nene-baba

Nənəsinin balası: “krallıq” itəndə övlad nəyə çevrilir? – ARAŞDIRMA

Baxış sayı: 1. 794

“Biz də uşaq böyütmüşük, amma belə şey görməmişik”. Yəqin ki, bir çox evlərdə nənələrin gənc analara olan bu iradını eşitmisiniz. İki nəslin nümayəndələri – yaşlılar və gənclərin fikir ayrılığı uşaq tərbiyəsi mövzusunda da özünü göstərir. Nənələr heç bir halda qulluq, qidalanma, geyim, bir sözlə, uşağa baxmaq məsələsində analarla razılaşmır, onlara müdaxilə edir. Analar isə nənələrin uşağı düzgün tərbiyə etməməsindən, ərköyün böyütməsindən, köhnə fikirli olmasından şikayətlənir. Bəs haqlı tərəf kimdir? Uşağı nənə himayəsində böyütməyin nə kimi mənfi tərəfləri var? “Gencaile.az” Aile.lent.az-a istinadən mövzu ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

Pediatr Vaqif Qarayev bildirir ki, nənələr və babalar vaxtilə özlərinin böyütdükləri uşaqların müasir uşaqlarla bütün aspektlərdə fərqli olduğunu nəzərə almalıdırlar. Mütəxəssis əvvəlki dövrün uşaqlarının müasir uşaqlara nisbətən daha sağlam olduqlarını da əlavə edir: “Bizim nənələr, təəssüf ki, o vaxtkı stereotiplərlə yaşayırlar. “Uşağa bu qədər dava-dərman vermək, analizə aparmaq olmaz. Uşağı ayda bir dəfə həkimə niyə aparırsan?”, – deyə etiraz edirlər. Əslində bu, həkim-nənə münasibətləri deyil, həm də ailədaxili konfliktdir. Mən cavan anaların uşaqlarını qorxa-qorxa həkimə gətirdiklərinin şahidi oluram. Müalicə yazırıq, gedir, 2-3 gündən sonra gəlib deyir ki, sağalmadı. Soruşuram ki, qızım, yazdığımız dərmanları verdin? Deyir, yox, evdə qoymadılar”.

Həkim bu kimi kiçik psixoloji məqamların çox ciddi nəticələr verdiyini deyir. Bir çox ailələrdə olan qayınana hökmranlığı dolayısı ilə uşağın sağlamlığını təhlükəyə atır: “Elə qayınanalar var ki, hətta gəlinin nə vaxt hamilə qalmasına da müdaxilə edir. Yağışlı havada ananın uşağı küçəyə çıxarmasına icazə vermir ki, soyuq dəyər. Yaşlılar unudurlar ki, hava durumundan asılı olmayaraq, uşaqlar hər gün 2-3 saat havada olmalıdırlar. Mühüm tibbi, fizioloji, psixoloji məqamı yada salmaq istəyirəm: ana qədər uşağa yaxın heç kəs ola bilməz. Uşaq kimin bətnindən çıxıbsa, ona daha yaxın olacaq”.

Həkim valideynlərə məsləhət görür ki, otağı sabit temperaturda saxlayın, uşağa çox paltar geyindirməyin. Küçəyə çıxanda havaya uyğun geyindirin, artıq yox. Çünki uşaqlar oynayırlar, ora-bura qaçırlar və tərləyirlər, nəticədə isə soyuqlayırlar. Üstü-üstə geyinəndə uşağı daha tez soyuq tutur, nəinki normal geyindirəndə.

Müasir dövrün uşaqlarının hiperaktiv olması sirr deyil. Bu baxımdan onların tərbiyəsi də mühüm əhəmiyyət kəsb edən məqamdır. Bu prosesə də nənə-babalar müdaxiləsiz ötüşmürlər. Yaşlılar bəzi tərbiyə üsullarının sərt olduqlarını düşünürlər. Ona görə də uşağı incitməmək üçün onların bütün nadincliklərinə göz yumurlar. Həkim deyir ki, bunun səbəbi nənə-babanın uşaq üçün bir növ övlad kimi məsuliyyət daşımamaları, sadəcə nəvə kimi sevmələridir: “Mənə qürur verir ki, gözüaçıq analarımız var, uşağın tərbiyəsi, necə böyüdülməsi ilə bağlı oxuyurlar, öyrənirlər, internetdə araşdırırlar. Amma bir də görürsən nənə ananının hazırladığı yarmanı qoyur kənara, özünün düzəltdiyi alma püresini verir. Bu, düzgün deyil”.

V. Qarayev daha bir psixoloji məqama toxundu. Həkim 2,5-3 yaşına çatan uşaqların mütləq bağçaya getməli olduğunu vurğulayır. Onların kollektivdə olması zehni və fiziki inkişafları üçün mühümdür: “Uşaq hər gün evin divarları, əşyaları, nənəsini və anasını görərək monoton həyat tərzi yaşayır. Lakin bağçada rejimli gün keçirir, konkret yemək, yatmaq, oynamaq vaxtı olur. Bəzən analar deyir ki, uşaq evdə qalanda gec saatlarda yatır, günorta yatmır, bağçaya gedəndə isə belə olmur. Çox zamansa nənə uşağı bağçaya qoymur, deyir özüm saxlayacam. Bəhanələri də bu olur ki, biz uşaqları bağçada böyütməmişik”.

Mütəxəssis hətta ən yaxşı baxıcısı olan uşağın belə, bağçaya gedən uşaqdan fərqləndiyini əlavə edir. Kiçik yaşlarından bağça mühitində böyüyən uşaq cəmiyyətə daha tez adaptasiya olur, şəxsiyyət kimi formalaşır: “Bağça həm də məktəbəqədər hazırlıqdır. Nənələr bəzən bu hazırlığı da özləri keçmək istəyirlər, lakin təbii ki, alınmır. Universitetə yüksək balla daxil olan iki uşağı müqayisə edək. Uşaqlığını evdə keçirənin eqoist, özündən başqa heç kimi düşünməyən, həmyaşıdları ilə ünsiyyət qura bilməyən, bağçaya gedəninsə asanlıqla auditoriyaya uyğunlaşan, tez zamanda özünə dost tapan, əliaçıq, səmimi olduğunun şahidi olacağıq”.

Psixoloq Narınc Rüstəmova da nənə-baba yanında böyüyən uşaqlarda müəyyən çətinliklərin, psixoloji vəziyyətlərin ortaya çıxdığını, irəli yaşlarda mənin formalaşmasında problem yarandığını vurğulayır. Psixoloq evdə nənə-baba müdaxiləsinin uşağın tərbiyəsindən tutmuş təhsilinə qədər bir çox mənfi nəticələr verdiyini deyir: “Ana uşaqdan nəsə tələb edəndə nənə qarşısını alır, “uşağı incitmə, sonra oxuyar, sonra yeyər, sonra yatar”, – deyərək uşağın istəklərinin önə çıxmasına şərait yaradır. Nənə ilə ana ortaq məxrəcə gəlmədiyi üçün uşaqda davranış pozuntuları ortaya çıxır. Bu, özünü nənə-baba yanında böyüyən uşaqlarda daha çox özünü göstərir. Təbii ki, bunu bütün nənə-babalara şamil etmirik. Uşağa valideyndən də çox yaxşı baxanlar az deyil. Amma əksərən yaşlılar uşaq tərbiyəsində problemlər yaradır”.

Məlumdur ki, Azərbaycan ailələrinin əksəriyyəti atanın ailəsi ilə birlikdə yaşayır. Psixoloq bu cür ailələrdə qayınana təzyiqinin daha çox olduğunu bildirir: “Belə ailələrdə ata öz mövqeyini ortaya qoymalıdır. Təbii ki, gəlin qayınana-qayınata ilə mübarizə apara bilməyəcək. Amma kişi öz ana-atasına sözünü deyə bilir. İşləyən anların çoxu uşaqlarını nənə-baba ilə şərikli böyüdür. Maddi sıxıntı dayə tutmağa imkan vermir. Dayədən nəsə tələb etmək olar, amma qayınanadan yox. Uşaq da nənə-baba yanında istədiyi kimi yatır, durur, yeyir, planşetlə oynayır”.

Nənə-babanın yanında sərbəst olan uşaq onların yanında həyatın daha gözəl olduğunu düşünür. Bu zaman isə anaya qarşı aqressiya yaranır. Uşaq ananın dediklərini qəbul etmək istəmir, üsyan edir. Uşaqlarda bununla bərabər davranış pozuntuları, geyimdə, yeməkdə kaprizlər özünü göstərir: “Ana əlində boşqab-qaşıq uşağın arxasınca qaçır. Ana ilə uşaq ünsiyyət yarada bilmir. Çünki uşaq nənə-babasının yanında gördüyü krallığı evdə də axtarmağa başlayır. Bu da uşaqların sosial münasibətində, yəni bağça, məktəb həyatında çox ciddi problemlər yaradır. Nənənin göstərdiyi qayğını müəllim göstərə bilmir. Bu isə uşaqda problemlər, əsasən də məktəb, bağça fobiyası yaradır”.

N. Rüstəmova bu cür situasiyalarda ortaq məxrəcə gəlməyi məsləhət görür. Nənənin də, ananın da hər hansı məqamda doğru olduğunu deyən psixoloqun sözlərinə görə, onlar uşaq doğulmamış razılığa gəlməlidirlər. Ana-atanın yanında nənə-babalar uşağı müdafiə etməməli, qucaqlamamalı, haqq qazandırmamalıdırlar: “Anaya “dilin qurusun, ağzın yansın, niyə onu küncdə saxladın?”, – demək olmaz. Ata-ana yanlış davransa belə, yaşlılar buna müdaxilə etməməlidir. Bu gün evdə küftə bişib, uşaq yemək istəmir, nənə ona kartof qızardır. Uşaq başlayır zamanla öz sözünü keçirtməyə. İstəyir ki, həmişə onun dediyi, istədiyi olsun. Nəticədə istəklərini sıralaya bilmir. Doyumsuz bir şəxsiyyət kimi formalaşır. Baba ilə marketə gedir, baba ona hər şey alır. Uşağa öyrədilməlidir ki, bir dəfə və bir dənə alınmalıdır. Əks halda irəli yaşlarda uşaq istəklərini sıralaya bilməyəcək, öz əşyalarına qarşı səliqəsiz, iş həyatına məsuliyyətsiz yanaşacaq, heç nədən zövq almayacaq, deyingən, hər şeydən narazı olacaq, həyat yoldaşına qarşı biganə davranacaq. Onun bütün həyatı xaos olacaq”.

Psixoloq nənə-babaya öyrəşən uşaqların onları itirən zaman böyük stress yaşadıqlarını da əlavə etdi. Bütün bu problemlərin qarşısını almağın yolu nənə-baba ilə uşağın həftəsonu görüşməsidir: “Nənə-babanın da nəvəsi ilə vaxt keçirmək haqqı var. Bir evdə yaşayanlar isə davamlı olaraq uşağın tərbiyəsi ilə məşğul olmamalıdır. Bəzən analar tənbəllik edib bunu nənənin öhdəsinə buraxır. Lakin bundansa uşağı bağçaya yönləndirmək yaxşıdır. Valideynlər uşağın öhdəliyini nənə-babaya verməməlidirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir