deyilsə, uşağı uzun müddət birbaşa soyuq hava kütləsi altında saxlamaq düzgün deyil”.
V.Qarayev onu da bildirdi ki, bu qaydalara əməl edilmədiyi zaman uşaqların sağlamlığında problemlər yarana bilər: “Uşaq qətiyyən üstüaçıq yatmamalıdır. Müraciət edənlər ən çox yuxarı sinif şagirdləri olur. Bunlar da bir qayda olaraq yatanda üstüaçıq yatanlardır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir