suni qidalar

Süni qidaların reklamına qadağa qoyulur

Baxış sayı: 1. 262
Azərbaycanda süni qida məhsullarının reklamı məhdudlaşdırılır. “Report”un xəbərinə görə, bununla bağlı “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilir. Dəyişiklik layihəsinə əsasən, süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağan olunacaq.
Yalnız sertifikatlaşdırılma barədə sənədləri olduqda, süni qida məhsulları reklam edilə bilər. Bu halda, reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Məhsulların reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır. Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Reklamın sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların uyğunluq, gigiyenik və mənşə sertifikatının, istifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olduqda, tədqiqatların nəticəsini təsdiq edən sənədin surətini təqdim edir.
Layihə Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bəs görəsən bu dəyişikliyin hansı müsbət tərəfləri var? Layihə reallaşdıqda, hansı irəliləyişlər əldə olunacaq? Hazırda bu sahədə hansı boşluqlar var? Ümumiyyətlə belə bir dəyişikliyə ehtiyac duyulurmu?
Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirdi ki, süni qidaların satışı,  istifadəsi və yayılması ilə bağlı Azərbaycanda 2003-cü ildən qanun qəbul olunub: “Qanunda bu məsələlər öz əksini tapıb. Süni qidaların reklam olunmasının qarşısı  bu qanunla müəyyən qədər alınıb. Görünür, yeni dəyişikliklə bu tələblər daha da ciddiləşdiriləcək. Qanuna edilən bu dəyişikliyin böyük faydasının olacağını düşünürəm. Çünki bu gün Azərbaycanda dünyaya gələn uşaqların heç də hamısı ana südü ilə qidalandırılmır. Bu, həm uşaqlara, həm də ailənin büdcəsinə ziyan vurur”.
Baş pedaitr qanunun sərtləşdirilməsinin lehinə olduğunu bildirdi: “Dünyada insandan başqa elə bir canlı yoxdur ki, öz balasını başqasının qidası ilə qidalandırsın. Buna biologiyada bioloji fəlakət deyilir. Əfsuslar olsun ki, insan şüurlu olsa da, təbiətin qanunundan uzaqlaşır. Süni qidalar uşaqların böyüməsinə və inkişafına əngəl olur. Bu gün uşaqlar arasında xəstəliklərin artmasının əsas səbəbi onların ana südü ilə qidalanmamalarıdır. Əgər qanun sərtləşdirilirsə, bu, yalnız alqışlana bilər. Ümumiyyətlə, tibb müəssisələrində süni qida məhsullarının reklamı bütövlükdə qadağandır. Belə məhsullar tibb müəssisələrində reklam edilə bilməz”.
Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti Şəhla Balayeva isə bildirdi ki, qanuna edilən  yeni dəyişiklik vaxtında və düzgün atılmış bir addımdır: “Çünki bir çox süni qidaların reklamlarında onlar ana südünün əvəzləyicisi kimi təqdim olunur. Ancaq heç bir süni qida ana südünü əvəz edə bilməz. Qanuna edilən bu dəyişiklik insanların maariflənməsinə səbəb olacaq. Analar və ana olmağa hazırlaşanlar bilməlidirlər ki, uşaqlar ilk altı ayına kimi birmənalı şəkildə ana südü ilə qidalanmalıdır. Xüsusilə də körpənin ilk 6 ayına qədər ona süni qida verilməsi qətiyyən düzgün deyil. Əgər süni qidaların reklamı məhdudlaşdırılarsa, belə məhsullardan istifadə nisbətən azalacaq. Bu isə gələcəkdə sağlam körpələrin sayını artıracaq. Süni qidalar uşaqların fiziki inkişafına mane olur”.
Şəhla Balayeva bəzi məqamlara da diqqət çəkdi: “Qanunda bir məqam qeyd olunub ki, yalnız sertifikatlaşdırılma barədə sənədləri olan süni qida məhsulları reklam edilə bilər. Bu, onunla bağlıdır ki, vacib hallarda əgər ana öz övladını qidalandıra bilmirsə, məcburən süni qida verirsə, bu, keyfiyyət göstəriciləri nisbətən yüksək olan məhsulların istifadəsi üçündür. Hesab edirəm ki, bu, həm də aşağı keyfiyyətli məhsulların ölkəyə gətirilməsinin və istifadəsinin qarşısını alacaq”.
Pediatr Vaqif Qarayev isə deyir ki, dəyişiklik  heç nəyi dəyişməyəcək: “O zaman belə çıxır ki, indiyə qədər həmin süni qida məhsulları qanunsuz-sertifikatsız satılırmış. Fikrimcə, süni qidaların özünü yox, əsassız təyinatını qadağan eləmək lazımdır. Amma necə? Bu dəyişikliyə görə, əgər məhsulun sertifikatı varsa, onu reklam eləmək olar. Məncə, bu məhsulların reklamını doğum evlərində qadağan eləmək lazimdır. Uşaq dünyaya gələr-gəlməz, niyə süni qidaya oturmalıdır? Həkimlər gözəl bilir ki, ilk günlər ana südünün az və ya heç olmamasi hələ süni qidaya keçməyə əsas vermir. Yəni səbəblər öyrənilməli, aradan qaldırılmalıdır. Əgər ana südü bundan sonra da olmayacaqsa, onda uşağı ac saxlamaq olmaz, mütləq nəsə vermək lazımdır. Burada əsas məqsəd həkimlərlə qida firmalarının  işbirliyinə mane olmaqdır”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir