Gulay Huseynova

“Çarli Çaplin, Barış Manço, Koko Şanel olmaq istəyirəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 656
Türkiyədən Özcan Denizin yeni “İkinci şans” filmindən başlayaraq, “Muhteşem Yüzyıl Kösem”, “O hayat benim” kimi reytinqli seriallara, bir çox tanınan qida məhsullarının və içkilərin reklamlarına, hətta aparıcı olaraq 2 TV kanalından təklif alsa da, heç birini qəbul etməyib. Reytinq yox, sənət dərdində olduğunu deyir. “15 dəqiqəlik məşhurlar”dan olmaq istəmir. Çarli Çaplin, Barış Manço, Koko Şanel olmaq, onlar kimi tarixdə silinməyən izlər qoymaqdır hədəfi. Müsahibimiz aktrisa, radio aparıcısı, yazar, ssenarist Gülay Hüseynovadır. Qeyd edək ki, Gülay hazırda Türkiyədə yaşayır və orada film analizi dərsləri alır. Eyni zamanda “Xəzər TV”də yayımlanan “28 iyun” serialının ssenarisini yazır.
– Gülay xanım, necə oldu, serial üçün ssenari yazmaq qərarına gəldiniz? Təklifmi gəldi?
– Sözün düzü, bu təklif mənə “P.S. Zaten boyun da küçüktü…”dən sonra gəlmişdi. Hansı ki, həmin vaxtlar mən, ümumiyyətlə, ssenari yazmaq haqqında düşünmürdüm. Daha sonra İstanbula köçməyim, kitabın Türkiyədə də çap olunması ilə başlayan imza günlərim səbəbi ilə bu təklif bir müddət mənim tərəfimdən təxirə salındı. Çünki eyni zamanda, həm bir reklam şirkətində media direktoru vəzifəsində çalışıb reklam mətnləri yazdığıma, həm də həftənin 3 günü Akademik Sinema təhsili aldığıma görə ssenari üçün vaxtım yox idi. Türkiyədə aldığım “Ssenari”, “Yaradıcı drama və yazarlıq” dərs proqramlarım tam bitdikdən sonra, nəhayət ki, həm zehni, həm də fiziki olaraq, özümü ssenari yazmağa hazır hiss etdim və Xəzər TV-nin təklifini dəyərləndirdim. Və təsadüfdən, elə iyun ayında “28 İyun” serialı üçün müqaviləmizi imzaladıq.
– Roman müəllifisiniz. Romanmı yazmaq daha çətindir, yoxsa serial üçün ssenari? Fərq nədədir?
– Ssenari! Hətta müqayisə edilməyəcək dərəcədə bu iki iş bir-birindən fərqlənir. Çünki mənim 2 aya yazdığım ilk kitabım “P.S. Zaten boyun da küçüktü…” word (vörd) proqram formatı ilə, hardasa, 120 səhifə idi ki, bu da kitab ölçüsündə 256 səhifə edirdi. Amma həftəlik 80 dəqiqəlik serial isə, təsdiqlənən beynəlxalq ssenari formatını örnək götürərək desək, həftəyə ən az 80 səhifəlik bölüm yazmaq deməkdir. Qısacası, hazırda özümü həftəyə bir kitab yazıram kimi hiss edirəm. Həftələrlə evdən çıxmayıb, gündə 20-21 saat yazdığım olur bəzən… İş kimi yanaşıb ciddi displinlə çalışıram. Xəstələnməmək üçün özümü qoruyuram, yeməyimə diqqət edirəm. Çünki serial komanda işidir; heç kim mənim sağalmağımı gözləyə bilməz, gözləməməlidirlər də. Hər həftənin çərşənbə axşamı saat 22:00-da yeni bölüm efirə getməlidir, vəssalam. Kitab yazanda isə belə olmuram. Ruhumu, beynimi və zamanımı bütünlüklə azad edirəm. Fərdi məhsul olduğu üçün idarəetmə tamamən məndə olur. Bariz nümunə olaraq da, ikinci kitabımın üzərində 2 ildən çox çalışdığımı deyə bilərəm. Çünki hələ də mətbəəyə təhvil verməmişəm. Komanda işinin bir başqa tərəfi də budur ki, serial ssenarisi, kitab kimi yazarın öncədən düşünüb planlaşdırdığı kimi olmur, adətən. Aktyorlar canlandırdıqları obraza, obrazlar isə ssenariyə istiqamət verir. Bəzən kiçik hesab etdiyim rolu canlandıran aktyorda elə gözəl performans görürəm ki, böyük məmnuniyyətlə, obrazın səhnələrini çoxaldaraq, ön plana çəkirəm. Bəzən də önəmli hesab etdiyim obrazdan da zəif aktyor oyunu görüncə, o məşhur şeirdə deyildiyi kimi, “sınıb qol-qanadım yanıma düşür”. Və məcbur həmin obraz üçün yeni bir həyat yolu düşünməyə başlayıram. Qısacası, hamıya daşıya biləcəyi qədər yük verməyə çalışıram ki, hər kəs məmnun qalsın. Əlbəttə ki, bu fikir “28 İyun” kimi sıfırdan yazılan orijinal ssenarilərə şamil edilir. Hər hansı bir əsəri ekranlaşdıranda və ya artıq ekranlaşdırılmış bir işi kopyalayanda bu incəliklər nəzərə alınmır.
– Həftələrlə evdən çıxmayıb, gündə 20-21 saat yazdığınızı deyirsiniz. Azadlığa meylli birisi kimi bu cür həyat sizin üçün çətin deyil ki? 
– Hətta ifadə etməyəcəyim qədər çətindir, həftələrlə bir yerdə əyləşib notbuk qucağımda fasiləsiz yazmaq. Peşmançılıq keçirməmək üçün də özümü mükafatlandırıram. Hər bölüm sonu ya kinoya, ya teatra, ya da gəzməyə gedirəm. Belə motivasiyalarım olmasa, dözülməz olar çünki… (gülür – red).
– Azərbaycanda dram janrındakı seriallar o qədər də reytinqli olmur. Azərbaycan tamaşaçıları daha çox komediya janrındakı filmi sevirlər. Sizcə, sizin ssenaristi olduğunuz “28 iyun” serialı nə dərəcədə reytinq qazanacaq?
– Serialın sifarişçisi olan Xəzər TV məndən dram janrı istəyəndə, sözün düzü, bir az tərəddüd etmişdim. Çünki mənim xarakterim də, qələmim də tamamilə romantik komediya tərzindədir. Amma “Qızıl qələm” mükafatlı bir yazarın janrdan qorxub geri çəkilmək kimi bir lüksü, əlbəttə, olmadığına görə, özümü bir də dram janrında sınamaq istədim. Çünki bu, hər şeydən əvvəl mənim özümə maraqlı və həyəcanlı gəlirdi. İki şeyə inanaraq da yola çıxdım. Birincisi, təhsilini aldığım akademik ssenari texnikası, ikincisi, xərçəng bürcünün xarakterimdə daşıdığım duyğusal özəllikləri. Reytinqə gəlincə, mən bu serialı, 2016 ssenari texnikası ilə yazdığım üçün “Türkiyədə çəkilsə, 100 faiz reytinq qazanar!” dediyim halda, Azərbaycan üçün bu sözləri deyə bilmirəm. Çünki təəssüf ki, Azərbaycan tamaşaçısı düşünmək istəmir. Əksəriyyət insanın “komediya” anlayışı qadın paltarı geyinən kişidən, “dram” anlayışı isə kəndirdən ibarətdir. Azərbaycanda öz rol aldığım seriallar da daxil olmaqla, bir çoxu kəndirlə başlayır. Sanki mütləq kimsə özünü asmalıdır ki, tamaşaçılar bu insanın dərdli olduğuna inansınlar. Mənim imzam olan işlərdə isə nə belə “komediya”, nə də belə “dram” yoxdur, olmayacaq da! Çünki düşüncələrimi dəyişə bilmərəm və yanlış hesab etdiyim şeyləri də insanlara təbliğ etmərəm. Anormal şeylər gündəmə gəldikcə normallaşır. Televiziya, cəmiyyətin düşüncələrini istiqamətləndirən, hətta bir çox halda insanların həyatını idarə edən güclü vasitədir. 27 yaşımda əlimdə belə böyük bir imkan varsa, niyə də dəyərləndirməyim? Sona qədər doğrularıma inanıram və inandırmağa da çalışacağam. Çünki reytinq dərdində deyiləm; sənət və sağlam şüurlu cəmiyyət dərdindəyəm. Tərcümeyi-halımda adı keçəcək işlərə olduqca diqqət edirəm. Nə vaxtsa adıma heykəl ucaldılacağına əmin olduğum üçün indidən o heykələ layiq olmağa çalışıram (gülür – red).
– Türkiyədə yaşadığınızdan serialın çəkilişlərinə qatıla bilmirsiniz. Yaradıcı heyət sizin əziyyət çəkərək yazdığınız ssenarinin “əvəzini” verə bilir?
– Bəli, məcburən, müasir texnologiyanın yeniliklərindən faydalanırıq. Yazıram və İnternetlə göndərirəm; sonra yazdığıma televizorda baxıram. Az əvvəl də qeyd etdiyim kimi, serial komanda işi olduğuna görə, hər cür sürprizlərlə qarşılaşmaq mümkündür. Və əlbəttə ki, bu sürprizlər arasında xoşa gələnlər varsa, xoşa gəlməyənlər də olur mütləq. Bölümdən razı qalanda daha da həvəslə yazıram. Razı qalmayanda da hirsimin soyumağını gözləyirəm ki, neqativ enerjim yazımın keyfiyyətinə təsir göstərməsin.
– Serialın “28 İyun” adlanması sizin ideyanızdır yəqin. Maraqlıdır, 28 iyun həm də sizin doğum gününüzdür…  
– Mənim üçün layihə adı, ən az layihənin özü qədər önəm daşıyır hər zaman. Düşünürəm ki, adı elə seçmək lazımdır ki, 10 il keçsə də, həmin ad deyiləndə insanlar heç nə ilə səhv salmasınlar. “P.S. Zaten boyun da küçüktü…” adına həftələrlə düşünərək qərar versəm də, “28 İyun”u bir neçə saniyədə beynimdə təsdiqlədim. Sırf doğum günüm olduğuna görə, yaradıcılığımda da bu tarixin iz qoymağını istədim. Serialın mənə aid hissəsi hələ ki, sadəcə adıdır. Ssenariyə gəlincə isə serial, 28 iyun 2006-cı il tarixində üç insanın həyatının tamamilə dəyişməsi ilə başlayır. Biri doğum gününü qeyd edən balaca Kamran, digəri sui-qəsd nəticəsində ovda vurulan Azər, üçüncüsü isə Azərin ölümündə günahlandırılaraq həbs edilən gənc həkim Aysel. Hekayə eyni tarixdə həyat yolları dəyişən 3 insandan yola çıxaraq irəliləyir.
– Bir az da romanınızdan danışaq. “P.S.Zaten boyun da küçüktü…”  Azərbaycanda da, Türkiyədə də uğur qazandı. İkinci romanınıza başlamamısınız? 
– İnanın hətta “28 İyun”dan əvvəl üçüncü romanıma başlamışdım. Və 2016-cı ilin payızına ikinci kitabımı nəşr etdirməyi qətiyyətlə düşünürdüm. Kitab hazırdır, amma mən son qeydlərimi etmək üçün vaxt ayıra bilmirəm ki, sakit beyinlə əvvəldən oxuyum, düzəlişlərimi edib bitirim və nəşriyyata təhvil verim. Həftəlik 80 dəqiqəlik serial ssenarisi yazmaq insanın bütün şəxsi və sosial həyatını dondururmuş. Çünki bir ürəyim və bir beynim var, onları da hələ ki, “28 İyun”a qoymuşam.
– “P.S.Zaten boyun da küçüktü…”nü  filmə çevirmək təklifi almamısınız?
– Film təkliflərini elə kitab çıxan vaxtlardan alırdım və görüşmələr hələ də davam etməkdədir. Amma yəqin ki, “28 İyun” serialının finalını etdikdən sonra “P.S. Zaten boyun da küçüktü…” filmi ilə ciddi məşğul ola bilərəm. Digər tərəfdən, məsələ belədir ki, ikinci kitabım birincinin davamıdır. Yəni bir ehtimalıma görə də, 2 kitab = 1 film ola bilər. İstənilən halda, ikinci kitabın nəşrindən sonra qəti qərara gələcəyəm.
 
– Artıq bir ilə yaxındır Türkiyədəsiniz. Filmə çəkilmək kimi təklif almamısınız?
– İnandırım sizi ki, Türkiyədən bu qədər təklif aldığı halda, sırf ssenarini bəyənmədiyi üçün “yox” deyən tək azərbaycanlı aktrisa, yəqin ki, özüməm. Bu bir il ərzində Özcan Denizin yeni “İkinci şans” filmindən başlayaraq, “Muhteşem Yüzyıl Kösem”, “O hayat benim” kimi kifayət qədər reytinqli seriallara, eləcə də bir çox tanınan qida məhsullarının və içkilərin reklamlarına, hətta aparıcı olaraq 2 TV kanalına təklif almışam. Amma dediyim kimi, həqiqətən, reytinq dərdində yox, sənət dərdindəyəm. Populyar olmaq hədsiz asandır çünki. Necə ki, hazırda gənclər endirimdə 2-3 şalvar-köynək alıb fashion blogger, 3-5 yüngül video çəkərək də sosial media fenomeni olurlar. “Enter” düyməsi çıxandan heç kim özünə əziyyət vermək istəmir. Hamı istəyir tez bir zamanda “ulduz” olsun və olurlar da. Çox sevdiyim Barış Mançonun gözəl bir sözü var idi: “2000-ci illərdə hər kəs çok ünlü olacaq, amma sadəcə 15 dəqiqəlik”. Doğrudan da, indi belədir vəziyyət. Mən isə şəraitin yaratdığı “15 dəqiqəlik məşhurlar”dan olmaq istəmirəm. Mən Çarli Çaplin, Barış Manço, Koko Şanel olmaq istəyirəm. Tarixdə silinməyən izlər qoymaqdır hədəfim.
– Bizə bir neçə ay əvvəl verdiyiniz müsahibədə demişdiniz ki, “aktrisa kimi oynamasam, həyat enerjim sönər, əsəblərim pozular, mən ola bilmərəm”. Hazırda aktrisa kimi hansısa səhnədə özünüzü ifadə edə bilirsiniz, yoxsa, enerjinizi “28 İyun” serialı ilə çıxarırsınız?
– Hələ də elə düşünürəm. Çünki yaradıcılığımda qazandığım bütün uğurlarımı sırf yaxşı aktrisa olmaq üçün etmişəm. Necə ki, səsimi düzgün idarə edə bilmək üçün radio aparıcısı oldum, arzuladığım rolu oynaya bilmək üçün yazar oldum, kameranın bir də arxasını öyrənmək üçün ssenarist oldum, rejissorluq təhsili aldım. Hamısı zəncirvari şəkildə bir-biri ilə bağlıdır. İşin kökündə isə aktrisalıq dayanır, təbii ki… Yaxın zamanda “28 İyun” serialında kiçik sürprizlər də gözlənilir, yeri gəlmişkən.
– Facebook paylaşımınızdan başa düşdük ki, “Acun Medya”ya getmisiniz. Maraqlı təklif var?
– “Acun Medya” ilə danışıqlarımız davam etməkdədir. Şərtlərdə razılaşa bilsək, maraqlı olacaq.
– Hazırda Sinematekdə film analizi dərsləri alırsınız. Təhsilinizi başa vurduqdan sonra vətənə dönmək fikriniz var?
– Məsələ burasındadır ki, mən Azərbaycana yerləşmədiyim üçün Türkiyəyə köçdüm. Aktrisa olaraq, 4 serial, 5 film, bir o qədər də reklamların əsas rollarını canlandırdım. DJ olaraq, aparıcısı olduğum radio proqram ölkənin ən reytinqli səhər şousu idi. Yazdığım kitab 2015 bestselleri olub “Qızıl qələm” mükafatına layiq görüldü. Mən Azərbaycanda edə biləcəyim hər şeyin ən yaxşısını etdim və yaradıcılığımı zirvədə stoplayaraq İstanbula köçdüm. Kiçik dənizin böyük balığı olmaqdansa, böyük dənizin böyük balığı olmağı seçdim. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir