Teacher helping boy (8-9) with work in classroom

Əla qiymətin əvəzi: atalar və analar, bu fəndləri bilirsiniz?

Baxış sayı: 1. 465

Qiymətlər uşaqların dərs həyatında önəmli yer tutur. Dərslərini yaxşı oxuyan şagirdlər əla qiymətlərlə dolu gündəliklərini valideynlərinə göstərməyi səbirsizliklə gözləyirlər. Əksər hallarda onlar valideynlərindən bunun qarşılığı olaraq hədiyyə də tələb edirlər. Zəif oxuyan, qiymətləri aşağı olan şagirdlər isə min bir bəhanə ilə gündəliyi valideyndən gizlətməyə çalışırlar. Axı o aldığı zəif qiymətin qarşılığında cəza, töhmət, danlaq eşidəcəyinə əmindir.

Psixoloqlar bildirirlər ki, daim bu hisslərlə yaşayan uşaqların dərs qavrama səviyyəsi kifayət qədər aşağı enir, nəticə isə çox vaxt cəza və tətil boyu uşağı kitablarla baş-başa qoymaq olur. Belə olan halda dərsin daha da yaxşı qavranılacağını düşünən valideynlər əslində səhv etmiş olurlar. Çünki dərs səviyyəsi aşağı olan şagirdlərin əksəriyyətinin zəifliyi oxumamağa görə deyil, düzgün qidalanmamaq, dincəlməmək, eləcə də ailədə olan anlaşılmazlıqlardan irəli gəlir. Psixoloqlar bu fikirdədirlər ki, danlaq insanın iş qabiliyyətini zəiflədir, onu daha da tənbəlləşdirir, işə yaramaz olduğu hissinə qapılmasına sürükləyir. Nəticədə oxusa da, bacara bilməyəcəyi hissinə qapılan şagird ipin ucunu buraxır.

Aşağı siniflərdən yaranan biganəliyin qarşısını isə yuxarı siniflərə qalxdıqca almaq olduqca çətin olur. Belə bir halın yaşanmaması üçün psixoloqlar valideynlərə daha diqqətli olmağı, uşaqla, eyni zamanda onun dərsləri ilə daha çox maraqlanmağı məsləhət görürlər. Zəiflik zamanı danlamaqla deyil, danışmaqla ünsiyyət qurmağın əhəmiyyətini vurğulayan psixoloqlar onu da əlavə edirlər ki, dərs performansının yüksəldilməsi naminə hansısa şagirdi tərifləmək uşağın daha da aqressivləşməsinə və heç vaxt mükəmməl ola bilməyəcəyi hissinə qapılmasına səbəb ola bilər. İstənilən halda uşaqlara qarşı mehriban olmaq və hər davranışına uyğun onu qiymətləndirmək onların düzgün istiqamətlənməsinə səbəb olacaq.

Məktəb müəllimi, eyni zamanda 2 uşaq atası olan Mehman Əliyevin sözlərinə görə, istər valideyn, istərsə də müəllim olaraq şagirdin zəifliyində onların da əli var. Dərs materiallarının ağırlaşdığını nəzərə alıb uşaqların təlimi ilə birbaş məşğul olmaq lazımdır:

“Bəzən valideynlərin səhvi onda olur ki, o, “hələ aşağı sinifdir” deyib uşağı diqqətsiz qoyur. Qiymət alma əsnasında valideyn uşağın ümumi nəticəsinə baxıb onu ya tərifdən göyün üzünə qaldırır, ya da tənqiddən ağlamağa qədər gətirib çıxarır. Dərs nəzarəti o demək deyil ki, uşağı otağa salıb kitabları qabağına tökməlisən. Dərsi soruşmaq var, zəif olduğu yerləri yenidən öyrənməsini tələb etmək var. Valideyn uşağının zəifliyindən müəllimi günahkar çıxarır, amma bilməlidir ki, müəllim 25 uşaqla, valideyn isə 1 uşaqla məşğul olur. Belə olan halda tamamilə müəllimi günahkar çıxarmaq nə qədər düzgündür? Müəllim o halda günahkardır ki, o, dərsi izah etmir, başa salmır, dərs keçmir. Yoxsa problem ailə və şagirddədirsə, müəllimin günahı yoxdur”.

Məktəb psixoloqu Cəmilə Dadaşovanın fikrincə, uşaqların dərsə həvəslənməsi üçün tədbir görmək lazımdır. Onun sözlərinə görə, valideyn yaxşı oxuyan şagirdinə “5 al, sənə oyuncaq alacağam” deyə şirnikləndirici vədlər verməməlidir. Belə vədlər uşaq üçün birmüddətlik həvəsləndirici rol oynayacaq:

“Çox tez-tez rastlaşdığımız bir haldır ki, valideyn övladını hansısa vəd verərək həvəsləndirir və daha yaxşı qiymət almasına çalışır. Səhv məhz buradadır. Önəmli olan dərsdən əla qiymət almaq deyil, həmin dərsi qavramaq, bir müddət sonra təkrarlamaq və yadda saxlamaqdır. Vəd qarşılığında oxunan dərs yadda əla qiyməti alıb vədə sahib olana kimi qalır. Beləliklə, valideyn yaxşılıq etdiyini zənn edərək yamanlıq edir. Valideyn həm özü başa düşməli, həm də uşağa başa salmalıdır ki, vacib olan qiymət deyil, dərsin qavranılmasıdır. Gündəlikdə olan qiymət hədiyyə üçün deyil, o dərsin bundan sonra da bu cür yadda qalması üçündür. Uşaq əla qiymətə tez öyrəşir, zəif qiyməti isə həzm edə bilmir. Əgər valideyn bir dəfə “eybi yox, zəif qiymət almısan, canın sağ olsun” deyərsə, o zəif qiymətlərin ardı da mütləq gələcək. Bu zaman danlamaq qətiyyən çıxış yolu olmamalıdır. Danışaraq zəif qiymətin pis olduğunu, istəsə yenidən qiymətini qaldıra biləcəyini izah etmək, bu istiqamətdə kömək etmək lazımdır. Heç bir halda uşaq hədiyyələrlə dəstəklənməməli, danlaq ilə cəzalandırılmamalıdır”.

Əksər valideynlər övladlarının qətiyyən dərsə yaxın gəlmək istəmədiyindən şikayətlənirlər. Onlar heç cür başa düşmürlər ki, bu nədən irəli gəlir. Dərs oxumaqdan başqa heç bir işi olmayan balacalar nə üçün kitabdan uzaqlaşır, uzunmüddətli dərs oxuya bilmirlər? Müsahibimizə görə, bu davranışın çox sadə səbəbi var. Belə ki, onun sözlərinə görə, uşaqlar sadəcə olaraq onlarda rahat alınan şeyləri xoşlayırlar və özlərini zəhmətə salmaq istəmirlər.

“Tez bir zamanda sürətli mütaliəyə alışmaq hər uşaqda alınmadığından, əziyyətlə hərfləri sözlərə bir-bir əlavə etməkdənsə, onlar rahatca televizor və kompüter qarşısında əyləşməyə üstünlük verirlər. Axı burada hər şey rahat anlaşılır və aydındır. Kitab isə televizor və kompüter qədər maraqlı deyil, üstəlik, yadda saxlamaq, əzbərləmək, unutmamaq lazımdır”.

Öz uşaqlarında dərs oxuma sevgisini yaradacaqlarına ümidlərini itirməmiş valideynlər mütəxəssislərin məsləhətlərinə qulaq asmalıdırlar. Mütəxəssislər isə bildirirlər ki, əsas olan kitabın oxunma müddətinin uzunluğu deyil, mütəmadiliyidir. Yəni dərsi oxumaq uzun müddətli yox, qısa fasilələrlə və tez-tez olmalıdır. Çünki insan yaddaşı uzun müddət gözün qarşısında duran məlumatı yox, gözün önündən çəkilən və yenidən görünən məlumatı daha yaxşı yadda saxlayır. “Övladınıza maraqla dərs oxumanı öyrətmək üçün onunla kiçik fasilələrlə, bir məşğələni 5 dəqiqəlik hissələrə bölərək, məşğul olun. Onu iki saat ardıcıl olaraq kitab arxasında oturmağa vadar etməyin, bu, uşaqda kitab oxumağa qarşı nifrət yaradacaq. Öyrəndiyi məlumatları müxtəlif vaxtlarda sanki siz unudubmuşsunuz kimi uşaqdan soruşmaq onu daha da öyrənməyə vadar edəcək. Hər dəfəsində sanki bir daha danışsa, daha əla olacaqmış kimi davranmaq uşaqda öyrəndiyini kiməsə danışmaq həvəsi də yaradacaq ki, bu da şagird üçün vacib bir vərdişdir”.

Psixoloq bildirir ki, dərslərin mütəmadi öyrənilməsi təqdirdə uşaqda geriləmə varsa, digər amillərə də diqqət yetirmək lazımdır. Ailədə diqqət zəifliyi, uşağın dostları ilə dil tapa bilməməsi, utanması, sinif qarşısında danışa bilməməsi, kompleksə girməsi də müvəffəqiyyəti əngəlləyən səbəblərdəndir:

“Dərs qiymətləri neçə olur-olsun, valideyn reaksiyasını kəskin formada göstərməməlidir. Bu halda uşaq gələcək addımlarında da valideyndən reaksiya gözləyəcək. Bu da onun asılı hala düşməsinə səbəb olacaq. Şagird müəllimindən asılı olmalı, valideyndən isə dəstək almalıdır. İstənilən halda valideyn, müəllim, məktəb psixoloqu birlikdə çalışmalıdır. Tam sağlam olan uşağın dərslərində müvəffəqiyyətli olmaması üçün heç bir səbəbi yoxdur. Düzgün qiymətləndirmə sistemi və davranışla uğur əldə etmək mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir