“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı karyerası ərzində “Neftçi”, “Muğan”, “Turan”, “Xəzər Lənkəran”, “Rəvan” və AZAL kimi klubların formasını geymiş, hazırda isə “Zirə”nin uğurları üçün çalışan Kamal Bayramovdur.
– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə olmuşdu?
-Əlbəttə, hər şey Allahın istəyi ilə baş tutur. Bu öz yerində, amma mənim futbolçu olmağımda böyük qardaşımın böyük əməyi var. Əvvəl qardaşım futbola gedirdi. Məni stend atıcılığından futbola da məhz qardaşım yönəltdi. Daha sonra qardaşım başqa sahəyə yönəlsə də, mən futbolla məşğul olmağa davam etdim. Bu yolda valideynlərim də mənə həm maddi, həm də mənəvi cəhətdən dəstək oldular. Peşəkar futbolçu olmağımda onların da rolu az olmayıb. Yeri gəlmişkən, deyim ki, atamla anam mütamadi olaraq mənim oyunlarımı izləyirlər. Ən əsası da onlar mənimlə meydanda etdiyim səhvləri də müzakirə edirlər.
-Sizdən yaşca kiçik olan qardaşınız da sizin kimi qapıçı idi. Onun futbola gəlişində sizin rolunuz olmuşdumu?
-Kiçik qardaşım Kənan Bayramovun futbola gəlişində mənim də rolum var idi. Ancaq təəssüf ki, onun futbolçu karyerası uzun çəkmədi. Aldığı zədələr karyerasını erkən bitirməsinə səbəb oldu. Hazırda “Ağsu”da qapıçı məşqçisi kimi çalışır. Onu da deyim ki, kiçik qardaşım ailəmizin döyünən ürəyidir.
-Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
– Yəqin ki, fərdi idman növlərindən birini seçərdim.
– Ailə qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi?
– Yox, əksinə həyat yoldaşım həmin vaxt mənə xeyli dəstək olmuşdu. O dövrdə mən futboldan kənarda idim və ailəmin dəstəyi nəticəsində yenidən böyük futbola qayıtdım. Mənə olan inamdan güc alırdım və bu etimadı doğrultmaq üçün çətin dönəmdən keçməli oldum.
– Maraqlıdır, futboldan niyə uzaqlaşmışdınız?
– Açığı, çox uzun hekayədir. Köhnə yaraları tərpətmək istəməzdim.
-Ailənizlə futbol arasında qalaaydınız, hansını seçərdiniz?
-Mənim üçün ailəm hər şeydən önəmli və dəyərlidir.
-Futbolçular həmişə gündəmdə olan insanlardı. Bu səbəbdən həyat yoldaşınızdan qısqanclıq hiss edirsinizmi?
-Yox, mən ailəmə sadiq bir adamam və bu səbəbdən həyatımda belə bir şey olması mümkün deyil.
-Övladlarınızın futbolçu olmasını istərdinizmi?
–İstərdim, amma onların öz istəklərinə diqqət yetirəcəm. Mən övladlarımla dost olmaq istəyirəm. Onların istəklərinin əksinə bir şey etməyi düşünmürəm, çünki həyatdakı ən önəmli varlığım məhz onlardır.
-Futbolçular adətən evdən kənarda daha çox olur. Belə məqamlarda ən çox hansı çətinliklərlə üzləşirsiniz?
– Övladlarımla telefonla danışanda keçirdiyim hisslər sözlə deyiləsi deyil.
-Karyeranızın geridə qalan hissəsində ən çox hansı məqama görə məyus olursunuz?
– Bayaq dediyim kimi, elə alındı ki, bir müddət futboldan uzaqda qaldım. Həmin 5 il ərzində futboldan kənarda qaldığım üçün məyusam, amma ən əsası odur ki, sonda hər şey yaxşı qurtardı və yenidən yaşıl meydana qayıtdım.
Söhbətləşdi: Tural Məmmədov