xərçəng

Xərçəng xəstəliklərinin çoxalmasının səbəbləri

Baxış sayı: 2. 952

Onların arasında yanlış qidalanma, pis vərdişlər, hərəkətsizlik, ekologiya, stress öndə gəlir… Son zamanlar xərçəng xəstəliyinə yoluxanların sayında ciddi artım müşahidə edildiyi bildirilir, bədxassəli şişlərin hətta tez-tez gəncləri də ağuşuna aldığı deyilir. Belə ki, Azərbaycanda son 3 il ərzində qeydiyyata götürülən onkoloji xəstələrin sayı 24 faizə yaxın artıb. Statistikaya görə, ölkədə ən çox təsadüf olunan onkoloji xəstəlik ağ ciyər və nəfəs yolları xərçəngidir. Bunlara da ən çox kişilərdə rast gəlinir.

 
Qeyd edək ki, bu xəstəliyin artma prosesi yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir. Bu hal isə artıq Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etməyə başlayıb. Bəs xəstəliyi yaradan səbəblər nə dərəcədə müasir təbabət tərəfindən öyrənilib?
Söz yox ki, indiyədək bu kimi xəstəliklərin yaranma səbəbləri ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Məsələn, son olaraq İsrail alimlərinin 45 yaşadək olan 367 qadın arasında süd vəzi xərçəngi ilə bağlı apardıqları araşdırma göstərib ki, bu xəstəlikdən əziyyət çəkən qadınların əksəriyyəti vaxtilə stress keçirənlərdir. Stress süd vəzinin xərçəngi xəstəliyinə tutulma riskini 62 faiz artırır. Alimlərin fikrincə, televizora baxılan hər bir saat xərçəng xəstəliyi riskini 9 faiz çoxaldır.
Bədxassəli şişlərin insanın qidası ilə də sıx əlaqəli olduğu bildirilir. Mütəxəssislər mütəmadi olaraq balıq və tərəvəzlə qidalanmanın onkoloji xəstəliklərin yaranma ehtimalını xeyli azaltdığını təsdiqləyir. Ət isə əksinə, bu riski artırır. Araşdırma göstərib ki, gündə 160 qramdan artıq ət yeyən insanların bağırsaqlarında xərçəng xəstəliyinin yaranması riski 35 faiz çoxdur. Mütəmadi balıq yemək isə bu riski 31 faiz azaldır. Quş əti bu baxımdan neytral effektə malikdir. O, bağırsaqlarda xərçəng xəstəliyinin yaranma riskini nə artırır, nə də azaldır.
Xərçəng hallarının üçdə biri isə siqaretlə bağlıdır. Elə bu səbəbdən də kişilər arasında ağciyər, qırtlaq xərçəngi çoxluq təşkil edir. Dünya Xərçəng Araşdırma Fondu ehtimal edir ki, 2050-ci ildə dünyanın 24 milyon insanında xərçəng xəstəliyi meydana gələcək, nəticədə 16 milyon insan dünyasını dəyişəcək. Pəhrizə diqqət verilməsi, idmanla məşğul olmaq bu halların sayını dörddə bir dəfə azalda bilər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə xəstəliyin baş vermə səbəbləri, yəni ekoloji faktorların tam məlum olmadığını bildirir: “Səbəbi tam aydınlaşdırıla bilinməyən situasiyanın müalicəsindən söhbət gedə bilməz. Xərçəng xəstəliyinin artmasının səbəbi çox faktorlarla bağlıdır. Əvvəla, get-gedə pisləşən ekologiya, qidalanma, insanların həddən artıq konsoragen və konservativ qidalara meyl etməsi, modifikasiya olunmuş qidaların xüsusi çəkisinin artması, az hərəkətlilik, piylənmə, siqaret çəkmək, alkoqol qəbulu və sairə xərçəng xəstəliyini artıran səbəblər sırasında əsas rol oynayır. Məsələn, sübut olunub ki, siqaret çəkən adamlarda ağ ciyər xərçəngi siqaret çəkməyənlərdən 20 dəfə çox müşahidə olunur. Havası həddən artıq çirklənmiş şəhərlərdə kanserogen maddələrin artması, yəni polisiklik aromatik karbohidratların artması kanserogen və xərçəng xəstəliyinin artmasına gətirib çıxarır. Bütün bunlar artıq sübuta yetirilmiş statistikadır. Sadaladığım faktorlar xərçəng xəstəliyinin başında dayanır”.
Professor xərçəng xəstəliyini əvvəlcədən bilmək üçün insanların müəyyən müayinələrdən keçməsinin vacib olduğunu dedi. Onun sözlərinə görə, xüsusən də xroniki xəstəlikləri olan insanlar müayinədən keçməlidir: “Elə xroniki xəstəliklər var ki, o xəstələrdə xərçəng riski çox olur. Bu cür xəstələr müayinədən keçməlidirlər. Ümumiyyətlə, hər bir şəxsin mütəmadi olaraq müayinələrdən keçməsi şərtdir. Ancaq təəssüflər olsun ki, insanlar buna riayət etmirlər. Xərçəng xəstəliyi insanın orqanizmindəki normal hüceyrələrin bölünməsinə nəzarətin itməsidir. Bu zaman hüceyrələr öz morfoloji strukturunu itirir. Orqanizmin xərçəng əleyhinə müdafiə sistemi var. Bu sistem pozulduqda artıq xərçəng xəstəliyi sağalmaz bir formaya çatır”. (musavat.com)



1 şərh “Xərçəng xəstəliklərinin çoxalmasının səbəbləri

  1. esmira

    Allah uzaq elesin.Atam bu xestelikden vefat etdi.Evveller bu xesteliyin onda oldugunu hiss etmemisdik.Alti ay erzinde belli oldu her sey. onda artiq gec idi.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir