qan

Donorluğun Azərbaycanda normal qəbul olunması üçün nə etməliyik?

Baxış sayı: 1. 591
Amerikanın Pensilvaniya ştatında yaşayan Ceni Stepyen bu ilin yayında evlilik təklifi alır. Amma toydan əvvəl onun qoluna girərək xeyir-dua alması üçün kilsəyə aparan atası olmur. Atasını 2006-cı ildə faciəli şəkildə itirən Ceni arzusunu reallaşdırmaqdan vaz keçmir. Başqa bir ştatda yaşayan, heç vaxt üzünü görmədiyi Artur Toması axtarıb tapır və məktub yazaraq onu ata kimi kilsəyə aparmasını xahiş edir. Çünki 70-dən çox yaşı olan Artur Tomas onun atasının ürəyini daşıyırdı.
Amerikanın CBS kanalının reportajında Ceninin atasının ürəyini daşıyan Arturla toyundan bir az əvvəl görüşünü sakit izləmək mümkün deyil. Ceni göz yaşları içərisində bir əlini Artur Tomasın nəbzinə, digər əlini isə ürəyinə qoyur: “Gəldiyinizə görə çox sağ olun. Mən Tanrıya təşəkkür edirəm ki, bu gün atam həm ruhən, həm də orqanının bir hissəsi ilə buradadır. İnanılmaz duyğular yaşayıram”.
Təəssüflər olsun ki, belə bir misalı Azərbaycandan deyil, Amerikadan çəkirəm. Çünki bizdə nadir hallarda kimsə rəhmətə gedərkən orqanlarının ehtiyacı olan insana köçürülərək, onun yaşamasına yazılı surətdə razılıq verir. Ya da kimsə beyin ölümü keçirəndə, qohum-əqrəbasının orqanlarının köçürülməsinə razı olduğunu eşitməmişik.
Dünyanın inkişaf etmiş ölkələrində insanlar öldükdən sonra orqanlarının bağışlanılmasını normal qəbul edir və əksəriyyət əvvəlcədən buna razılıq verir. Azərbaycan cəmiyyətinin orqan nəqlinə normal yanaşması üçün nə etmək lazımdır? Ekspertlərimizə bu sualla müraciət etdik.
Azərbaycanda ölüm halları azala bilər…
“Bu gün Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi tamamilə mümkündür”. Bunu “Trend”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili ürək-damar cərrahı Rəşad Mahmudov deyib. R.Mahmudov bildirib ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsinə qanunvericilik imkan verir və eyni zamanda, ürək transplantasiyasının bir neçə mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur: “Ancaq cəmiyyətimiz sosial olaraq ürək transplantasiyasına hazır olmalıdır. Ailədən və ya yaxınlardan biri həyatını itirdiyi zaman onun üzərində ekspertizanın aparılmasına qətiyyətlə qarşı çıxırıq. Ürək transplantasiyasına əngəllərdən biri xəstəxanaların beyin ölümü kriteriyasını tanıyaraq bunu uyğun komissiyalar vasitəsilə xəstə yaxınlarına bildirməmələri ilə bağlıdır. Bir çox hallarda xəstə yaxınına beyin ölümü olduqda məlumat verməyə çəkinirlər. Beyin ölümü olduqdan sonra insandan insana köçürüləcək orqanların başında ürək gəlir. Ürəkdən başqa digər orqanların da həyatını itirmiş insanlardan köçürülməsi təqdirə layiqdir”.
Deputat həmçinin qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır: “Bu xəstəlik Azərbaycan üçün də hər zaman aktual olub. Rəsmi statistikaya əsasən, ölüm hallarının böyük hissəsi məhz bu xəstəlik səbəbindən baş verir”.
R.Mahmudov bildirib ki, əgər həyatını itirmiş insanlardan ürək və digər orqanların transplantasiyasını həyata keçirmək mümkün olarsa, təbii ki, Azərbaycanda ölüm halları azalar.
Amerikada sürücülük vəsiqəsinin üzərində donor olduğun qeyd edilir
Sosial psixoloq Əhəd Kazım bizimlə söhbətində əvvəlcə xarici təcrübəni bölüşdü: “Mən illər öncə Amerikada yaşayanda sürücülük vəsiqəsi üçün sənəd verəndə doldurmaq üçün anket forması verdilər. Orada belə bir sual var idi: “Siz donor olmaq istəyirsniz, ya yox”.  Mən o vaxt orta statistik azərbaycanlı kimi “yox” cavabını dedim. Qeyd edim ki, Amerikada donor olmaq istəyənin sürücülük vəsiqəsinə ürək şəkili qoyulur və üzərindən böyük hərflərlə “donor” sözü yazılır. Bu, o deməkdir ki, həmin adam avtomobil qəzası keçirsə, yaxud digər hallarda həyatını itirsə, avtomatik olaraq donor sayılır”.
4 il öncə Türkiyədə bir neçə xəstəxanada olduğunu deyən müsahibimizin sözlərinə görə, orada qarşılaşdıqları onu təəccübləndirib: “Əməliyyat üçün getmişdim. Çox təəccübləndim ki, orada donor olmaq adi bir hal kimi qəbul olunur. Nəinki rəhmətə gedənin orqanlarından istifadə etmək normal sayılır, hətta sağlam adamlar rahatlıqla böyrəklərinin birinin, yaxud digər orqanının nəqlinə normal yanaşır. Bunun da səbəbi var. Çünki donorluq əhalisinin əksəriyyəti müsəlman olan Türkiyədə çox gözəl təbliğ olunur, xəstəxanalarda roliklər göstərilir”.
Ə.Kazımın fikrincə, Azərbaycan cəmiyyətinin donorluğa razılaşması üçün maarifləndirmə kampaniyaları aparılmalıdır: “Bir də islam dininin bu məsləyə necə baxması maraqlıdır. Düşünürəm ki, dindarlarımız donorluğu təbliğ etsə, cəmiyyətimizdə, insanların düşüncəsində yaxşı yöndə dəyişiklik ola bilər. QHT-lər, KİV-lər, hansısa dövlət qurumları birləşib kampaniyalar apara bilər”.
Ə.Kazım hesab edir ki, donorluq xeyirxah bir işdir: “İstərdim ki, rəhmətə gedən insanların qohumları eqoist olmasınlar. Beyin ölümü gerçəkləşən qohumlarının ürəyi, yaxud digər orqanı kiməsə həyat verə, yaşamasına səbəb ola bilər. Bu da o deməkdir ki, həmin insan əslində rəhmətə getmir, başqa insanda yaşayır”.
Donor orqan mafiyası tərəfindən öldürülməyəcəyinə inanmalıdır 
Laboratoriya PR Agentliyinin rəhbəri Afət Yaqubova məsələyə müsəlman yanaşmasısının olduğunu dedi: “Bizdə oğlu öldürülən ana ölümün səbəbini, kim tərəfindən edildiyini öyrənmək üçün meyitin yarılmasına imkan vermir. Dəfn edilərkən meyitin orqanlarının salamat olmasını istəyir. Ana üçün oğlu öləndən sonra fərqi yoxdur, onu kim, hansı səbəbdən öldürüb. Əsas odur ki, oğlunun orqanlarına əl dəyilməsin. Bu baxımdan hesab edirəm ki, insanların dini baxımdan maarifləndirilməsinə ehtiyac var. İnsanlara orqanlarımızı bağışlamaqla başqalarına ömür bağışlamağın heç də ziyanlı olmadığını aşılamaq lazımdır”.
Müsahibimiz orqan nəqlinin dünyada ən gəlirli qeyri-qanuni gəlir sahəsi olduğunu xatırlatdı: “Bu baxımdan mən Afət Yaqubova olaraq əmin olmalıyam ki, donor olmağımla bağlı hansısa sənədə imza atsam, iki gün sonra orqan mafiyası tərəfindən öldürülməyəcəyəm”.
Məsələnin başqa bir tərəfinə də toxunan A.Yaqubova insanların könüllü surətdə orqan bağışladığı halda, onların öldükdən sonra orqanlarının pulla satılmayacağına inanmalarını təmin etmək lazımır: “Mərkəzi Qan Bankının fəaliyyətinə nəzər salaq. Hər il minlərlə adam Mərkəzi Qan Bankına könüllü olaraq qan verilir. Qan Bankına könüllü surətdə hər il qan verən oğlan tanıyıram ki, anası ölüm ayağında olanda sözügedən bankdan qanı pulla aldı. Qan Bankı cəmiyyətə hesabat vermir ki, könüllülərin verdiyi qan hara gedir, necə olur ki, hər dəfə kiməsə qan lazım olanda pul müqabilində əldə edir. Öləndən sonra donor olmağa razılıq verən vətəndaşlarımıza kim təminat verə bilər ki, pulsuz bağışladığım orqanı kimsə satıb milyonlar qazanmayacaq”.
A.Yaqubova hesab edir ki, nə qanunvericiliyimiz, nə də cəmiyyətimiz insanların öləndən sonra donor olmasına hazır deyil: “Düşünürəm ki, dünyada milyonlarla pul qazandıran orqan nəqlinə hazır deyilik”.
İslam nə deyir?
Millət vəkili Elman Nəsirov donor olmağa hazırdır. Deyir ki, insanın dünyadan getdiyi halda, başqa birisinin onun sayəsində yaşadığını bilmək gözəl hissdir, həm də Allah yanında savabdır: “Sağ insanın həyatını xilas etmək naminə onun orqanlarının istifadəsi bir çox ölkələrdə geniş yayılıb. Amma Azərbaycanda sosioloji sorğu keçirsək, görərik ki, bizdə əhalinin mütləq əksəriyyəti öldükdən sonra öz orqanlarının, yaxınının orqanının başqa bir bədənə nəql edilməsinin əleyhinədir. Bu, yəqin ənənə ilə bağlıdır. Burada dinin də öz rolu var. Müsəlman aləmində belə məsələlərə bir qədər fərqli baxış var. Mən düşünürəm ki, hər şey insanlıq, insanın xilası naminə olmalıdır, insanın yaşaması üçün bütün mümkün üsullardan istifadə edilməlidir”.
E.Nəsirov deyir ki, informasiya əsrində donorluğu təbliğ etməli, bu ideyanı cəmiyyətə aşılamalıyıq: “Amma təbliğat, təşviqat aparılsa belə, illərdən bəri davam edən ənənəmizin tezliklə dəyişəcəyinə, insanların tezliklə bunu normal qəbul edəcəyinə  inanmaq düzgün deyil. Buna illər lazımdır. Bu istiqamətdə güclü təbliğat işi aparılmalıdır”.
Dini yazılar müəllifi Kənan Rövşənoğlu bildirdi ki, Quran və hədislərdə orqan nəqli barədə heç bir məlumat yoxdur: “Amma müasir islam alimləri orqan nəqlini dəstəkləyir. Hətta bir insanın xilasına səbəb olduğu üçün bu iş savab əməl sayılır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir